Deputat Ziyad Səmədzadənin adı MTN qalmaqalında hallanır

Z.Səmədzadə. Foto: Report

“Bu pulla bağlı atamla Ziyad Səmədzadənin arası dəymişdi”

Həbsdə olan MTN generalı – Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyev və onun tabeliyində işləmiş üç nəfərin işi üzrə zərərçəkmişlər arasında Prezidentin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsinin keçmiş direktoru İbrahim Zeynalov da var. İş materiallarına əsasən, vaxtilə MTN əməkdaşları İbrahim Zeynalovu həbs edib, onun yaxınlarından 8 milyon dollar alandan sonra onu buraxıblar. Martın 1-də məhkəmədə İbrahim Zeynalovun oğlu bu barədə danışıb.

MTN-in İstintaq Baş İdarəsinin sabiq rəisi, general Mövlam Şıxəliyev, bu idarənin şöbə rəisləri olmuş Yasin Məmmədov və Vüsal Ələkbərov, eləcə də istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin sabiq rəis müavini Sahib Ələkbərovun işinə Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyilə baxılır. Elbəy Allahverdiyev əvvəlki məhkəmə iclasları kimi bu dəfə də sabiq MTN-çilərin açıq məhkəməsinə jurnalistləri buraxmayıb. Meydan TV də əvvəlki məhkəmə iclaslarında olduğu kimi, yenə də məhkəmə zalında baş verənlər haqda ətraflı məlumat əldə edib.

Məhkəmədə şahid Hikmət Şükürov dindirilib. O, zərəçəkmiş Elşən Mədətovdan MTN-də 250 min dollar alınması məsələsilə əlaqədar ifadə verib. Mədətov MTN-də ondan tələb olunan pulu düzəltmək üçün əmlaklarını – restoran və dəyirmanını Hikmət Şükürova satıb. O, məhkəmədə bu haqda ifadə verib. Şahid bildirib ki, 2008-ci ildə əmlaklara görə 120 min pul ödəyib.

Ardınca zərərçəkmiş Hüseyn Səfərov vəsatət qaldıraraq, təqsirləndirilən generalın ailə üzvlərinin də cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib: “Həm istintaq zamanı, həm də məhkəmədə məlum oldu ki, bizdən alınan əmlaklar, pullar Mövlam Şıxəliyevin ailə üzvlərinin adına keçirilib. Onun ailə üzvləri cinayət yolu ilə əldə olunan əmlakların leqallaşdırılmasında, izlərinin itirilməsində birbaşa iştirak ediblər”.

Hüseyn Səfərov vəsatətini yazılı şəkildə məhkəməyə təqdim edib.

Daha sonra zərərçəkmiş – Prezidentin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsinin keçmiş direktoru İbrahim Zeynalovdan 10 milyon dollar tələb edilib, 8 milyon alınması epizodu üzrə dindirmə başlayıb. Onun özü yataq xəstəsi olduğuna görə prosesdə oğlu İlqar Zeynalov nümayəndə qismində təmsil edib. İlqar Zeynalov həm də iş üzrə şahiddir.

Bu epizod üzrə əvvəlcə “Ümid-İ” MMC-nin direktoru Qüdrət Baloğlanov ifadə verib. O bildirib ki, İbrahim Zeynalovun həbsindən sonra Yasin Məmmədov onu ekspert kimi işə cəlb edib: “Yasin Məmmədov tələb edirdi ki, İbrahim Zeynalovun rəhbərlik etdiyi müəssisənin torpaqlarının onun dediyi kimi qiymətləndirim. Mənə 2 qapı göstərdi. Dedi ki, ya MTN-in binasından çıxış qapısına tərəf gedəcəksən, ya da istintaq təcridxanasına tərəf. Məcbur elədi ki, onun istədiyi kimi rəy verim”.

Şahidin sözlərinə görə, sonradan öyrənib ki, Yasin Məmmədov onun adından İbrahim Zeynalovun oğlu İlqar Zeynalovdan 50 min manat rüşvət alıb: “Ona deyib ki, guya həmin 50 mini mənə verib…”

Təqsirləndirilən Yasin Məmmədov isə şahidin dediklərini təkzib edib.

Bu epizod üzrə Məmmədağa Cəfərov, Zabil Cəfərov, Səbuhi Cəfərov, Balabəy Hacıyev, Camal Hacıyev, Rövşən Cəfərov, Ələkbər Cəfərov və Rahil Abbasov da şahid qismində ifadə verib.

