Xəbəriniz var… Dünən ordumuz xeyli şəhid verdi. Sayını dəqiq bilmirik. Ən az 10 ailə hazırda övlad acısı yaşayır. Amma əsas odur ki, Ermənistan daha çox itki verib. Sanki dövlət olaraq məqsədimiz bu imiş. Ki, bu da dəqiq deyil, heç bir rəsmi dövlət orqanı dəqiq məlumat vermir. Deyən yoxdur niyə belə hallar baş verir? Bunun səbəbi nədir? Xalqa açıqlama, hesabat verən yoxdur. Bəs biz regionun ən güclü ölkəsi idik? Hanı güclü ordu? Hanı milyonluq silahlar? Deyən və tələb edən yoxdur. Var idi. İndi həbsdədir.
Desə də, eşitmirik. Elə dediyinə görə həbsdədir. Həbs etdilər ki, eşitməyək. Çox şey deyirdi İlkin. Məsələn, əsgər qeyri-döyüş şəraitində niyə ölür? Şərləyib həbs etdirənlər dünən sübut etdi ki, əsgər ölməlidir. Yəni siz səhvsiniz! Üzümüzə ağ olmusunuz. Di çürüyün içəridə!
Tanıyırsınız onları. İlkin Rüstəmzadə var idi. Ordudakı özbaşınalıqlara “YOX!” deyən gənc. Doğum günüdür bu gün. Həbsdəki 2-ci doğum günü. Bilirsiniz günahsız olduğunu. Çox şey bilirsiniz əslində. Bəs bilmək yetərlimidir?! Susmursunuz dünəndən ermənilərin etdiklərinə. Bəs buna niyə susdunuz? Gərək ölə? Ölsə də, susacaqsınız. Gərək başınıza gələ? Əsgər ölümlərinə etiraz edənlərə lağ edən Aqşin Yeniseyin əmisi oğlu həmin aksiyalardan 1 həftə sonra orduda döyülərək öldürüldü. Elə edin ki, sonra danışmağa üzünüz olsun. Demirəm ha sadəcə buna görə nəsə edin. Amma etdiklərinizə və ya etmədiklərinizə görə vicdan əzabı çəkməyin. Bütün əzabların ən dəhşətlisidir bu.
Doğum günün mübarək, igid! Vətənin başı gəncləridir, Sizsiniz! Başı sağ Vətən qazamatdadır. Azadlıqda görüşək!