Deputatlar Ümumdünya Azərbaycanlıları Konqresinin ləğvi ilə bağlı müraciətə etiraz etdi

Oqtay Əsədov: ”İmkan verməyək ki, pis qüvvələr yaxşı qüvvələrə qalib gəlsin”

Source:


Oqtay Əsədov: ”İmkan verməyək ki, pis qüvvələr yaxşı qüvvələrə qalib gəlsin”

Aprelin 7-də Milli Məclisinin növbəti plenar iclasında cari məsələlərin müzakirəsi zamanı deputatlar Ümummrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv olunması ilə bağlı Rusiyanın Ədliyyə Nazirliyinin Ali Məhkəməyə müraciət etməsi məsələsinə münasibət bildiriblər. Müraciət Milli Məclisdə etirazla qarşılanıb.

“Kiçik bir məsələ ilə bağlı iki ölkənin əhalisi arasında narazılıq yaratmaq düzgün deyil”

Deputat Siyavuş Novruzov bu məsələni Rusiya ilə Azərbaycan arasında münasibətlərə ciddi xələl gətirmək istəyən qüvvələrin təhriki kimi qiymətləndirib. O deyib ki, Azərbaycanda 300-dən çox rusdilli məktəb, o cümlədən Rusiya ali təhsil müəssisələrinin filiallar fəaliyyət göstərir. Rusiyadakı konqresin bu ölkədəki azərbaycanlıları birləşdirən böyük təşkilat olduğunu deyən deputat təşkilatın aktiv fəaliyyət göstərdiyini vurğulayıb.

Siyavuş Novruzov Meydan TV

S.Novruzov  Milli Məclisdəki dostluq qrupunun parlament adından məsələ ilə bağlı müraciət hazırlamasını da təklif edib: “Bu məsələ iki ölkə vətəndaşları arasında narazılığa səbəb olur. Düşünürəm ki, parlamentin dostluq qrupu bununla bağlı addım atmalıdır. Kiçik bir məsələ ilə bağlı iki ölkənin əhalisi arasında narazılıq yaratmaq düzgün deyil”.

“Ümid edirəm ki, bu məsələ Rusiya elitasına çatacaq və həll olunacaq”

Deputat Zahid Oruc isə bildirib ki, Azərbaycan Ermənistan istisna olmaqla bütün qonşularla yüksək səviyyədə müttəfiqlik münasibətindədir:

“Rusiya ilə həmişə münasibətlərə böyük diqqət veririk. Ona görə də konqresimizin ləğvi barədə qərar həm iki dövlət, həm də iki dövlətin vətəndaşları arasında narazılıq yaradır. ÜAK-ın qeydiyyatı ilə bağlı müraciət iki dövlət arasındakı strateji münasibətlərə uyğun deyil. Ümid edirəm ki, bu məsələ Rusiya elitasına çatacaq və həll olunacaq”.

“Əminəm ki, burada da erməni izi var”

Deputat Elmira Axundova da ÜAK-ın güclü təşkilat olduğunu, bölgələrdə 74 şöbəsinin fəaliyyət göstərdiyini, üstəlik, yüzlərlə xeyriyyəçilik işlərini həyata keçirdiyini bildirib:

Elmira Axundova foto sosial şəbəkə

“Guya sənədlərdə texniki problem olub. Amma səbəb başqadır. Rusiyada yüzlərlə erməni təşkilatı var. Buyaxınlarda Rusiyada “Bolşaya Armeniya”, “Novo Naxiçevanskie” təşkilatları peyda olub. Bütün bu qanunsuz əməllərə nədənsə Rusiyanın müvafiq orqanları göz yumur. Əminəm ki, burada da erməni izi var”.

“Rusiya XİN-lə əlaqə saxladıq”

Azərbaycandakı rus icmasının rəhbəri, deputat Mixail Zabelin rus dilində çıxış edərək bildirib ki, bu məsələ Azərbaycandakı rus diasporu olaraq onları da narahat edir. O, ÜAK-ın Rusiyadakı normal fəaliyyətindən bəhs edərək bildirib ki, Azərbaycanda rus mədəniyyətinin, rus dilinin inkişafına xüsusi diqqət yetirildiyi halda, ÜAK-ın qeydiyyatının ləğvi yolverilməzdir.