Prezidentin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsinin keçmiş direktoru İbrahim Zeynalov 2008-ci ilin dekabrında həbs olunub. Oğlu İlqar Zeynalov ifadəsində bildirib ki, 10-15 gün sonra ona zəng gəlib, telefondakı şəxs özünü MTN-in müstəntiqi kimi təqdim edib. Ondan ertəsi gün səhər saat 10.00-da MTN-də – Yasin Məmmədovun kabinetində olmasını istəyib: “Yasin Məmmədov təxminən yarım saat məni sorğu-sual elədi. Bundan sonra otağına çağırdığı bir nəfər müstəntiqə tapşırdı, o da məni öz iş otağına aparıb dindirdi. Sonra məni sərbəst buraxdılar. 10-15 gün sonra atamın vəkili bir məktub gətirdi. Məktubda “50 min” sözü yazılmışdı. Vəkilin dediyinə görə, bu pul verilməsə, Yasin şirkətdə mühasib işləyən Qüdrəti tutacaqdı. Məktubdakı xətt atamın deyildi deyə, pulu vermədim. 2 gün sonra vəkil mənə daha bir məktub verdi. Həmin məktubda “dediyim şeyə əməl elə” yazılmışdı. Xətt atamın idi. Məktubu alandan az sonra Yasin Məmmədovun telefonundan zəng gəldi. Danışan atam idi, “pulu çatdır” deyib, söndürdü. Onda evin birini satmışdım. O puldan 50 min manat aparıb, Yasinin dediyi yerdə, onun göndərdiyi adama verdim”.

İlqar Zeynalovun sözlərinə görə, 2009-cu ilin mart-aprel aylarında atasının ev dustaqlığına buraxılması üçün 10 milyon pul istənilib. Bu mesajı Mövlam Şıxəliyev Yasin Məmmədov vasitəsilə çatdırıb. Danışıqlardan sonra 8 milyon dollara düşüb. Avtomobillərini, Müxtəlif mənzil və evlərini, restoran və başqa obyektlərini, qızıl-zinət əşyalarını, hətta suvenir qabları da satıblar, qohumlarından, dostlarından borc götürüblər: “Evdə olan ehtiyat pulu da əlavə elədik. 20-30 nəfər ayrı-ayrı qohumlardan borc pullar yığdıq. Pul yenə də düzəlmədi. 2009-cu il iyul ayının sonuna qədər çatışmayan 1 milyon 284 min dolları da yığıb düzəltdik. 8 milyon dolları hazır elədim. Yasin Məmmədova zəng edib xəbər verdim. Yasin dedi ki, “nazik ekran televizor qutuları tap, içinə yığ, gətir, MTN-in arxa qapısından ver”. Elə elədim. Hər birində 1 milyon dollar olmaqla, televizor qutularına toplayıb, apardım. Pulu verəndən sonra – avqustun 2-də atamı buraxdılar. Pulla kifayətlənmədilər. 4 hektar da torpaq sahəmizi götürdülər. Orada Yasin Məmmədov özünə ev tikib. Bir hissəsini də Mövlam Şıxəliyev götürüb”.

Bu dindirmə zamanı təqsirləndirilən general İlqar Zeynalovun dediklərini təkzib etməyib. Lakin o, həmin vəsaitin ona çatmadığını bildirib. Mövlam Şıxəliyev ümumiyyətlə, bu işə aidiyyəti olmadığını bildirib.

“Səni and verirəm Allaha, aç de, o pul kimə çatıb? Mənim pul söhbətindən xəbərim olub?”, – Mövlam Şıxəliyev Yasin Məmmədova üzünü tutub.

Yasin Məmmədov keçmiş rəhbərinə belə cavab verib: “O pullar Ziyad Səmədzadəyə çatıb…”

Bu yerdə hakim Elbəy Allahverdiyev müdaxilə edərək, İlqar Zeynalova dəqiqləşdirici sual verib, deputat Ziyad Səmədzadənin bu işə nə aidiyyəti olduğunu soruşub.

İlqar Zeynalov hakimin sualını belə cavablandırıb:

“Ziyad Səmədzadənin atamla işbirliyi vardı. Onun vasitəsilə bankdan 3 milyon 500 min manat pul kredit götürülmüşdü. Bu pulla bağlı atamla Ziyad Səmədzadənin arası dəymişdi. Bundan sonra atamı tutdular, başımıza oyun açdılar. Bizi müflis elədilər. Qardaşım, bacım, anam rəhmətə getdi. Atamla mən bu gün rayonda vaqonda yaşayırıq…”

Məhkəmə prosesi martın 15-nə qədər təxirə salınıb.

Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir. Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələrilə ittiham olunur.

Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə Cinayət Məcəlləsinin 311.3.1 (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittiham verilib. İstintaq dövrü üçün onların barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.

Zərərçəkmişlər arasında “Texnikabank”ın sahibi Etibar Əliyev, onun oğlu Kəramət Əliyev və digərləri var.

Ana səhifəSiyasətDeputat Ziyad Səmədzadənin adı MTN qalmaqalında hallanır