Demokratiya çöküş yaşayırmı?

Əgər doğrudan da, liberal dünya qaydası avtoritar dövlətlər tərəfinin basqısı nəticəsində pərən-pərən düşəcəksə, o zaman demokratiyanın gələcəyi doğrudan da pis olacaq.

Source:
Ərəb Baharı
Ərəb Baharı


Meydan TV yeni “Demokratiya” layihəsinə başlayır. Bu layihənin başlama səbəbi iki amillə bağlıdır: Birincisi, Azərbaycanın informasiya məkanında, geniş mənada, demokratiya ilə bağlı akademik mətnlərin və ya tərcümlərin ciddi yoxsulluğu yaşanır. Digər bir səbəb isə demokratiyanın Azərbaycanda sistemli böhran yaşaması və insanların demokratiya ilə bağlı dünyada danışılan, müzakirə edilən problemlərdən, üzləşdiyi çətinliklərdən az məlumatlı olmasıdır.


Yeni layihə ictimai ehtiyacın diqtəsi ilə bir-birinə sıx bağlı olan bu iki ciddi problemi aradan qaldırmaq və boşluğu qismən doldurmaq niyyətindədir.



Amma bu işdə, yəni demokratiya adına könüllülük edəcək insanlara ehtiyacımız var. Akademik mətnləri tərcümə edəcək bacarığa sahib olan insanlardan xahiş edirik ki, bizimlə əlaqə saxlasınlar: demokratiya[at]meydan.tv


Marc F.Plattner

Marc F.Plattner “Demokratiya” jurnalının banilərindən və redaktorlarından biri, araşdırma və təhsillə bağlı “National Endowment for Democracy” (NED) təşkilatının vitse-prezidenti, NED-in Araşdırma Şurasının tərkibində olan Demokratik Araşdırmalar Forumunda rəhbər şəxslərdəndir.

“Demokratiya” jurnalının təsis olunmasından keçən bu illər ərzində, mindən çox məqalə nəşr olunub. Bu məqalələrdə demokratiyanın işləmə mexanizmi, onun qarşılaşdığı problem və üzləşdiyi çətinliklər, demokratik hərəkatlar barədə analizlər verilib. Lakin bizim əsas diqqətimiz demokratiyanın irəliləməsi və geriləməsi barədə dünyada baş verən prosesləri izləmək olub. Artıq 25 ildir ki, biz “demokratiyanın temperaturunu” ölçürük. 1998-ci ildən üzü bəri, “Freedom House”-un dünyada “Azadlıq” sorğusunun yekunu əsasında ümumiləşdirici məqalə yazırıq. Bundan başqa, 1991-ci ildə Samuel P.Hantiqtonun (ing:Samuel P.Huntington) demokratikləşmə ilə bağlı yazdığı məşhur “Üçüncü Dalğa” məqaləsi ilə başlayan və ardınca demokratiyanın trayektoriyasını qlobal miqyasda izləmək üçün müxtəlif esselər yazmışıq. Məhz bu səbəbdən təsadüfi deyil ki, XXI əsrdə biz bu mövzuya yenidən qayıdırıq. Çünki bu bizim əsas mövzularımızdandır.

Yazımızın “Demokratiya Çöküş Yaşayır?” şəklində adlandırılması bir çoxlarını təəccübləndirə bilər. Biz eyni sualla yazarlarımıza müraciət edirik. Demokratiyanı ciddi şəkildə müdafiə edən bir jurnal kimi bu başlığın seçilməsi çaşdırıcı ola bilər, amma bu sual 2015-ci il yaxınlaşdıqca hamının özünə verdiyi və cavab axtardığı sual olub.

