Deputat: Rüstəm Muradov sülhməramlı mandatın qaydalarını pozub

O əlavə edib ki, Azərbayan hökuməti ermənilərin təbiətə zərər vurulması ilə bağlı beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb

Source: Specify Source


Əvəz Həsənov: “Tank gətirməyiblər, qrad da yoxdur, yayılan şəkil isə saxtadır”

Noyabrın 10-da Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın Baş nazirinin imzaladığı bəyanatdan sonra sualların sayı hər gün artır.

Bu da bəyanata imza atan tərəfi kimi Rusiyanın fəaliyyətindən irəli gəlir.

Gündəmdə ən çox müzakirə olunan mövzulardan biri də Dağlıq Qarabağ Azərbaycan ərazisi olduğu halda, fərmanların Putin tərəfindən verilməsidir. Sənədlərdə bölgənin Azərbaycan ərazisi kimi qeyd olunmaması da müəyyən suallar doğurur.

Bundan başqa, Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradovun Azərbaycan Baş Prokurorluğunun haqqında cinayət işi açdığı separatçıların rəhbəri Araik Arutunyanla hansı protokola əsasən görüşməsi və son iki gündə Rusiya BTR-lərinin müşayəti ilə erməni qaçqınların Xankəndinə hansı əsasla geri gətirilməsi də diqqət çəkir. Halbuki məlum bəyanatın dördüncü bəndinə görə, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıtmalıdır. Nəhayət, Ermənistan Baş naziri Nikol Paşinyan noyabrın 16-da sosial şəbəkə vasitəsilə çıxışında erməni ordusunun Qarabağda qalacağını deyib.

Milli Məclisin deputatı Elman Məmmədov deyir ki, Nikol Paşinyan 27 sentyabra qədər də bundan sərt bəyanatlar səsləndirirdi:

“Sonu nə oldu, məlumdur. Yəni qarşı tərəf çox iddialarda ola bilər və sərsəmləyər də, amma onların iddiaları indiyə qədər olmayıb, bundan sonra da olmayacaq. İndi şərtləri Azərbaycan dövləti diktə edir. Dağlıq Qarabağ və ətraf rayonlarda da erməni ordusu olmayacaq, çünki Azərbaycan ərazisi olduğundan bizim qanunlar tətbiq ediləcək”.

maxresdefault.jpg
Elman Məmmədov

Elman Məmmədov Rüstəm Muradovun Araik Arutunyanla görüşünü yolverilməz hesab edib:

“Rüstəm Muradov çox böyük səhv edib Araik Arutunyanla görüşüb və bununla Rusiyanın üzərinə götürdüyü sülhməramlı mandatın qaydalarını pozub. Bu, cinayətdir, çünki Araik Arutunyan haqqında cinayət işi açılıb, axtarışa verilib. Araik Arutunyan separatçıdır və Azərbaycan dövlətinə qarşı silah götürüb döyüşən adam cinayətkardır, bunun başqa adı yoxdur. Hesab edirəm ki, Rusiya siyasi rəhbərliyi Muradov haqqında ölçü götürməli, o cəzalandırılmalıdır. Əgər Muradov yenə də o cür hərəkətlərə yol verəcəksə, sülhməramlıların 90-cı illərdən fərqi olmayacaq. Azərbaycan və Türkiyə hökumətləri də bu qanunsuzluğa qarşı çıxmalıdır”.

Elman Məmmədov Putinin fərmanı haqqında suala belə cavab verdi: “Bu sual artıq mənim səlahiyyətimdə olan məsələ deyil, səlahiyyətli şəxslər cavab versə, yaxşı olar”.

Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov fərmanın Rusiya Prezidenti tərəfindən verilməsini təbii hesab edir:

“Çünki Rusiya sülhməramlıları təmsil edir. Əgər sülhməramlılar beynəlxalq təşkilatdan olardısa, məsələn, ATƏT-dən, bütün fərmanları, şərtləri və göstərişləri də onlar verəcəkdi. Ona görə mən ciddi problem görmürəm. O ki qaldı Rusiyanın Qarabağı Azərbaycan ərazisi kimi qeyd etməməsinə, bəli, sülhməramlıların rəhbərinin Araik Arutunyanla görüşdüyü aydındır. Hansı ki haqqında cinayət işi açılıb. Qaydalar belədir ki, bu gün Qarabağda hansısa hakimiyyət qurumu olmadığı üçün görəvdə olanlarla məsələləri müzakirə edirlər. Əminəm ki, Azərbaycan hökuməti statusun olmadığını söyləməklə, sərt mövqeyini ortaya qoyub və tədricən separatçıların fəaliyyəti yersiz olacaq. Fikir verin, Rusiya Xankəndində onların bayrağının asılmasına imkan vermədi. Ermənistan bayrağının olması isə o deməkdir ki, Arutunyan özü Yerevandadır, görüş də orda keçirilir”.

avaz_gasanov.jpg
Əvəz Həsənov

Azərbaycan hökumətinin iştirakı olmadan ermənilərin Xankəndinə qaytarılması hansısa qanunlara və sənədə əsaslanır sualına cavab verən Əvəz Həsənov bildirib ki, Laçın dəhlizi nəzarətə götürüləndən sonra Azərbaycan hökuməti orada buraxılış məntəqəsi yaradacaq: “Yəni pasportlaşdırma və kimlərin bölgədə yaşaması prosesinin aydınlaşması hələ qabaqdadır. Hazırda Xankəndinə köçürülmə sürətlə getmir. Kəlbəcərdə yaşayan erməni əhalisi isə Dağlıq Qarabağa gətiriləndir, yəni yerli deyil”.

Əvəz Həsənov Rusiya sülhməramlılarının bölgəyə ağır texnika gətirilməsi haqqında informasiyaların doğru olmadığını deyib: “Tank gətirməyiblər, qrad da yoxdur, yayılan şəkil isə saxtadır”.

Əvəz Həsənov "Ermənilərə Kəlbəcər rayonunu boşaldılaması üçün daha 10 vaxt verilməsindən sonra ərazinin minalanmamasına, yandırılmamasına təminat varmı?" sualına: “Bu, çox ciddi məsələdir”, – deyə cavab verib.

O əlavə edib ki, Azərbayan hökuməti ermənilərin təbiətə zərər vurulması ilə bağlı beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb: “Hesab edirəm ki, Azərbaycan beynəlxaq təşkilatlar qarşısında ermənilərin təbiətə bu dərəcədə zərər vurulması ilə bağlı ciddi əsaslar əldə edib. Düzdür, ruslar Xudabənd monostrın nəzarətə götürdülər və ermənilərin aparmaq istədikləri kilsə zəngləri geri qaytarıldı”.

Noyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb.

Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağa göndərilən sülhməramlılarla bağlı fərman imzalayıb.

Fərmanda deyilir ki, Rusiyanın Müdafiə Nazirliyi 1960 nəfərlik heyət ildə ən azı iki dəfə, hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir.

Rusiya sülhməramlıların xərclərini də özlərinin ödəyəcəyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ana səhifəSiyasətDeputat: Rüstəm Muradov sülhməramlı mandatın qaydalarını pozub