Deputatlardan təklif: Elm adamlarının məvacibi, əlillərin müavinəti artırılsın

“Xarici valyutada olan kreditlərlə bağlı prezidentə müraciət etmişik”

Source:
Milli Məclis
Milli Məclis


“Xarici valyutada olan kreditlərlə bağlı prezidentə müraciət etmişik”

“Azərbaycanda artıq adambaşına düşən xarici dövlət borcu min dollara yaxınlaşır. Bu da ümumi daxili məhsulun təxminən 22 faizini təşkil edir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. O bildirib ki, bunu elə də böyük məbləğ hesab etmək olmaz: “Elə dövlətlər var ki, onların dövlət borcu bir büdcəyə bərabərdir. Burada əsas məqam həmin borcların dövlət büdcəsi hesabına ödənilməsidir. Hesab edirəm ki, Maliyyə Nazirliyi bu məsələ ilə bağlı daha sərt mövqe tutmalıdır. Vəsaiti götürən təşkilatlar, agentliklər, səhmdar cəmiyyətlər vaxtında götürdükləri vəsaiti geri qaytarmalıdırlar”.

Vahid Əhmədov Konstitusiya Məhkəməsinin bu yaxınlarda dollarla olan kreditlərlə bağlı qəbul etdiyi qərara toxunub. Məhkəmənin verdiyi qərara görə, vətəndaşlar krediti götürdükləri valyuta ilə ödəməlidirlər. Deputat vurğulayıb ki, bu qərarı, ümumiyyətlə, qəbul etmir və həmkarı Əli Məsimli ilə birlikdə prezidentə müraciət edərək, bank sistemində olan vəziyyəti düzəltməklə bağlı müəyyən təkliflər veriblər: “Təkliflərə cənab prezident tərəfindən də imza atılaraq göndərilmişdi. Amma sonradan Konstitusiya Məhkəməsi belə bir qərar qəbul etdi. Hazırda isə vaxtı keçmiş kreditlərlə bağlı məsələ daha da kritik vəziyyətə gəlib çıxıb. Maliyyə Bazarlarına Nəzarət Palatası bank sistemi ilə bağlı məsələni nəzarətə götürsə də, müəyyən işlər görsə də, ciddi dəyişikliklər edilməlidir”.

Vahid Əhmədov
Vahid Əhmədov

Vahid Əhmədov deyib ki, milli valyutanın gələn il və ondan sonrakı 3 il ərzində dollara qarşı kursu 1.70 manat səviyyəsində müəyyən olunub:

“Gələn ilin büdcəsində inflyasiyanın 3,8 faiz olacağı göstərilir. Bunun fonunda Azərbaycanda qiymət dəyişilməməlidir. Amma gəlin görək, nə baş verir?

Azərbaycan bazarında qiymətlər böyük sürətlə inkişaf edir. İstər ərzağın, istərsə də dərmanın qiyməti bahalaşıb. Bu göstərilən xətlə mütənasib deyil”.

Vahid Əhmədov Vergilər Məcəlləsinə təklif edilən dəyişikliyi müsbət dəyərləndirərək bildirib ki, indiyədək sahibkar və fəhlə 40 faizə qədər vergi ödəyirdi”.

Nəyə görə mediamızı əlavə yükdən qurtarmayaq?

Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov çap məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsini təklif edib. O bildirib ki, verginin götürülməsi bu sahənin daha da inkişaf etməsinə səbəb olacaq: “Biz nəyə görə mediamızı əlavə yükdən qurtarmayaq? Bir halda ki, ƏDV-nin tətbiqindən dövlət büdcəsinə elə də böyük vəsait daxil olmur. Təqribən yarım milyon manat. Hazır çap məhsullarını da götürək. Bunların əsas qismi ölkəmizə kənardan gəlir. Nəyə görə onların qiyməti baha olmalıdır? Biz cəmiyyətin maariflənməsini, qabaqcıl elmi biliklərə yiyələnməsini istəməliyik. Axı müasir dünyada bu yolun alternativi yoxdur”.

Şura sədri təhsil sahəsinə ayrılan maliyyənin artırılmasını təklif edib.

Xəstəxanalar, idman kompleksləri sahibkarlara icarəyə verilməlidir

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, yeni tikilən xəstəxanaların, idman komplekslərinin sahibkarlara icarəyə verilməsini təklif edib. O vurğulayıb ki, bununla da dövlət büdcəsindən onlara ayrılan maliyyə azaldıla bilər və həmin rayonlara sərmayələrə gətirə bilər.