Jurnalda ifadə olunan fikirlər və baxışların 1990-cı ildən bəri (xüsusən də son beş il ərzində) analizini apararkən, demokratiyanın qiymətləndirilməsi və onunla bağlı fikirlərin necə dəyişdiyini daha aydın görmək olur. Beş illik hadisələrlə dolu keçidə baxarkən, biz görürdük ki, demokratiya ideyası nəinki yeni ölkələrə yayılıb, hətta onun ideyası və təşkilati tərəfləri daha da inkişaf edib. Biz əmin olduq ki, demokratiya “beynəlxalq legitimlik” müstəvisində “böyük uğura imza atıb” və indi “ideoloji sahədə üstünlük qazanıb”. Çoxşaxəli təşkilatlar demokratiya prinsiplərinin yayılması və möhkəmlənməsinə dəstək olmaqla paralel, beynəlxalq müstəvidə demokratiyaya kömək mexanizimləri də bir xeyli artıb. Əsrin sonuna yaxın, bu trendlərin daha da gücləndiyinin şahidi olduq. On illiyin yekunu ilə bağlı girişdə, Aleksis de Tokvillenin (ing: Alexis de Tocqueville) “Amerikada Demokratiya” modeli əsasında “Dünyada Demokratiya” mövzusunu irəli çəkərək, iddia etdik ki, Tokville Marksa qalib gəldi. Nəticə: “İndi biz hamımız Tokvilleçiyik” deyirdik.

Amma 2005-ci il yaxınlaşdıqca, bizim səsimiz bir az zəiflədi və biz etiraf etdik ki, demokratiya tərəfdarlarının əhvalı pisləşib. Bu gedişatı, biz, İraqın işğalından sonra orda aparılan demokratik yenidənqurmanın uğursuzluğu və Rusiyanın getdikcə avtoritarizmə yuvarlanması ilə əsaslandırdıq. Bununla belə, ümumilikdə qlobal trend olaraq, demokratiyanın möhkəm olduğu və demokratlar arasında heç bir çaşqınlığa əsas olmadığını idda etdik. 2010-cu il gəldikdə isə biz, artıq “bir neçə il ərzində azadlıqların eroziyaya uğramağından danışmaq olar amma bu geniş şəkil almayıb” deməyə başladıq.



Çöküşə Qarşı Mübarizə

Ancaq iyirmi birinci illiyimizdə (Red: jurnalı nəzərdə tutur) biz demokratiyanın çöküş yaşayıb-yaşamadığı sualına cavab veririk. Nə üçün? Cavabın bir-biri ilə bağlı amma müəyyən mənada ayrıla bilən iki aspekti var. Birincisi budur: Bu gün əslində nə baş verir? Neçə ölkə demokratikdir? Onların sayı artır və genişlənirmi? Söz-ifadə azadlığı, qanunun aliliyi, azad və ədalətli seçki və bu kimi digər liberal-demokratik dəyərlərin hazırkı vəziyyəti necədir? İkincisi, daha subyektiv olan, demokratiyanın dünyadakı vəziyyəti ilə bağlıdır: Legitimlik və cəlbedicilik baxımından demokratiyaya baxış necədir? Məhz bu axırıncı ölçüdə, demokratiyanın geriləməsilə bağlı ümumi yayılmış bir baxış var.

Oxucunun da gördüyü kimi, birinci aspekt müxtəlif şərhlərə açıqdır. Bu aspektə iki müqayisəli baxışın ən yaxşı nümunəsi, Steven Lavitskinin (Steven Lavitsky) yazdığı “Demokratik Çöküşlə Bağlı Miflər” və Luçan Veyin (Lucan Way) “Demokratik Çöküşlə Üz-Üzə gəlmək” adlı esselərində görmək olur. Lavitski və Vey qeyd edirlər ki, “Freedom House”-un hesabatlarına baxdıqda 2000-ci ildən üzü bəri geriləmə çox zəif olub, başqa göstəricilər üzrə isə, ümumiyyətlə, geriləmə yoxdur. Bundan başqa, onlar iddia edir ki, 1990-cı illərdə bir çox müşahidəçilər (eləcə də “Freedom House”) çökmüş avtokratik rejimləri dərhal keçid demokratiyası ölkələri sırasına daxil etməyə meyilli idi. Lavitski və Vey düşünür ki, bu ölkələrdə avtoritarizmin zəifliyi “püluralizm illuziyası yaratdı” amma əslində onlar heç zaman demokratiya qura bilmədilər. Onlardan bir çoxu avtoritarizmin güclənməsini yaşadı. Bu rejimlər ilk vaxtlarda yanlış olaraq demokratik deyə sinifləndirildi. Bu, hazırki durumda demokratiyanın böhran yaşadığı anlamına gəlməməlidir.

