Milli Məclis üçün 24 milyon manatdan çox pul ayrılacaq
Milli Məclisdə 2018-ci ilin büdcə zərfinə daxil olan layihələrin müzakirəsi davam etdirilib.
Parlamentin saxlanılması üçün büdcə barədə məlumat verən Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev deyib ki, 2018-ci il dövlət büdcəsində Milli Məclis və onun aparatının saxlanması üçün 24 mln. 232 min 55 manat vəsait nəzərdə tutulub. O qeyd edib ki, xərclər smetası, ştat cədvəlləri, inzibati binaların, mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanan müqavilələr və proqnozlar əsasında tərtib edilib”.
F.Hacıyev əlavə edib ki, xərclər smetasının ümumi dəyərinin 68,8%-ni əməkhaqqı fondu və əməkhaqqına olan əlavələr təşkil edir:
“Son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xaricə səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrin sayı xeyli artıb. Bununla bağlı, 2018-ci ilin xərclər smetasında göstərilən bəzi maddələr üzrə vəsaitin çatışmamasını nəzərə alaraq xarici ezamiyyə xərcləri 200 min manat, digər alış və xidmətlər yarımmadəsinə 300 min manat, mətbəə xərcləri paraqrafına 50 min manat, avadanlıqların alınması yarımmadəsinə 100 min manat, icarə və muzdlu xidmətlər paraqrafına 200 min manat, o cümlədən Milli Məclisin avtoparkının yaxşılaşdırılması məqsədi ilə yeni avtomaşınların alınmasına və göstərilən maddələr üzrə cəmi 1 milyon 200 min manat vəsaitin ayrılmasını sizdən xahiş edirəm”.
Prezident Administrasiyasının saxlanılmasına Milli Məclisdən dörd dəfə artıq vəsait ayrılıb
Müzakirədə çıxış edən deputatlar büdcədən parlamentə ayrılan vəsaitin azlığından şikayətləniblər.
Deputat Qüdrət Həsənquliyev bildirib ki, parlamentdə 125 deputat var, onlar xarici ölkələrdə təşkilatlarda təmsil olunur. Deputat qeyd edib ki, buna baxmayaraq, Prezident Administrasiyasının saxlanılmasına Milli Məclisdən dörd dəfə artıq vəsait ayrılıb: “Milli Məclis hakimiyyətin müstəqil qoludur. İndi bilmək istəyirəm ki, fərq nə ilə bağlıdır? Onlar daha çox ezamiyyətə gedir, yoxsa necə? Bu qədər fərq çox təəccüblüdür”.
Deputat Zahid Oruc da parlamentə ayrılan vəsaitin azlığından şikayət edib. O qeyd edib ki, parlamentin iclas zalında avadanlıqların yeni texnologiyalarla əvəzlənməsi üçün maliyyə ayrılması lazımdır:
“Nazirlər Kabinetinin, Prezident Administrasiyasının sürücüləri Milli Məclisin sürücülərindən çox maaş alır. Xahiş edirəm bizim sürücülər də nəzərə alınsın. Bu fərq aradan qaldırılsın”.
Ezamiyyə xərclərinə əlavələr olunmalıdır
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov da ezamiyyə pullarının artırılmasını təklif edib:
“Ezamiyyə üçün ayrılan pullar Milli Məclisin deputatların müəyyən tədbirlərdə iştirakı üçündür. Amma bu tədbirlərin dəqiq sayını demək mümkün deyil. Plansız o qədər tədbirlər olur ki. Ona görə də ezamiyyə xərclərinə əlavələr olunmalıdır. Bu vəsait istifadə olunmasa, geri qaytarılacaq. Beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə qərarlar qəbul edirlər.
Elə Avropa Şurasının özündə də geriyə dönüş başlayıb. Bizim deputatlarımız ora səfər etməli, müəyyən tədbirlərdə iştirak etməlidirlər. Bunun üçün də vəsait tələb olunur. Milli Məclisinin dünyanın bir çox ölkəsi ilə dostluq qrupları var və onlar yaxşı işləyirlər. Əsas meyar onların gedib-gəlməsi və əlaqə qurmalarıdır”.
S.Novruzov hesab edir ki, dostluq qruplarının Azərbaycana dəvət olunması mühüm məsələdir.
“Bu sahəyə müəyyən qədər vəsait ayrılsa, yaxşı olar. Bundan əlavə, Azərbaycan həqiqətlərinin dünyaya çatıdırıması üçün də müvafiq tədbirlər keçirilməlidir. Türkiyədə, Rusiyada olur ki, iş adamları da dəstək göstərir. Amma Avropanın elə ölkələri var ki, orada üç nəfər azərbaycanlı iş adamı yoxdur. Bu məsələyə diqqət ayırılsa, yaxşı olar. Həmçinin kitabların çap olunmasını və tərcümə olunmasını da Milli məclis diqqətdə saxlamlıdır”.
Spiker: “Siz nə vaxt Milli Məclisdə seçicilərinizi qəbul etmisiniz?”
Deputat Aytən Mustafayevanın parlamentin binasında əlillər üçün pandusların və xüsusi liftlərin quraşdırılması təklifi Milli Məclisin sədri Oqtay Əsədovun reaksiyasına səbəb olub. Spiker vurğulayıb ki, parlamentin yeni tikilən binasında hamı, o cümlədən əlillər üçün bütün şərait yaradılıb, panduslar da quraşdırılıb.
“Siz Milli Məclisin 2012-ci ildə təmir olunan binasına nə vaxt daxil olmusunuz? Nə vaxt burada seçicilərinizi qəbul etmisiniz? Burada əlillər üçün pandus var. Həmçinin lift də fəaliyyət göstərir”.
Deputatların təklifləri ilə bağlı spiker deyib ki, Oqtay Əsədov deyib ki, 2017-ci ildə xarici ezamiyyət üçün vəsait az olsa da, beynəlxalq tədbirlərdə Milli Məclis layiqincə təmsil olunub:
“Həmkarlarımdan biri dedi ki, qonaqların layiqincə qarşılanıb yola salınması üçün əlavə vəsait lazımdır. Amma Azərbaycanda hələ indiyə qədər Milli Məclis tərəfindən hansısa qonağın layiqincə qəbul olunmaması halı olmayıb. Maliyyə Nazirliyi ilə heç bir problem yoxdur”.
Parlament sədri bildirib ki, 2018-ci ildə Milli Məclis ev sahibliyi ilə iki beynəlxalq tədbir keçirəcək: “Gələn il Parlament İttifaqı Gənclərinin toplantısı və ATƏT xətti ilə İpək Yolu dəstək proqramı üzrə 30 ölkənin iştirakı ilə tədbir keçiriləcək. Bunlar büdcədə nəzərdə tutulmasa da, əlavə tədbir kimi olacaq”.
Maliyyə naziri Samir Şərifov da bildirib ki, deputatların təklifləri hökumətə çatdırılacaq: “Bizə ayrılan müddət ərzində təkliflər təqdim olunacaq və dəyərləndiriləcək”.
Büdcə zərfinə daxil olan digər məsələlərin müzakirəsi davam edir.