Deputat qeyd edib ki, Azərbaycanda bir sıra rayonlar artıq özləri öz büdcəsini təmin edirlər və o rayonları həvəsləndirmək lazımdır. Onun sözlərinə görə, bəzi strukturlar haqqında qərarlar qəbul edilib ki, cərimələr toplayırsa, onun 50 faizi həmin təşkilatların hesabına keçir: “Hesab edirəm ki, əgər rayon öz büdcəsini təmin edirsə, bir az da artıq toplayırsa, ondan da müəyyən faiz rayonun büdcəsində qalsın, sosial xərclərə sərf etsin. Bu, çox vacib olan bir məsələdir. Bizim iri şəhərlərimizin əksəriyyəti öz büdcəsi ilə özün təmin edə bilsə, dövlət büdcəsinə yüngüllük gətirər”.

11 min manatlıq yardım hər bir şəhid ailəsinə verilməlidir

Deputat Qüdrət Həsənquliyev şəhid ailələrinə 11 manat məbləğində birdəfəlik yardımla bağlı yaranmış problemdən danışıb. O qeyd edib ki, bu məbləğ əvvəllər sığorta pulu almalarından asılı olmayaraq, hər bir şəhid ailəsinə verilməlidir:

“2019-cu ilin dövlət büdcəsindən şəhid ailələri və Qarabağ əlilləri üçün mənzil tikintisinə dövlət büdcəsindən 45,5 milyon manat, qaçqınlar və məcburi köçkünlər üçün mənzil tikintisinə görə 200 milyon manat vəsait ayrılıb. Təqribən bunların ikisinin cəmi qədər – 244,4 milyon manat təkcə idman obyektlərinin tikintisinə ayrılıb. Hökumət üçün prioritet nədir? Uzun illər mənzil növbəsində dayanan insanlar, yoxsa yeni idman obyektlərinin tikintisi? Hesab edirəm ki, burada müəyyən ixtisarlar aparılmalıdır. Bu vəsaitlər 2-3 dəfə artırılmalıdır ki, biz bu insanları mənzillərlə təmin edə bilək”.

Deputat təklif edib ki, pensiyanın həddi ən azı orta aylıq əməkhaqqının 60 faizinə qədər qaldırılsın: “Mən keçən dəfə təklif etdim , pensiyanın həddi ən azı orta aylıq əməkhaqqının 80 faizi qədər olsun, hörmətli Samir Şərifov isə söylədi ki, dünyada, bu, 60 faizdir. Yaxşı, onda 60 faiz həddinə çatdıraq. Ona görə ki, artıq 241 manat pensiya həddindən azdır”.

Mövcud məvaciblər hələ də elmin inkişafını təmin edəcək səviyyədə deyil

Deputat Gövhər Baxşəliyeva isə deyib ki, Azərbaycan elminin əsas problemi alimlərin məvaciblərinin aşağı olmasıdır. “Akdemiyanın digər əməkdaşlarının məvacibləri günün tələblərinə uyğun deyil. Mövcud məvaciblər hələ də elmin inkişafını təmin edəcək səviyyədə deyil. Belə vəziyyətdə elmdə inkişafa nail olmaq çətin bir məsələdir. Maddi problemlər elmdə yeniləşməyə, varislik ənənələrinin qorunmasına da ciddi əngəl törədir. Mövcud maliyyə təminatı gənclərin elmə gəlişinə stimul yaratmır. Bir vaxtlar AMEA institutlarına can atan ali məktəb məzunları indi başqa, daha gəlirli sahələrə üz tuturlar. Nəsillər arasında əlaqənin qırılması isə elm üçün böyük təhlükədir”.

Özəl bankların özbaşınalıq etməsinə şərait yaratmaq olmaz

Deputat Musa Qasımlı deyib ki, Azərbaycanda mövcud olan banklar vətəndaşlarla dövlət arasında uçurum, sosial gərginlik yaradan və siyasi hakimiyyəti təhdid edən ünsür halına gəlib: “Bu banklar dövlətin qanunu ilə yaranıb və fəaliyyət göstərir. Hökumət bu sahədə qəti tədbirlər görməlidir. Bir çox özəl bankın özbaşınalıq etməsinə şərait yaratmaq olmaz. Bunun çox ağır nəticələri ola bilər”.