Lari Daymond (ing: Larry Diamond) isə Lavitski və Veyin 90-ci illərlə bağlı dəyərləndirmələrə tənqidi yanaşmalarına qarşı çıxmadan, emprik sübutlar gətirərək aşkarlayır ki, son on illikdə “demokratik zəifləmə müşahidə edilməkdədir”. O, son illərdə demokratiyanı silkələyən qəzaları, qanunun aliliyi və yaxşı idarəçiliklə bağlı müxtəlif standartlardan çıxış edərək, yeni demokratiya əldə etmiş ölkələrin pis göstəricilərini və nəhayət, demokratik geriləmə və durğunluq yaşayan varlı qeyri-qərb ölkələrini misal çəkir. Bu problemlə bağlı gedən debatda hər iki tərəfin güclü arqumentləri var amma mən düşünmürəm ki, “Freedom House”-un və digərlərinin hesabatlarının analizi bu böyük suala dolğun cavab verə bilər.

Araşdırma məlumatlarının ortaya çıxardığı ümumi trendin böyük cizgiləri əlbətdə ki, mübahisə doğurmur. 1975-85-ci illərdə demokratiya dünyada geniş vüsət aldı. 1985-95-ci illər arasında isə sürətlə genişlənməyə və inkişaf etməyə başladı. Daha sonrakı onillikdə onun inkişafı zəifləməyə başlasa da, bu proses 2000-ci ilə kimi davam etdi. O zamandan başlayaraq, demokratiya durğunluq və çox kiçik geriləmələr yaşadı, amma Samuel P.Hantiqtonun iddia etdiyi kimi, əvvəlki onilliklərə bənzər “əks dalğa” forması almadı. Demokratik proqresin yoxluğunu, neqativ mənada, “durğunluq” kimi və ya əldə edilmiş demokratik uğurların qorunması kimi xarakterizə etmək olardı. Analizlərin ortaya çıxardığı məlumatlarda demokratiyanın bir elementinin zəifləməsi, demokratiyanın tərəfdarları, dostlar və hətta ona skeptik yanaşanlar arasında onun ümumilikdə gerilədiyinə işarə etmirdi.

Mənim baxışıma görə, demokratiyada “geriləmə” sentimentlərinin mənbəyini başqa yerlərə baxaraq aydınlaşdırmalıyıq. Bu barədə yazılmış bir neçə məqalə bizim köməyimizə gələ bilər. Mövzuyla bağlı bir neçə mənbə, Larri Daymondun məqaləsinin sonunda verilib. Onlardan biri, Daymondun “pis idarəçilik” adlandırdığı fenomenə, Fransis Fukuyamanın (ing:Francis Fukuyaman) məqaləsində aydınlıq gətirilib. Bu termin, ilk öncə, bir çox yeni demokratik quruluşların müasir demokratik dövlət quruculuğundakı uğursuzluğa işarə edir. İqtisadi geriləməyə, pis ictimai xidmətə, şəxsi təhlükəsizliyin təmin olunmamasına, artan korrupsiya hallarına calaşdırılan bu uğursuzluq, həmin dövlətlərdə yaşayan insanlarda demokratiya ilə bağlı – tamamilə başa düşülən şəkildə – məyusluq yaratdığını deməliyik.

Fukuyama iddia edir ki, “dünyada olan demokratyaların legitimliyi demokratik institutların güclənməsindən yox, onların yüksək keyfiyyətli idarəçiliyi təmin etməyindən asılıdır”.

Təbii ki, pis idarəçilik bir çox (ancaq hamısı deyil) qeyri-demokratik ölkələrə də təsir edir, amma bu uğursuzluq yaşayan dövlətin vətəndaşları üçün zəif təsəllidir.