Bu addımın Rusiya və Azərbaycan arasındakı münasibətləri korlamağa xidmət etdiyini deyən deputat vurğulayıb ki, Rusiya XİN, Rusiya səfirliyi və digər qurumlarla əlaqə saxlayaraq, bununla bağlı narahatlığını ifadə edib:

“Mən əminəm ki, Rusiyanın Ədliyyə Nazirliyinin müraciəti məhkəmədə qəbul olunmayacaq və ÜAK fəaliyyətini davam etdirəcək”.

Mixail Zabelin foto sosial şəbəkə

Spiker O.Əsədov da rus dilində ona cavab verərək, buna inandığını bildirib. Milli Məclisin sədri əlavə edib ki, söhbət Rusiaydakı ən böyük icma ilə bağlı narahatlıqdan gedir, ona görə də bu istiqamətdə işləri davam etdirmək lazımdır:

“Cənab Zabelin, siz məktubla Rusiya Ədliyyə Nazirliyinə müraciət edin və bunu onlara bildirin. İmkan verməyək ki, pis qüvvələr yaxşı qüvvələrə qalib gəlsin”.

M. Zabelin isə xatırladıb ki, artıq müraciət hazırlanıb və  göndərilib. O, əmin olduğunu bildirib ki, bu, nəzərə alınacaq.

“ÜAK Heydər Əliyevlə Vladimir Putinin təşəbbüsü ilə yaranıb”

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, son illər Rusiya-Azərbaycan münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəlib.

ÜAK-ın eks-prezident Heydər Əliyev və Rusiya prezdenti Vladimir Putinin təşəbbüsü ilə yaradıldığını deyən deputat vurğulayıb ki, bu qurum Azərbaycanla yanaşı, Rusiyanın dövlət maraqlarını ifadə edib:

“Bizim əməkdaşlıq səmimi xarakter daşıyır. Məhz bu baxımdan konqresin fəaliyyəti ilə bağlı Ədliyyə Nazirliyinin müraciəti təəccüb doğurmaqla yanaşı, həm də təxibat olması ilə bağlı fikir yaradır”.

Ə.Hüseynli bildirib ki, qeydiyyatla bağlı ÜAK-a müraciət edilib, sonuncü müraciət ötən ilin oktyabr ayında olub:

Əli Hüseynov foto sosial şəbəkə

“Lakin konqresin ötən ilin dekabrında qurultayı keçirilib. Həmin ayda konqreslə bağlı yeni sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub. Buna baxmayaraq, Rusiyanın Ədliyyə Nazirliyi birliyin vahid dövlət reyesterindən çıxarılması ilə bağlı mart ayında Ali Məhkəməyə müraciət edib. Rusiya qanunvericiliyi belə vəziyyətdə bir neçə tədbirləri özundə ehtiva edir. Burada cərimə, eləcə də sənədlərin qaydaya salınması kimi qərarlar qəbul edilə bilərdi. Lakin onlar son addımı, məhz konqresin ləğvini seçiblər”.

Komitə sədri Rusiya qanunvericliyinə bir daha baxmağı təklif edib:

“Bizim qanunvericiliyimizdə də belə hallar var. Axtarsaq, Rusiya icmasının sənədləri ilə bağlı müəyyən məsələlərin olduğunu görərik. Lakin onun ləğvi ilə bağlı heç zaman məsələ qaldırılmayıb. Bu məsələ çox ciddidir və ölkələr arasında siyasi münasibətlərdə mühüm rola malikdir. Dostluq qrupu Ədliyyə Nazirliyi və Rusiya İnzibati Məhkəsinə müraciət ünvanlayacaq”.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev də ÜAK-ın Rusiya-Azərbaycan dostluğunun simvoluna çevrildiyini deyib. O bildirib ki, Rusiya Prezidenti Yanında İctimai Palataya məktub hazırlayıblar və onların öz nüfuzundan istifadə edib Ali Məhkəmənin doğru qərar qəbul etməsinə öz töhfəsini verəcəyinə inanırlar.

Ana səhifəXəbərlərDeputatlar Ümumdünya Azərbaycanlıları Konqresinin ləğvi ilə bağlı müraciətə etiraz etdi