Qiyas Ənvər oğlu Həsənov Tovuz rayonunun Ağbulaq kənd sakinidir. O, ikinci qrup Qarabağ əlilidir.
Qiyas Həsənov deyir ki, övladı uzun illərdir xəstədir. Şəkər, vərəm kimi xəstəliklər üçün imtiyaz olduğundan dərmanlar da pulsuz verilir. Amma onun övladı bu imtiyazlardan məhrumdur. Döymədiyi qapı, müraciət etmədiyi yer qalmayıb, ancaq övladının da almalı olduğu həmin dərmanları əldə edə bilmir. Elə bu səbəbdən də deputat Rafiq Məmmədhəsənovun qəbuluna gedib: “Tibb Universitetinin yeni binasında qəbul edir. Getdim, qəbulda mənə dedilər ki, görüşmək üçün 50 manat ödəməlisən. Dedim, mən xəstə deyiləm, seçiciyəm. İçəri buraxmadılar. Dedilər, get direktorun yanına, bəlkə, o, kömək edə bilər. Birinci mərtəbədə qapının üzərinə “direktor” yazılmışdı, mən girdim direktorun yanına, vəziyyəti izah etdim. Direktor zəng edib dedi ki, seçiciniz gəlib. Dedi: “Boş vaxtım yoxdu””.
Qiyas Həsənovun sözlərinə görə, bir neçə gün gedib-gəldikdən sonra deputatın qəbuluna düşə bilib: “Əvvəl dedi: “Ərizə ilə müraciət et”. Dedim, şəkər, vərəm xəstələrinin imtiyazı olduğu üçün onlara pulsuz dərman verilir. Mənim oğlum da xəstədir, düz 10 ildir imtiyazdan istifadə edə bilmirik. Mən də dərmanlara pul çatdıra bilmirəm. Hansı kənddən olduğumu soruşdu. Sonra da dedi ki, Ağbulaq kəndi mənim ərazim deyil, ora Qənirə Paşayevanın ərazisidir. Dedim, müəllim, Əsrik, Qoşa, Muncuqlu kimi ərazisidir? Dedi: “Mənim”. Dedim, bəs onda Ağbulaq hardan oldu Qənirə Paşayevanın ərazisi? Heç bir kömək də etmədi, heç yaxşı da qarşılamadı”.
Meydan TV şikayətlə əlaqədar Rafiq Məmmədhəsənovla əlaqə saxlamağa çalışsa da, mümkün olmayıb.