Fukuyama bu nəticəyə gəlir ki, demokratiyanı gücləndirmək istəyənlər gərək dövlət quruculuğu və həm də prozaik bir məsələ olan ictimai idarəçiliyə və dövlət proqramlarının icrasına xüsusi diqqət ayrımalıdırlar. Sözsüz ki, bu faydalı məsləhətdir. Amma bununla belə, yaxşı idarəçiliyə nail olmaq ağır, yeni demokratik quruluşlarda isə ümumiyyətlə çətindir. Vətəndaşlar üçün demokratik anlayışların və institutların yeni olduğu cəmiyyətlərdə pis idarəçiliyin günahı birmənalı şəkildə demokratiyanın boynuna atılır.

Demokratik sistemə keçiddə uğursuzluq, qismən də olsa, onu ilk dəfə qəbul edən ölkələrdə baş verir. Lakin bu demokratiyanın uzunmüddətli planda uğursuzluq yaşayacağına dəlalət etmir. Təbii ki, demokratiyanın möhkəmlənməsi üçün uzun illər lazım olacaq amma zaman, yenə də, demokratiyanın tərəfində olacaq.


Demokratiya ilə Bağlı Şübhənin Üç Mənbəyi

Bu uzunmüddətli optimist ssenari, dövlətlərin əvvəl-axır demokratiyanın qurulmasına çalışacaqlarını öngörür. Buna səbəb, həm demokratiyanın qlobal siyasi legitimlik standartı kimi görülməsi və həm də, bütün ölkələrin can atdığı ən effektiv və uğurlu idarəçilik sistemi kimi qəbul olunmasındadır. Son illərdə baş verən ən ciddi dəyişiklik, bu baxışın getdikcə ciddi sual altına alınmasıdır. Düşünürəm ki, bu dəyişikliyi doğuran üç ciddi səbəb var: 1) inkişaf etmiş demokratik idarəçilik sistemi olan ölkələrdə siyasi və iqtisadi vəziyyətin getdikcə pisləşməsi duyğusu, 2) bir çox avtoritar dövlətlərin davamlı sistem qurması və özlərinə olan güvənin artması, 3) demokratiyalar və ona rəqib olanların geopolitik balansının dəyişməsi.

Bu üç səbəbdən birincisi, 2008-ci ildə yaşanan maliyyə böhranı və onun iqtisadi təsirləri – tənəzzül və işsizliyin artması oub. Xatırladaq ki, bu proses Avropada hələ də davam edir. Belə ki, inkişaf etmiş demokratiyaların tənəzzül yaşadığı müddətdə, bazar iqtisadiyyatına əsaslanan yeni yaranmış ölkələrdə sürətli inkişafın davam etməsi, Qərbin siyasi və iqtisadi institutlarının “digərləri” tərəfindən əxz edilməsinin vacibliyini şübhə altına qoydu. İnkişaf etmiş ölkələrin böhrandan uğurla çıxa bilməməsi və sistemin iflasa uğraması, onların modelinin cəlbediciliyinə növbəti ciddi zərbəni vurdu. Qlobal miqyasda, demokratiyanın təbliği kontekstinin dəyişkliyə uğraması ilə bağlı məqalə yazan Tomas Karazers (Thomas Carothers) qeyd edir ki: “Amerika Birləşmiş Ştatları və Avropada demokratiyanın doğum sancıları yaşaması, dünyada olan insanların demokratiyaya olan müsbət münasibətlərinə ciddi zərbə vurdu”.

Demokratiyanın nüfuzunun azalmasının bir digər tərəfi, bəzi aparıcı avtoritar rejimlərin gücünün artmasıdır. Onların arasında əsas dövlət Çindir. Çinin demokratik islahatlar etmədən, güclü və daim böyüyən iqtisadiyyat qurması, ölkələri zənginliyə aparan yeganə yolun demokratiyadan keçdiyini iddia edən baxışı şübhə altına qoydu. Eyni zamanda, Eş Gimah Boadinin (E.Gyimah-Boadi) qeyd etdiyi kimi, “Çin, Afrika dövlətlərini qeyri-qərb bazarı ilə təmin edir, onlara hərbi və inkişaf üçün yardım edir”. Bu yardımlar insan hüquqlarının təmini, hökümətin şəffaflığı və məsuliyyəti kimi ön şərtlər olmadan edilir. Çin güclü amma qeyri-demokratik olan yeganə dövlət deyil. Rusiya, İran, Səudiyyə Ərəbistanı və Venesuella da demokratiyanın inkişafının qarşısını almaq üçün bir-birinin təcrübələrini öyrənir və tətbiq edir.

