"Onların nə həddinədir ki, bizim əsgəri öz ölkəmizdə əsir götürsünlər"
"Cəmil Babayevin ora necə gedib çıxmasını araşdırmaq sonrakı məsələdir. Özgə dövlətin ərazisinə getməyib ki, öz ölkəsinin ərazisidir. Ən böyük cinayət, tərbiyəsizlik onu orda tutub girov saxlamaqdır. Cəmil Babayev təcili Azərbaycan tərəfinə təhvil verilməlidir”.
Bunu Ağdərəyə gedən Azərbaycan əsgərinin saxlanılmasını şərh edən deputat Fazil Mustafa "Bizimyol"a
deyib
.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.
Nazirlik bildirib ki, əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır: "Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib".
Ermənistan tərəf Cəmil Babayevin Rusiya sülhməramlılarının nəzarətində olan Ağdərədə saxlanıldığı barədə məlumat yayıb.
Bildirilir ki, C.Babayev barəsində “sərhədləri qanunsuz keçmə”, “azyaşlıları təhdid etmə” və “casusluq” ittihamı ilə cinayət işi açılıb.
Fazil Mustafa isə deyir ki, Azərbaycan tərəfinin belə bir tələblə çıxış etməsinə də ehtiyac yoxdur: “Bizimkilər də onlardan 10 nəfəri ələ keçirsinlər, sonra yalvarmağa başlayacaqlar. Onların nə həddinədir ki, bizim əsgəri öz ölkəmizdə əsir götürsünlər. Sülhməramlılar məsələyə qarışıb həmin əsgəri Azərbaycan silahlı qüvvələrinə təhvil verməlidir”.
Onun sözlərinə görə, bu hadisə bir zamanlar Dilqəm Əsgər və Şahbaz Quliyevlə bağlı yaradılan “şou”nu xatırladır: “Bu şəxs öz ölkəsində olub, Ermənistanda yox. Dərhal qaytarılmalı və “şou” göstərilməməlidir”.
Deputat ötən gün Azərbaycan sərhədçisinə Ermənistan hərbçiləri tərəfindən olan hücum və Gorus-Qafan yolunun bağlanması məsələsini də şərh edib: “Bizim xüsusi təyinatlılar da onlardan 10 nəfəri ələ keçirsinlər, ya da vursunlar, ağılları başlarına gəlsin. Nə qədər təxribat törətmək olar? İstəyirlər ki, Azərbaycan hərbi əməliyyatlara başlasın, ondan sonra da dünyaya Azərbaycanın aqressor olduğu haqda car çəksinlər. Üçtərəfli bəyanatda Gorus-Qafan yolu ilə bağlı heç nə yoxdur. Ermənistan tərəfi öz üzərinə düşən öhdəlikləri yerinə yetirərsə, Azərbaycan tərəfi də güzəştə gedərək, Gorus-Qafan yolunu açar”.