Deputat: Əli Həsənovun ailə işinə qarışmağımız doğru deyil

“Qəzanı törədən əməlinə görə cavab verəcək”

Source:

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, deputat Rövşən Rzayev Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin qəza törətməsinə münasibət bildirib.

O, “olke.az”-a açıqlamasında hadisənin ağır, xoşagəlməz hal olduğunu deyib:

“Ancaq sürücü də cavan uşaqdır. Ölən insanlara görə sürücü ömrü boyu adı ləkəli qalacaq. Bu həyatdır və çox təəssüf ki, hər bir insanın başına gələ bilər”.

Deputat qeyd edib ki, Azərbaycan hüquqi dövlətdir. Burada hər kəs öz əməlinə görə qanunlar qarşısında məsuliyyət daşıyır və cavab verir:

“Mətbuatdan da oxuyuruq ki, hüquq-mühafizə orqanları bu hadisəyə ədalətli qiymət verir. Əli Həsənovun yüksək vəzifədə olmasının nəvəsinin harınlamasına səbəb olmasına gəldikdə, mən bu barədə heç bir fikir söyləyə bilmərəm. Bu onların şəxsi, ailə işidir. Mənə elə gəlir ki, bizim başqalarının ailə işlərinə qarışmağımız doğru olmaz. Ancaq hamı öz əməlinə görə dövlət və qanun qarşısında cavab verməlidir”.

Rövşən Rzayev qəza ilə bağlı ədalətli qərar veriləcəyinə əmindir:

“Hadisə ilə bağlı istintaq gedir. Qəzanı törədən əməlinə görə cavab verəcək. Artıq məhkəmənin hökmü ilə sürücü Nail Allahverdiyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri də seçilib. Təbii ki, heç kəs dövlətin qanunlarından üstün ola bilməz. Hər bir məsələdə olduğu kimi, bu məsələdə də qanun öz sözünü deyəcək”.

Ana səhifəXəbərlərDeputat: Əli Həsənovun ailə işinə qarışmağımız doğru deyil