2015-ci ildə Endryu J.Natanla (Andrew J.Nathan) başlayaraq, biz, Demokratiya Jurnalı olaraq, ilk seria məqalələrimizi yazmağa başladıq. Məqalələr toplusuna “avtoritarizmin canlanması” adını verdik. Bu başlıq bizi doğrudan incidir, çünki 1993-cü il toplusundakı məqalələrimizə “Demokratiyanın Qlobal Canlanması” adını vermişdik. Ancaq bu günlərdə biz, çox ölkəyə yayılmasa da, avtoritarizmin ayaq tutub yeridiyini müşahidə edirik. Bu irəliləmənin ilk siqnalı avtoritar rejimlərin müxtəlif regional və qlobal beynəlxaq təşkilatlarda “yumşaq güc”-dən istifadə etməyə başlaması idi. ATƏT, Avropa Şurası və Amerikan Birliyi Dövlətləri (?) kimi təşkilatların qurulmasında demokratik dövlətlər və onların dəyərləri mühüm rol oynayıb. Lakin 1990-cı illərdən başlayaraq, bu təşkilatlarda təmsil olunan anti-demokratik dövlətlər onları zəiflətməyə başladı. Rusiya və Çin kimi avtoritar dövlətlər bu sahədə öz mədəni diplomatiyalarını və beynəlxaq medianı işə salıb. Qərb isə əksinə, bu istiqamətdə fəaliyyətini spontan qurmuş və ona çox az resurs cəlb etmişdi.

Inkişaf etmiş demoktratik dövlətlər isə təkcə “yumşaq güc” üzərindən aparılan rəqabətdə uduzmayıb. Hər keçən gün demokratik dövlətlərin sərt gücü, yəni hərbi gücü, zəifləməyə başlayıb. Belə ki, avtoritar dövlətlər hərbi xərclərini daha da artırmağa başlayıb, əvəzində isə demokratik dövlətlər hərbi büdcələrini azaldıb. Son 25 ildə bizim jurnal da daxil olmaqla, bir çox akademik jurnallar dövlətlərarası hərbi əməkdaşlığa çox az yer ayırıb. Bizsə həm də onu görürdük ki, beynəlxaq münasibətlərin formalaşmasında demokratiya uğrunda mübarizə daha ciddi rol oynayır. Bunu üçüncü dalğanın yüksək vaxtlarında daha aydın görmək olurdu. Beynəlxalq kontekst önəmli rol oynasa da, əsas təsiredici güclər daxili problemlər, hərəkatlar və konfliktlər idi. Bu səbəbdən akademiklərin əsas diqqəti daxildə yaşanan proseslərə köklənmişdi.

Biz, hələ də, güman edirik ki, jurnal üçün seçdiyimiz yol doğru olub. Həm də, özümüzə sual veririk ki, bəlkə 1990-cı illər qeyri-tipik bir proses idi? Bəlkə də Amerika Birləşmiş Ştatları tərəfindən formalaşdırılmış və onun demokratik müttəfiqləri tərəfindən dəstəklənən “tək qütblü siyasət” demokatiyaya meylin qlobal səviyyədə yayılmasına səbəb olmuşdu. Belə bir münbit beynəlxalq şərait olmasaydı, bəlkə də, demokratiya yayılmayacaqdı. Bu tipli şərh Robert Kagan tərəfindən irəli sürülüb. Onun qeyd etdiyi kimi, “Böyük güclər arasında olan geopolitik dəyişikliklər tez-tez olsa da, həmişə müharibə ilə nəticələnmir. Amma bu dəyişiklik, kiçik və zəif dünya ölkələrinin siyasətinə çox ciddi təsir edir”. Kagan iddia edir ki, ABŞ beynəlxalq münasibətlərdə “təsir gücünü” itirməyə başlayıb. Bu isə demokratiyanın gələcəyinə “dolayı yolla zərbə” vurur.

