Dələduzluqda təqsirləndirilən idmançının məhkəməsi başlayıb

Rövşən Heybətov sabiq deputatın oğlunun şikayəti əsasında həbs edilib

Source:


Rövşən Heybətov sabiq deputatın oğlunun şikayəti əsasında həbs edilib

Yanvarın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən idman ustası, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Rövşən Heybətov sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovun şikayəti əsasında həbs edilib.

Hakim Azər Paşayevin sədrlik etdiyi iclasda məhkəmə istintaqı aparılıb. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. İttihama münasibət bildirən R. Heybətov isə özünü təqsirli bilməyib.

Prosesdə zərərçəkmiş şəxs qismində ifadə verən E.Məmmədov deyib ki, R.Heybətovla yaxşı münasibəti olub:

“2015-ci ilin noyabr ayında Moskvada idik. Rövşən mənə iş qurmağı təklif etdi. Türkiyədə qəlyan biznesi quracaqdıq. 200 mindən çox pul lazım oldu. Mən də dedim özbaşına verə bilmərəm, atamla məsləhətləşməliyəm. Gəldim atama danışdım, atamla Rövşəni görüşdürdüm. Rövşən atamı da inandırdı. Maşın satmışdım, yüz min manatım var idi. Yüz min manat da bankdan kredit götürüb verdim. Kreditin sənədlərin də göstərdim. Bir aylıq götürmüşdüm ki, faizi az olsun. Rövşənə də dedim, bu pul mənim boynumdadı. Rövşən dedi, Türkiyəyə gedəndə iki idmançı aparacaq, təhlükəsizlik baxımından belə yaxşıdı. Mən də Türkiyəyə onlardan sonra getdim. Getdim həmin otelə. Yanında apardığı idmançılar qaçdılar qabağıma ki, Rövşən qəza törədib.  Getdik xəstəxanaya, həkimlər dedilər, ciddi bir şey yoxdu. Sonra getdik polis idarəsində ifadə verdi. Güya pul onun kirayə götürdüyü maşında imiş və yoxa çıxıb. Rövşən dedi, evini adımıza keçirəcək, qalan pulu da qaytaracaq. Sonra xaricə çıxıb getdi, evi vermıdi. İndiyə kimi mənə144 min dollar pul ödənilib “.

Rövşən Heybətov

Proses fevralın 2-də davam edəcək.

Elnur Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manatlıq dələduzluq əməli törətdiyini bildirib.

Faktla bağlı araşdırma aparılıb, Rövşən Heybətov saxlanılıb. Onun barəsində ötən il noyabrın 25-də Xətai Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Sonradan o zaminə buraxılıb.

Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

Elnur Məmmədov “Best of the Best” promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsidir

Ana səhifəXəbərlərDələduzluqda təqsirləndirilən idmançının məhkəməsi başlayıb