Deputat Fazil Mustafanın güllələndiyi bildirilir (yenilənib)

Fazil Mustafa. Foto: Meydan TV

Baş Prokurorluq deputatın güllələnməsi ilə bağlı cinayət işi açıb.

Qurumun mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb:

“Hazırda Baş prokurorun birinci müavini, Bakı şəhər prokuroru və istintaq-əməliyyat qrupu hadisə yerindədir”.

Prokurorluq media nümayəndələrindən mətbuat xidməti ilə dəqiqləşdirmədən hadisə barədə məlumatların yayılmamasını xahiş edib.

Baş Prokurorluq. Foto: Meydan TV


TƏBİB-in hadisə ilə bağlı yaydığı məlumatda deyilir ki, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib.

Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur”, – məlumatda deyilir.

Azertag


O, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxş hesab olunub

Milli Məclisin deputatı Fazil Mustafa güllələnib. Onun ayağından və çiynindən vurulduğu bildirilir.

Deputatın qardaşı İlqar Mustafayev Meydan TV-yə hadisənin baş verdiyini təsdiləyib.

Bildirilir ki, Fazil Mustafa evinin yaxınlığında marketdən çıxan zaman naməlum şəxs tərəfindən güllələnib.

Polis hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışını həyata keçirir.

Deputatın təcili tibbi yardım briqadası tərəfindən 1 saylı Şəhər Klinik Xəstəxanasına aparıldığı deyilir.
Son rəsmi açıqlamaya görə, Fazil Mustafanın vəziyyəti qənaətbəxşdir, həyatı təhlükəsi yoxdur. Hazırda əməliyyat olunur.

Ana səhifəSiyasətDeputat Fazil Mustafanın güllələndiyi bildirilir (yenilənib)