Demokratiyanın tədrisi qadağandır!

Seçki-meçki şouları da olmayacaq…

Source:

“Əşi, filan kəsi tutmazlar”, “filankəsi tutmağa cəsarət etməz” kimi fikirlərin necə boş təsəlli olduğunu anladıq bu gün. Anar Məmmədlini həbs etdilər. Həbsin səbəbləri barədə yüz cür nəzəriyyə ola bilər. Amma əslində, bu onu göstərdi ki, Azərbaycanda heç kəsin nə həbsdən, nə qətldən sığortası yoxdur. Sabah həbs olunan Xədicə İsmayıl da ola bilər, Şahvələd Çobanoğlu da, Erkin Qədirli də.

İlham Əliyev üçün istənilən Azərbaycan vətəndaşı əmtəədir. Onu satmaq, almaq və ya müxtəlif transaksiyalarda istifadə etmək olar.

Bütün Avropa siyasətçilərini əhliləşdirilmiş ayı balası kimi qabağında oynadan adam üçün heç bir mənəvi baryer, qorxduğu qüvvə -filan yoxdu. O istənilən adamı girov götürüb, onu müəyyən maraqlar qarşılığında azad edə bilər.

Əslində buna “siyasətdə terror” da demək olar. Terrorçu da günahsız adamları girov götürüb, pul ya başqa gəlir qarşılığında azad edir.

Maraqlıdır ki, bu halda Azərbaycan vətəndaşını azad etmək üçün kompromisə gedən tərəf acqarına gündə beş dəfə söydüyümüz dünya birliyi olur.

Bir şey də var ki, bütün dünyada terrorçu ilə sazişə getməmək prinsip kimi qəbul olunduğu halda, “siyasətdə terrorçu”-larla nəyinki kompromisə getmək, hətta birgə şəkil çəkdirmək də normal hal sayılır.

Anar Məmmədlinin həbsi həm də o deməkdir ki, bitti! Olmayacaq daha demokratiya oyunu. Seçki-meçki şouları da olmayacaq. Hələ bəlkə MSK-nı da buraxdılar.

Ana səhifəMənim FikrimcəDemokratiyanın tədrisi qadağandır!