Azər Maqsudov: “Mərkəzdə dəm qazı zəhərlənməsi ilə qəbul olunan xəstələr arasında ölüm hadisəsi qeydə alınmayıb”
Havalar soyuduqca evləri isitmək ehtiyacı yaranır. Azərbaycanda mərkəzləşdirilmiş istilik sistemi olan binalar az olduğundan, insanlar evlərini müxtəlif cür qaz sobaları, kombilərlə qızdırmağa çalışırlar. Elə ona görədir ki, son aylar hər gün dəm qazından zəhərlənmə xəbərləri yayılır. Bu zəhərlənmələrin də əksəriyyəti ölümlə nəticələnir.
Təkcə noyabrın 28-də dəm qazından zəhərlənmə ilə bağlı 2 məlumat yayılıb. Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 109, mənzil 38 ünvanında yaşayan 1964-cü il təvəllüdlü Qumru Qurbanova və bacısı, 1960-cı il təvəllüdlü Gülnar Qurbanova yaşadıqları evdə dəm qazından zəhərləniblər. Q.Qurbanova ölüb, bacısı isə xəstəxanaya yerləşdirilib.
Qaradağ rayonu, Səngəçal qəsəbəsinin 50 yaşlı sakini Səmayə Nəsirova isə yaşadığı evin hamamında nəvəsi, 6 yaşlı Nərmin Məmmədovanı çimizdirərkən dəm qazından zəhərlənib. S.Nəsirova boğularaq ölüb, N.Məmmədova isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Kimyəvi adı karbon-monooksid (CO) olan dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül, suda pis həll olunan qazdır. Dəm qazına tamam yanma məhsulu olub güclü zəhərləyici xassəyə malikdir. Hava təmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar yarandıqda, insanlar bu qazla nəfəs almaq məcburiyyətində qalırlar. Nəticədə, dəm qazından zəhərlənmə baş verir. Bu, daha çox rast gəlinən zəhərlənmələr siyahısında (alkoqoldan, dərman preparatları və narkotik maddələrlə zəhərlənmədən sonra) dördüncü yeri tutur.
Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyir ki, noyabrın ilk həftəsində onlara zəhərlənmə ilə 8 nəfər müraciət edib. Bugünə qədər isə 31 müraciət olub. Onlardan 17 xəstəni Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirmişdik. 4 nəfərin vəziyyəti çox ağır olub. Biri azyaşlı uşaq idi. İçlərində qismən normal olanlar evə yola salınıb, qalanları isə bir neçə gün diqqət mərkəzində saxlanıb, müalicə edilib.
A.Maqsudov bildirib ki, oktyabrda 28 nəfər dəm qazı zəhərlənməsi ilə onlara müraciət edib, həmin şəxslərdən 21-i mərkəzə qəbul olunub: “Zəhərlənən şəxslərdən 3-ü azyaşlı olub. Mərkəzdə dəm qazı zəhərlənməsi ilə qəbul olunan xəstələr arasında ölüm hadisəsi qeydə alınmayıb. Oktyabrda mərkəzə dəm qazından ölən 2 nəfərin meyiti gətirilib”.
Azər Maqsudov deyir ki, belə hal baş verdikdə və vaxtında lazımi tibbi köməklik göstərilmədikdə sonluq arzuolunmaz hadisələrlə nəticələnə bilər: “Dəm qazı orqanizmə əsasən nəfəs alma zamanı ağciyərlər vasitəsilə daxil olur. Orqanizmə daxil olan dəm qazı hemoqlobinlə birləşərək karboksihemoqlobin əmələ gətirir. İnsanlar yüksək konsentrasiyalı dəm qazı olan mühitdə çox qaldıqda zəhərlənmə daha güclü, ölüm isə bir o qədər sürətli olur”.
Həkimlər deyirlər ki, dəm qazı ilə zəhərlənmənin səbəbləri sırasında suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması (duş qəbul edən şəxsi nəzarətdə saxlamaq və tez-tez maraqlanmaq vacib şərtdir), soba ilə qızdırıcı sistemlərdə texniki təhlükəsizlik qaydalarının pozulması, standarta uyğun olmayan və kustar yolla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməsi, sobanın qapağının vaxtında bağlanmaması, tüstü çıxarıcı boruların və tüstü bacasının yaxşı işləməməsi, sobanın və tüstüçəkən bacanın nasaz vəziyyətdə olması, sobada və borularda çatların və nasazlıqların olması, qapalı yerlərdə, xüsusilə otaqlarda və mənzillərdə hava mübadiləsinin pis olmasıdır.