Mary Kaldor “London School of Economics”-də Qlobal İdarəetmə üzrə professordur
Qlobal institutlarımız məqsədəuyğun işləmir, islahat zamanıdır.
Breksit referendumu və Trampın namizədliyi gözlənilməz gəlişmələr deyil. Onlar siyasi elitaya böyük inamsızlığın, qloballaşma prosesi tərəfindən gözardı edilmişlərin qəzəb və yadlaşma hissinin ifadəsi və 20-ci əsrdə yaradılmış institutların 21-ci əsrin problemlərini həll edə bilməməsinin nəticəsidir. Bir başqa sözlə, bu, geniş yayılmış qlobal fenomenin simptomlarıdır.
Paradoks burdadır ki, bizim qlobal idarəetmənin təməllərini atmağa ən çox ehtiyacımız olan anda Avropa Birliyi və Birləşmiş Millətlər kimi təşkilatlar artan ksenofob və populist meyillərin təhdidi altındadır.
Mən bu gəlişmələrlə bağlı iki müşahidəmi paylaşmaq istərdim
Birincisi, qlobal idarəetmə hər yerdə müşahidə olunan demokratiya çatışmazlığı problemini həll etməyin yoludur. Buna qlobal institutların özlərini demokratikləşdirməklə yox, – bu arzuolunan olsa da – onlar sayəsində gücün vətəndaş üçün daha əlçatan olan yerli idarəetmə səviyyələrinə ötürülməsi ilə nail olmaq olar. Britaniyada baş tutan Avropa Birliyi (AB) üzvlüyü ilə bağlı debatda “ayrılmaq” tərəfi “nəzarəti geri almaq” barədə danışırdı. Mənim arqumentimsə bu idi ki, qloballaşan dünyada bunu yalnız AB kimi qlobal idarəetmə institutlarının üzvlüyü vasitəsilə etmək mümkündür.
İkincisi, ksenofob populizm yalnız təhlükəli mühit yaradacaq. Buna görə də qlobal institutlar həm təhlükəsizliyin bərpası, həm də legitimliyin əldə olunması üçün qarşılıqlı dəstək və köməyə əsaslanan təhlükəsizlik siyasəti hazırlamalıdır.
Qlobal demokratiya çatışmazlığı
Nəzəriyyədə
prosessual və substantiv demokratiya
arasında fərq qoyulur. Prosessual demokratiya seçkilər, media və ya birləşmə azadlığı kimi formal qaydaları əhatə edir. Substantiv demokratiya isə siyasi bərabərlik haqqındadır. Burda əsas məsələ hər bir fərdin onun həyatına təsir edəcək qərarların əməgəlməsində iştirak və onlara təsir imkanları ilə bağlıdır. Substantiv demokratiyada böyük çatışmazlıqlar var. Bundan doğan məyusluq
həm sağ, həm də soldakı yeni cərəyanları
canlandıran əsas amillərdəndir. “Onlar buna demokratiya deyir, ancaq əslində elə deyil“ – qəzəbli ispan etirazçılarının əsas sloqanı idi. Oxşar arqumentlər populist sağ tərəfindən də səsləndirilir.
Bəs substantiv demokratiyadakı boşluqların səbəbləri nədir?
Hər şeydən öncə bu qloballaşma ilə bağlıdır. Prosessual demokratiya milli səviyyədə keçirilir; biz milli hökuməti seçmək üçün səs veririk. Buna baxmayaraq, bizim həyatımıza təsir edən qərarlar çoxmillətli korporasiyaların baş ofislərində, fitri istedadlı maliyyə uşaqlarının notbuklarında və ya BVF, Dünya Bankı, BMT, ÜTT, AB və ya NATO kimi beynəlxalq təşkilatlar tərəfindən alınır. Milli səviyyədə mükəmməl prosessual demokratiyaya sahib olsaq belə, həmin qərarlara təsir imkanlarımız olmur. Nəzəriyyədə biz milli hökumətlər vasitəsilə həmin qərarlara təsir edə bilməliyik, amma praktikada həmin təşkilatlar sıravi vətəndaşlardan çox, qlobal elitanın maraqları tərəfindən formalaşdırlır.
Bundan başqa, demokratik çatışmazlıqlar həm də milli dövlətlərin sklerozluğunun nəticəsidir. Mən üç aspekti vurğulamaq istərdim:
1) Seçki texnologiyaları. Səs sorğuları, hədəf qrupları, mesajın ötürülməsi və dəyişkən seçicilərə fokuslanma kimi amillərin cəmi siyasəti mənasızlaşdırıb və həqiqi siyasi debatlar keçirməyi çətin hala gətirib. İstər yerli siyasətçilərlə, istərsə də sağın və ya solun üsyankar siyasətçiləri ilə müqayisədə, milli siyasətçilər öncədən hazır əlyazmanı oxuyan ruhsuz adamları xatırladırlar.
