Deputat nazirlikdəki həbslərdən danışıb: “Gündə bir müavini çıxarıb, o birisini qoyurlar”

Foto: Meydan Tv

“Əgər vəsaitin necə xərclənməsi qeyd olunubsa, necə oğurluq ola bilər?”

“Mədəniyyət Nazirliyinə ayrılan vəsaitin nəticəyönümlülüyü araşdırılmalıdır. Verilən vəsaitlərin nəticəsi tələb olunmadığına görə Mədəniyyət Nazirliyində gündə bir əməliyyat keçirilir, bir müavin tutulur”.

Bu sözləri Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, deputat Sabir Rüstəmxanlı noyabrın 1-də Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində apardığı əməliyyatı şərh edərkən deyib.

Deputat Milli Məclisin ictimai birliklər və dini qurumlar, elm və təhsil, ailə, qadın və uşaq məsələləri, səhiyyə və mədəniyyət komitələrinin birgə müzakirəsi zamanı bildirib ki, Mədəniyyət Nazirliyinə verilən maliyyənin nəticəsi tələb olunmalıdır:

“Verilən maliyyənin nəticəsi tələb olunmadığına görə, gündə bir nazir müavinini çıxarıb, o birisini qoyurlar. Əgər vəsaitin necə xərclənməsi qeyd olunubsa, Mədəniyyət Nazirliyində necə oğurluq ola bilər?”

Deputat həmçinin qeyd edib ki, mədəniyyət sahəsinə dövlət büdcəsindən ayrılan vəsait azdır.
O hesab edir ki, mədəniyyət sahəsi dövlətdə ikinci sahə kimi qiymətləndirilməli və buna uyğun vəsait artırılmalıdır:

“Gələn ilin dövlət büdcəsindən mədəniyyət sahəsinə 650 milyon manat vəsait ayrılır. Bu da büdcənin 1/60 hissəsidir, olduqca azdır. Mədəniyyət sahəsinə büdcədən ayrılan pul artırılmalıdır. İki dövlət arasında savaş təkcə cəbhədə getmir. İki ölkə arasında savaş mədəniyyət, iqtisadiyyat və digər sahələrdə gedir. Mədəniyyət bu cəbhələrdən biridir. Ona hökmən ciddi yanaşmaq lazımdır”, – deputat qeyd edib.

2022-ci il oktyabrın 26-da Hesablama Palatası dövlət sifarişi ilə filmlərin çəkilməsi zamanı ciddi maliyyə pozuntularının aşkarlanmasına dair hesabat yayımlayıb.

Palata tövsiyə edirdi ki, nöqsana yol verən məsul şəxslər məsuliyyətə cəlb olunsunlar.

2022-ci il noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirdiyi bildirilib.

Əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov saxlanılıb.

İlkin Nəsibov haqqında noyabrın 2-də Səbail Rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələrilə ittiham olunur.

2022-ci il noyabrın 3-də Prezident İlham Əliyev Elnur Əliyevi birinci müavin vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb.

Sərəncamın ardınca, elə həmin gün Elnur Əliyev təqsirləndirilən şəxs qismində tanınıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələrilə ittiham irəli sürülüb. Lakin istintaq dövrü üçün onun barəsində həbs yox, alternativ növdə qətimkan tədbiri seçilib.

Elnur Əliyev barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Elnur Əliyev 2021-ci il sentyabrın 7-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

Bu, Mədəniyyət Nazirliyində aparılan ilk əməliyyat deyil.

Mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov 2020-ci ildə DTX-nın keçirdiyi əməliyyatda saxlanılıb və məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlərDeputat nazirlikdəki həbslərdən danışıb: “Gündə bir müavini çıxarıb, o birisini qoyurlar”