Azərbaycan və Türkiyə arasında media sahəsində Anlaşma Memorandumu təsdiq edilib
“Həmişə sensasiya axtarmaq bizim medianı gözdən salıb, jurnalistlər mütləq özlərini təkmilləşdirməlidir. Qardaş Türkiyənin bu sahədə olduqca böyük təcrübəsi var”.
Milli Məclisin fevralın 1-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi müzakirəsi zamanı deputat Etibar Əliyev belə deyib.
Sənədə əsasən, media platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır.
Sənədə əsasən, media əlaqələri şəbəkəsinin infrastrukturunun yaradılması media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması, iki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması, beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması, televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi, müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması, peşə təhsili və mübadilə proqramlarının təşkil edilməsi, iki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması üsulları ilə həyata keçiriləcək.
“Dünyada nəyi oxumağı ABŞ-da yerləşən 5 böyük media korporativi müəyyənləşdirir”
Deputat Sahib Alıyev bildirib ki, bu əməkdaşlıq Türkiyə və Azərbaycan arasında hərbi-texniki sahədə olan əməkdaşlıq qədər əhəmiyyətlidir:
“Bunun qlobal və regional müstəvidə təsirləri olacaq. Qlobal informasiya məkanı monopoliya vəziyyətindədir. Dünyada nəyə baxmaq, nəyi oxumaq lazım olduğunu 5 böyük media korporativi müəyyənləşdirir ki, onun da hamısı ABŞ-da yerləşir. Kim fikirləşir ki, ermənilər və hay diasporu revanşist siyasətdən əl çəkəcək, onlar yanılır. Hay diasporu və erməni dövləti bu yöndə fəaliyyətlərini davam etdirəcək. Ən əsası da informasiya savaşında. İnformasiya savaşından ermənilər ancaq kamuflyaj kimi istifadə edir. Bu baxımdan Türkiyə ilə media sahəsində əməkdaşlıq olduqca önəmlidir. Hələ ulu öndər o zaman Süleyman Dəmirəllə birlikdə türk televiziyası yaratmaq ideyasını irəli sürmüşdü. Bu ideya reallaşacaqdı. Ancaq mərkəzi Asiyada olan dövlətlərdəki problemlər bu ideyanın həyata keçməsinə mane oldu. Amma artıq bu ideya başqa formada reallaşır. Bu, həm də ortaq türk dilinin yaranmasına şərait yaradacaq”.
“Ortaq platforma yaradılır, amma televiziyalarımız türk filmlərini tərcümə ilə yayımlayır”
Deputat Hikmət Babaoğlu bildirib ki, ortaq media platforması yaradılırsa, ortaq dil olmalıdır:
“Bu dil süni şəkildə formalaşdırıla bilməz. Ortaq platforma yaradılır, amma bizim televiziyalar türk filmlərini tərcümə edərək yayımlayır. Medianın inkişafı dövlətimizin diqqət mərkəzindədir. Yeni konsepsiya ilə bağlı nizamnamədə əksini tapan məsələlər öz həllini tapmalıdır”.
Deputat Sabir Rüstəmxanlı isə onun fikri ilə razılaşmayıb. O deyib ki, ortaq dil heç bir respublikaya lazım deyil: “Ortaq ünsiyyət dili ola bilər. Amma heç bir respublika öz rəsmi dilindən imtina edib, ortaq dili qəbul etməz. 5-10 ildən sonra bu dillərin yaxınlaşması daha da sürətlənəcək. Artıq evlərdə türk seriallarını hər kəs başa düşür”.
Deputat qeyd edib ki, adları öz dilinə uyğunlaşdırmaq lazım deyil və orijinalda olduğu kimi yazılmalıdır:
“Türkdilli respublikalarda Türkiyə türkcəsi aşağı siniflərdə 3-4 il öyrədilməlidir. Bundan sonra bu respublikalarda yaşayanlar bir-birini başa düşəcək. Türk Şurası bu məsələ ilə məşğul olmalıdır. Ortaq dili süni surətdə yaratmaq olmaz, amma ünsiyyət dili yaradılmalıdır”.
Zahid Oruc: “Ortaq media platformasının əhatə dairəsi KİV-i aşır”
Deputat Zahid Oruc deyib ki, ordular arasında ittifaq nə qədər əhəmiyyətlidirsə, informasiya sahəsində də bu ittifaqın qurulması o dərəcə əhəmiyyətlidir. O, 44 günlük müharibə dövründə Türkiyə mediasının Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında roluna diqqət çəkib: “Hazırkı memorandumun məhək daşlarını 44 günlük müharibə dövründə olan münasibət təşkil edir. Ümidvarıq ki, hər iki ölkənin media qurumları dünyada özlərini daha sistemli təmsil etmək üçün çalışacaq. Ortaq media platformasının əhatə dairəsi KİV-i aşır. Bu mövzuda ortaq filmlər də çəkilməlidir. Memoranduma başqa dövlətlərin təmsilçiləri də qoşula bilər”.
Deputat Qənirə Paşayeva da həmkarının fikirlərini dəstəkləyən çıxış edib.
Azay Quliyev qeyd edib ki, Azərbaycanda MEDİA agentliyinin yaradılması qarşılıqlı əlaqələr baxımdan əhəmiyyətlidir:
“Bu agentlik türkiyəli həmkarları ilə əməkdaşlıq üçün iş planı hazırlamalıdır. Bu gün informasiya savaşında Türkiyənin dəstəyinə daha çox ehtiyacımız var. Bu memorandumun imzalanması bizim üçün tarixi əhəmiyyətlidir”.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” (MEDİA) publik hüquqi şəxs yaradılıb.