2) İstehsala münasibətdə maliyyənin daha çox güc qazanması – xüsusilə də 2008 böhranından sonra – siyasi elita, maliyyə sponsorlarına və nəzarət etdikləri media orqanlarına qarşı getdikcə daha məsuliyyətli olmağa məcbur olub. Biz əvvəllər vergidən yox, neftdən gələn gəlirdən asılı olan ölkələrin qarşılaşdığı problemləri izah etmək üçün “resurs lənəti”-dən danışırdıq. Hazırda isə maliyyə sektorunun inkişafı nəticəsində icarədən gələn gəlirlər getdikcə daha çox ölkənin gəlirlərinin artan hissəsinə çevrilməkdədir.
3) Dərin Dövlət – soyuq müharibənin mirası, köksalmış bürokratiya, nəzarət və yoxlamalara daxili meyillər 20-ci əsr dövlətinin xüsusiyyəti idi. Bürokratikləşmiş rutinlik, çox zaman geridəqalmış təhlükəsizlik sektorundan edilən təzyiqlər, siyasətçilər və rəsmilərin karyera qayğıları muasir problemlərə münasibətdə 20-ci əsrə xas qeyri-iradi reaksiyalar verməkdən uzaqlaşmağa imkan vermir.
Bu faktorlar həmin institutların nəyə görə geriyə yönəlik təfəkkürdə ilişib qaldığını və irəli sürülən tədbirlərin nəyə görə problemləri həll etməli olduğu halda əksinə əlavə problemlər əmələ gətirdiyini izah etməyə kömək edir.
Miqrant axınının qarşısını almalı olan sərhədlər sadəcə olaraq miqrantlar üçün daha çox təhlükə yaradır;terroristləri zərərsizləşdirmək üçün havadan atılan bombalar daha artıq terrrora yol açır; daşqın və yanğınların qarşısını almaq üçün görülən mühəndis işləri bu fenomenlərin əsas səbəblərini şiddətləndirir. Qlobal institutlar da milli hökumətlərdən təşkil olunduqlarından bu reaksiyalar təkrarlanır.
Demokratiyanı qaydaya salmaq
Belə olan halda demokratiyanı qaydaya salmaq üçün nə lazımdır?
Əvvəla, substantiv demokratiyanı düzəltmək məqsədilə qlobal idarəetmənin konsepsiyası yenidən işlənməlidir ki, sıravi vətəndaşlara həyatlarını yönləndirən qərarlara təsir etmə imkanı yaradılsın. Genişmiqyaslı olan belə təşkilatlarda qlobal səviyyədə demokratikləşmə – önəmli olsa da, çox vacib deyil. Əvəzində isə institutlatın vətəndaşlar üçün daha əlçatan olan şəhər və regionlar da, milli hökumətlərin müəyyən qədər ikinci plana atıla bildiyi yerli idarəetmə səviyyələrində demokratiyaya daha çox ehtiyac duyulur.
Bunun baş verməsi üçün qlobal idarəetmə strukturları qlobal “mənfi” təsirləri məhdudlaşdırıb, “müsbət” təsirləri genişləndirərək, aşağı səviyyələrdəki demokratiyanı aktivləşdirməli və qorumalıdırlar. Ümumdünya əhəmiyyətli mənfi təsirlərə qlobal şirkətlər tərəfindən vergidən yayınmaları, qısa zaman müddətindəki maliyyə spekulyasiyalarını, ətraf aləmə dəyən zərəri və ya müharibələri misal çəkmək olar. Müsbət proseslərə isə qlobal yenidən bölgünü, sülh quruculuğu və ya qlobal ətraf-mühitin mühafizəsi standartlarının qəbulu kimi məsələləri aid etmək mümkündür.
Bizə qloballaşma prosesini ram edən və onun gəlirlərini iştirakçılar arasında ədalətlə bölüşdürə bilən institutlar lazımdır. İnstitutlar hazırda belə çalışmasalar da, milli skleroz xəstəliyindən əziyyət çəkmədikləri üçün dəyişmə imkanları yüksəkdir.
Onu da vurğulamaq lazımdır ki, AB kimi regional təşkilatlar qlobal idarəetmə modelləri hesab olunmalıdırlar. Avropa Birliyi formalaşmaqda olan ölkə deyil. Digər bir tərəfdən, bu birlik millətlərüstü status daşıdığına və daha sıx əlaqələrə sahib olduğuna görə klassik millətlərarası təşkilat da deyil. Brexitin fonunda paradoksal görünsə də, Avropa Birliyi potensialı etibarilə 21-ci əsrdə ehtiyacımız olan institut növüdür.