Musa Qasımlı şəhid ailələri ilə bağlı məsələyə də toxunaraq deyib ki, bu, sadəcə, maliyyə məsələsi deyil, dövlətçilik, milli-mənəviyyat məsələsidir: “Bu məsələlərdə gərginlik yaratmağa ehtiyac yoxdur. Dövlət bu problemi həll etməlidir”.

Vətəndaşların özünəməşğulluq proqramının təşviq edilməsinə geniş yer verilməsinin vacibliyini vurğulayan M.Qasımlı qeyd edib ki, belə olan halda, vətəndaş həm özünü təmin edəcək, həm də bazara məhsul çıxaracaq, sosial gərginlik olmayacaq”.

İnsulin vəsaitlərinə yenidən baxılmasını təklif edirəm

Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev səhiyyə sahəsinə 1 milyard 48 milyon, şəkərli diabet və digər xəstəliklərin profilaktikası üçün 15 miyon manat əlavə vəsait ayrılması müsbət qiymətləndirib. O, insulin vəsaitlərinə yenidən baxılmasını təklif edib: “1990-cı illərdən indiyə qədər qəbul olunmuş normativlərə görə bir xəstənin müalicəsi üçün 40 faiz insulin nəzərdə tutulub. Dünya Səhiyyə Təşkilatı bir xəstənin müalicəsi üçün insulini 60-dan 80 faizə qaldırıb. Biz də normadan 2 dəfə çox insulin istifadə etməliyik. Buna görə düşünürəm ki, gələn ilin büdcəsində də buna diqqət yetiriləcək. Bir çox ölkə analoq insulinlərdən istifadə edir. Bizdə uzun müddətdir ki, insan insulinlərindən istifadə olunur. Bu, o qədər də effektiv olmur. Biz bunu gələcəkdə də nəzərdən keçirməliyik”.

Əlillərin müavinət və təqaüdləri artırılmalıdır

Deputat Qənirə Paşayeva 1-ci qrup əlillərin üzləşdiyi problemlər, çətinliklər barədə danışaraq hökuməti 1-ci qrup əlillərə verilən müavinətlərin və təqaüdün artırılmasına çağırıb. O, bu kateqoriyadan olan insanlara verilən müavinət və təqaüdün qaldırılmasını təklif edib.

Deputat həmçini fiziki imkanları məhdud on cəkkiz yaşına çatmayan əlil uşaqların aldığı müavinətin də aşağı olduğunu deyib.

Q.Paşayeva ali təhsil məktəblərinə ödənişli əsaslarla daxil olan 1-ci kurs tələbələrindən illik təhsil haqqının öncədən tamamilə ödənilməsinin tələb edilməsinin doğru olmadığını deyib. O vurğulayıb ki, bu, ailəsinin maddi vəziyyəti çətin olan bəzi tələbələrin öz təhsilindən imtina etməsinə səbəb olduğu üçün hissə-hissə ödənilməsinə şərait yaradılmalıdır:

“Bu problem xüsusilə kənd rayonlarında çox ciddidir, ona görə də təhsil kreditləri məsələsi bütün ali məktəbləri əhatə edəcək şəkildə ciddi genişlənməlidir”.

Gənclərin və gənc ailələrin mənzil probleminə toxunan deputat qeyd edib ki, müəllimlərin mənzil problemlərini həll edə bilmək üçün güzəştli ipotekadan və sosial evlər layihəsindən istifadə edə bilməsi çox vacib məsələdir:

“Orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması əsas gətirilir və onların əksəriyyəti bu sistemdən yararlana bilmirlər. Ona görə də orta məktəb müəllimlərinin sosial ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var və hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırırıq. Müəllimlərin də ipotekadan güzəştli yararlanan kateqoriyaya daxil edilməsi və sosial evlər layihəsindən yararlana bilməsi çox vacibdir”.

Qənirə Paşayeva 2019-cu il büdcəsində icbari tibbi sığortanın tətbiqinə ayrılan vəsaitin artırılmasını da təklif edb.

Büdcə müzakirələri noyabrın 14-də davam edəcək.

2019-cu ilin büdcə zərfinə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, Milli Məclisin 2019-cu il üçün xərclər smetası, Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası, “İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihələri daxildir.

Ana səhifəXəbərlərDeputatlardan təklif: Elm adamlarının məvacibi, əlillərin müavinəti artırılsın