2014-cü ildə bu trendlər açıq-aşkar özünü göstərməyə başladı. İŞİD-in Suriya və İraqda güclənməsi, Tunisi çıxmaq şərti ilə “Ərəb Baharının” gözlənilən demokatik dəyişiklik yaratmaq gücündə olmamaması, Tarek Masoud-un da qeyd etdiyi kimi, “Qərbin Yaxın Şərqdə demokratiya və qayda-qanun tətbiq etmək istəyi uğurla nəticələnmədi”. Eyni zamanda, Çinin Şərqdə və eləcə də, Cənubi Çin Dənizlərində güc nümayişi etdirməsi onun Asiyada güc siyasətinə keçəcəyi qorxusunu yaratdı. Ən önəmlisi, Rusiyanın hamının gözü qarşısında, heç kimdən çəkinmədən Krımı ilhaq etməsi və Şərqi Ukraynanın bəzi ərazilərini işğal etməsi, demokratik dövlətlər tərəfindən yaradılmış və əsas qoyulmuş qanunlara söykənən beynəlxaq qaydanın daha əvvəlki kimi effektiv işləmədiyin ortaya çıxartdı. Rusiyanın siyasi sistemini analiz edən Lilia Şevçova (Lilia Shevtsova) qeyd edir ki, “Rusiya bu gündən sonra xarici siyasətdə hərbi dillə danışmağa başlayacaq, onun bütün kompromisləri daimi əsaslı deyil, taktiki əsaslı olacaq”.

Əgər doğrudan da, liberal dünya qaydası avtoritar dövlətlər tərəfinin basqısı nəticəsində pərən-pərən düşəcəksə, o zaman demokratiyanın gələcəyi doğrudan da pis olacaq. Müxtəlif dövlətlərin və ya onların birliklərinin təsir dairəsi altına alınmış, gücə əsaslanan dünya bölgüsü sistemi yaranacaqsa, o zaman hər hansısa bir dövlətin demokratiya yolunu tutması onun yerləşdiyi coğrafiyadan və müttəfiqi olduğu dövlətlərdən asılı olacaq. Alina Mungiu-Pippidinin qeyd etdiyi kimi, post-komunist ölkələrində demokratiyanın gələcəyi, həmin dövlətlərin Rusiya və ya Avropa Birliyi ilə sərhəddə olmasından asılı olacaq.

Geopolitikada özünü göstərməyə başlayan bu yeni trend oyun qaydalarını dəyişməklə təhdid edir. Bu ölkələrin daxilində olan güc qruplarının idarəçilik sistemini seçmək iradələrini zəiflədəcək və xaricdən tətbiq olunan idarəçilik sisteminə boyun əydirəcək. Daha da önəmlisi, əgər yeni geopolitik tarazlıq avtoritar istiqamətli olsa, o zaman bu bir çox fərdlər və xalqlar üçün daha cəlbedici idarəçilik kimi görünəcək və onları daha güclü olanın yanında olma istiqamətinə sürükləyəcək. Bu şərtlər altında demokratiya bir çox cəlbediciliyini itirəcək. Onun sındığı yerdə yenidən bərpa etmək istəyi çox az olacaq. Artıq zamanın demokratiyanın yanında olmasını əminliklə demək olmaz.

Bu tutqun ssenari bizləri qorxutmamalıdır. Belə ki, avtoritarların bir çox zəif tərəfləri, (neftin qiymətinin düşməsi ilə bu daha da dərinləşəcək) demokratiyanın isə bir çox güclü tərəfləri var. Demokratiya özü-özünü yenidən düzəltmə bacarığında olan bir idarəçilik sistemidir. Gec və astagəl davransa da, demokratiyanın böhrandan çıxmaq bacarığı daha güclüdür. Mübahisəli olsa da, 1970-ci il böhranı indikindən daha dərin idi, amma həmin vaxt demokratik ölkələr böhrandan uğurla çıxa bildi. Böhrandan çıxmaq yenə də mümkündür. Lakin bunun üçün demokratiya tərəfdarları onun hazırki tənəzzülünü diqqətlə öyrənməli və bu tənəzzülün qarşısını almaq üçün ciddi tədbirlər görməlidir.

Ana səhifəAnalitikaDemokratiya çöküş yaşayırmı?