Populizm və ksenefobiyanın nəticələri
Marjinallaşma və məyusluq kimi amilllərlə birgə, populizm və ksenefobiyanın yüksəlişi və avtoritar rejimlərin artan sayı da demokratik çatışmazlıq kontekstində başadüşülməlidir. Bugünkü açıq dünya, dövrün böyük müharibələrinə yol açmış klassik qapalı və militarist 20-ci əsr cəmiyyətləri, müxtəlif növ sosial şərtlərdən formalaşıb: zəif formal strukturların xırda yırtıcılıqdan və kleptokratik qlobal elit şəbəkədən xeyir götürdüyü, populist ritorika tərəfindən legitimləşdirilmiş zorakılığın resursların paylanması metodu kimi bazarı sıxışdırıb çıxardığı neoliberalizmin ekstremal forması yeni formasiya kimi qarşımızda durub. 20-ci əsrin müharibələri isə yerini siyasi zorakılıq və cinayətkarlığın kombinasiyası ilə müşahidə olunan “yeni müharibələrə” buraxıb.
Maraqların toqquşduğu 20-ci əsr müharibələrindən fərqli olaraq, yeni müharibələri bir neçə silahlı qruplaşmanın ya iqtisadi mənada, ya da ekstremist siyasi ideyaların ətrafında birləşərək, zorakılıqdan mənfəət əldə etdikləri ortaq müəssisələr kimi təsvir etmək bəlkə də daha doğru olar. Döyüşlər nadir hallarda baş verir, əvəzində isə zorakılıq daha çox mülki vətəndaşlara yönəlir. Bu müharibələrin bir özünəməxsusluğu da, genişmiqyasda insanların yerindən didərgin edilməsidir. Zorakılıqdan mənfəət götürən qrupların müxtəlif siyasi və kriminal şəbəkələrin qlobal xarakterlərinə görə birləşə bilməmələri belə müharibələri sonlandırmağı çətinləşdir.
Belə məqamlarda ənənəvi yanaşmalar işə yaramır. Hərbi müdaxilə sadəcə gələcək zorakılığa yol açır. Danışıqlar aparmaq çox çətindir, çünki müharibələr böyük mənfəətə dayandığından danışıqlar prosesi yalnız müxtəlif yırtıcı şəbəkələrə imtiyazlar təqdim olunduqda uğurla yekunlaşır. Bu münaqişələrlə başa çıxmağın yeganə yolu qlobal əməkdaşlıqdan və dünyaya münasibətdə uzunmüddətli təsiri olacaq yanaşmamızı dəyişməkdən keçir. Münaqişələri anlamağın ənənəvi geopolitik metodu, çoxyönlü və qlobal əməkdaşlıqla bağlı olan tərəflərin hüquqlarına əsaslanan metodla əvəzlənməlidir. Legitim siyasi institutların qurulması və legitim peşələrlə dolanmaq imkanının yaradılması təhlükəsizliyi bərpa etmənin yeganə yoludur. Silahlı qruplaşmalar legitim düşmən yox, kriminal hesab olunmalıdırlar. Qlobal güc tətbiqetmə imkanı isə sülh quruculuğu və ya hərbi müdaxilədən çox qərəsiz siyasət aparmağa diqqət etməlidir.
Legitimliyin mərkəzində təhlükəsizlik dayanır. Biz, bizi qoruyan institutlara etibar edirik. Bu gün təhlükə mühitinin əsas səbəbi Suriya, Liviya, Ukrayna və ya Myanmar kimi yerlərdə davam edən yeni müharibələrdir. Bu müharibələr çoxumuzun daha öncə rastlamadığı qədər çox sayıda qaçqın və transmilli kriminal şəbəkələrin yaranmasına səbəb olur. Eyni zamanda bu yeni müharibələr terrorizmi bəsləyir. Yeni müharibələrlə işləməkdə uğursuzluq milli dövlətlərin ənənəvi yanaşmalarının nəticəsinə nümunədir. Qlobal idarəetmə institutları bu problemləri fərqli metodla həll etməlidilər ki, nəticədə həmin institutlar dəstək qazana bilsinlər.
Addım atmaq
Buna necə nail olmaq olar? Britaniyanın post-Brexit ab-havasından görünən odur ki, Avropa və Dünya yeni qlobal müharibəyə meyillənir. Buna baxmayaraq, biz hazırki diskursda dominant mövqe tutan iyerarxik milli çərçivədən kənarda – qaçqınlara yardım edən, yerli səviyyədə atəşkəsi təbliğ edən və ya zəruri malların yeni mənbələrini yaradan vətəndaş cəmiyyəti şəbəkələri kimi sosial eksperimentlərlə rastlaşırıq. Qlobal idarəetmə milli dövlətlərdən daha az institutlaşdığından belə vətəndaş təşəbbüsləri böyük maraq doğurur.
Kosmopolit görüntü yaratmağa çalışan qlobal elita yerli və regional səviyyələrə enməli, kömək əlini uzatmalıdır. Bəlkə də, bu, həddindən artıq idealistik səslənir, ancaq bu qaranlıq zamanlarda bir az yenilikçi düşünməyə ehtiyac var.
Tərcümə etdi: Murad Rüstəm
Mənbə:
WeForum