Deputat: Dövlət öz vəsaitlərini xarici banklarda saxlayırsa, vətəndaş niyə yerli banklara etimad etsin?

İclada Azərbaycanda 8 noyabr tarixi qeyri-iş günü olması ilə bağı Əmək Məcəlləsinə dəyişiklik layihəsi də I oxunuşda təsdiqlənib.

Source: google.az


Parlament Banklarda olan əmanətlərin tam sığortalanmasını nəzərdə tutan qanun layihəsini I oxunuşda təsdiqləyib

“Dövlət Neft Fondunda olan vəsaitlərin bir hissəsi də banklarda saxlanmalıdır. Dövlət öz vəsaitlərini xarici banklarda saxlayır, yerli banklara etimad göstərmir. Bu halda vətəndaş niyə yerli banklara etimad etsin?”

Milli Məclisin dekabrın 11-də keçirilən iclasında ”Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev belə deyib.

O bildirib ki, Dövlət Neft Fondunda olan vəsaitlərin bir hissəsi banklarda saxlanılsa, vətəndaşların aşağı faizli kreditlərə də çıxışı olacaq və vətəndaşlarımız “sandıqda saxladıqları” pulları da çıxaracaq:

“Əsas məsələnin kökü öyrənilməli, səbəbləri araşdırılmalıdır ki, bizim banklar niyə bağlanır

Banklarda olan əmanətlərin tam sığortalanmasını nəzərdə tutan qanun layihəsinin müddəti dekabrın 4-də başa çatıb.

2015-ci ildə manatın iki dəfə devlvasiyayasından sonra əhalinin banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq məqsədilə 4 mart 2016-cı ildə 3 il müddətinə qəbul edilən “Əmanətlərin tam sığortalanması haqqında” Qanun 2019-cu il martın 4-də 1 il, 2020-ci il martın 13-də isə daha 9 ay uzadıb.

Qüdrət Həsənquliyev foto google.az
Qüdrət Həsənquliyev

Layihəyə əsasən, qanunun müddəti daha 4 ay – 5 aprel 2021-ci il tarixinə qədər uzadılacaq.

Bu qanun qüvvədən düşdükdən sonra isə əmanətlərin sığortalanması üzrə kompensasiya məbləği 30 min manatdan 100 min manata qaldırılacaq. Həmçinin fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitlərinin sığortalanması (kompensasiya məbləği 20 min manat müəyyən edilməklə) təklif olunur.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, qanunun qüvvədə olduğu 4 il 9 ay müddətində bu qanun öz hədəflərinə nail olsa da, bu mexanizmdən çıxış istənilən halda vacibdir: “Bu qanun layihəsinin qüvvədə olduğu illərdə bankların sağlamlaşdırılmasına nail olundu, eyni zamanda 43 min əmanətçiyə 1,3 milyard manat əmanət qaytarıldı, banklara inam artdı. Bu mexanizmdən çıxdıqdan sonra artıq 100 min manat limit müəyyən ediləcək. Azərbaycanda 100 mindən çox olan əmanətlərin sayı elə də çox deyil. Deməli, bu mexanizmdən çıxdıqdan sonra da qorunan əmanətlərin sayı kifayət qədər olacaq. Yeni dəyişikliyə əsasən, fiziki şəxslərin də banklarda olan 20 min manata qədər əmanətləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunacaq”.

tahir-mirkişili-1.jpg
Tahir Mirkişili

Layihə I oxunuşda qəbul edilib.

Zəfər Günü iş olmayacaq

İclada Azərbaycanda 8 noyabr tarixi qeyri-iş günü olması ilə bağı Əmək Məcəlləsinə dəyişiklik layihəsi də I oxunuşda təsdiqlənib.

Layihəyə əsasən, hər il Zəfər Günü kimi qeyd ediləcək 8 noyabr tarixi iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək.

Həmçinin hər il sentyabrın 27-i Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günü olacaq və iş günü sayılacaq.

Parlamentin iclasları videokonfransla keçirilə bilər

“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə dəyişiklik layihəsinə əsasən, Milli Məclisin iclaslarının videokonfrans sistemi ilə keçirilməsi üçün nəzərdə tutulan müddət qeyri-müəyyən vaxtadək uzadılır.

Qanunun qüvvədə olma müddəti 2020-ci il dekabrın 30-dək olan dövrü əhatə edirdi.

Qanuna əsasən, karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis Sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının, həmçinin, Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək. Videokonfrans sistemi vasitəsi ilə keçirilən iclaslarda səsvermə ilə bərabər, həm də qeydiyyat deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir.

Layihə I oxunuşda qəbul edilib.

Milli Məclisin payız sessiyasının növbəti iclası dekabrın 15-də keçiriləcək və gündəliyə 13 məsələ daxil edilib.

Ana səhifəSiyasətDeputat: Dövlət öz vəsaitlərini xarici banklarda saxlayırsa, vətəndaş niyə yerli banklara etimad etsin?