Deputatlar bir-birini tənqid etdi

Araz Əlizadə: “Xalqda xof yaratmaq istəyirlər ki, Azərbaycan lazım gələndə öz torpaqlarını işğaldan azad etməsin”

Source:


Qüdrət Həsənquliyev: “Araz Əlizadə bu yolla keçmişini unutdurmaq istəyir”

“Belə bir fikirlər səsləndirilir ki, Azərbaycan Ermənistanın öhdəsindən gələ bilmir. Bizim torpaqlarımız işğal edən ölkə Rusiyadır. Biz nə qədər hərbi potensialımızı artırsaq da, Rusiya Ermənistana hərbi dəstək verdiyi halda bizim torpaqlarımız işğaldan azad edilə bilməz. Hətta ola bilər ki, bu ölkələrin əlbirliyi ilə bizim yeni ərazilərimiz də işğal olunsun”.

Bunu Milli Məclisin payız sessiyasının ilk iclasında deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətləri istismar edir, həmçinin o ərazilərdə xarici şirkətlərin sayı artır. Hesab edirəm ki, biz bununla bağlı qanun qəbul etməliyik. Bundan sonra da həmin şirkətlər haqqından qanuna uyğun olaraq qərarlar qəbul edilməlidir”.

Deputat Araz Əlizadə isə həmkarı Qüdrət Həsənquliyevin çıxışına cavab olaraq deyib ki, Qərbdə bəzi dairələr uzun müddətdir Azərbaycan xalqında xof yaratmaq üçün külli miqdarda vəsait ayırırlar.

 “Bu qorxunun yaradılmasında məqsəd ondan ibarətdir ki, Azərbaycan lazım gələndə öz torpaqlarını işğaldan azad etməsin. Bu, o deməkdir ki, “bax müharibə etsəniz, sizi daha dəhşətli vəziyyət gözləyə bilər, əlavə torpaqlarınız işğal oluna bilər””.

Deputat vurğulayıb ki, Q.Həsənquliyev prezidentliyə namizəd kimi debatlar qatılanda da belə fikir səsləndirib:

“Mən bunu bir seçkiqabağı təbliğat metodu kimi qəbul edirdim. Lakin Həsənquliyevin bu gün də Azərbaycan xalqında qorxu yaratması istiqamətində səsləndirdiyi fikir onun bir mövqeyinə çevrilib. Azərbaycan prezidenti bəyan edib ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkməyəcəyi təqdirdə torpaqlarımız hərbi yolla işğaldan azad olunacaq. Azərbaycanın müzəffər ordusu var. Digər tərəfdən, BMT və beynəlxalq hüquq Azərbaycana öz torpaqlarını güc yolu ilə azad etməyə imkan verir.

Ermənistan işğalçılıqdan əl çəkməzsə, müharibə yolu ilə torpaqlarımızı işğaldan azad edəcəyik. Güc və beynəlxalq hüquq tərəfimizdə olduğu halda, Həsənquliyev Azərbaycan xalqında qorxu yaradaraq, Rusiya ilə danışıqlar aparmağı təklif edir. Xalqda ruh düşkünlüyü yaradır. Hesab edirəm ki, buna yol vermək olmaz. Onsuz da bəzi QHT-lər xalqda qorxu yaratmaq üçün öz fəaliyyətlərini davam etdirir. Bu prosesə siyasilərin, deputatların qatılması yaxşı deyil. Buna imkan vermək olmaz”.

Buna reaksiya verən spiker Oqtay Əsədov deyib ki, heç kim burada ruh düşkünlüyü yaratmır:

“Mən burada debat açmaq istəmirəm. Azərbaycan prezidenti müstəqil siyasət yürüdür və kimsə onu bu yoldan çəkindirə bilməz. Mən bu söhbətləri xırdalamaq, belə məsələləri qabartmaq istəmirəm”.

Qüdrət Həsənquliyev bildirib ki, Araz Əlizadəyə bu yolla keçmişini unutdurmaq istəyir:

“Arazı qıcıqlandıran guya mənim xalqda ruh düşkünlüyü yaratmaq barədə səsləndirdiyim fikirlər deyil. Onu qıcıqlandıran Azərbaycan-Türkiyə arasında yaranan hərbi ittifaqdır, o, bunu 15 sentyabrdakı hərbi parada mövqeyini açıqlayarkən də ortaya qoyub. Əslində Araz Əlizadə bu yolla keçmişini unutdurmaq istəyir. Lakin o, keçmişinin üstündən xətt çəkə bilməz. Biz onun kim və hansı qüvvələrə bağlı olduğunu bilirik. Bunu hamı bilir”.

Ana səhifəXəbərlərDeputatlar bir-birini tənqid etdi