”Dəhşətli mənzərə idi, qışqırıb ağlayırdılar ki, bizi buraxma…”

Zərəçəkən: “Yanğının başladığı, ilk tüstü çıxan palata M.Məmmədovun yatdığı palata deyildi”

Source:

Respublika Narkoloji Mərkəzində 25 nəfərin ölümü, daha 29-nun xəsarət almasına səbəb olmuş yanğınla bağlı məhkəmə araşdırmaları davam edir. Hadisəyə görə cinayət məsuliyyətinə cəlb olunmuş dörd nəfərin – Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin direktor müavini Mahir Abdullayev, hadisə vaxtı Mərkəzdə müalicə olunan Məhəmməd Məmmədov və onun həkimi Afət Məmmədovanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Noyabrın 8-də hakim Azər Paşayevin sədrliyilə keçirilən məhkəmədə yanğın vaxtı Mərkəzdə müalicə olunan, hadisənin canlı şahidi Rasim Hüseynov ifadə verib. Zərərçəkmiş qismində dindirilən R.Hüseynov bildirib ki, spirtli içki aludəçisi olduğu üçün müalicə olunurdu. Bundan əvvəl də müalicə alıb və təqsirləndirilən M.Məmmədovu o vaxtdan tanıyıb.

R.Hüseynov ifadəsində göstərib ki, o, səhər saat 5-dən sonra yata bilmirdi, hadisə günü də adəti üzrə oyaq idi. Dəhlizə çıxanda görüb ki, 4-5 nəfər başqa oyaq olanlar da var – mühafizəçi, sanitar və s. Onun sözlərinə görə, qəfildən palatalardan birindən tüstü gəldiyini görüb, ora qaçıblar, içəridə olan iki nəfəri çıxarmağa çalışıblar. Mühafizəçi su gətirib alovun üstünə tökəndə qara tüstü ətrafa yayılıb və göz-gözü görməyib.

R.Hüseynov bildirib ki, yanğının başladığı, ilk tüstü çıxan palata M.Məmmədovun yatdığı palata deyildi. Zərərçəkmişin sözlərinə görə, onunla eyni palatada qalan Elnur adlı şəxs də hadisə nəticəsində ölüb:

“Qapıları döyürdük, qışqırırdıq, dərin yuxuda olan xəstələr oyansın deyə, onların sinəsinin üstünə çıxırdılar. Palata yoldaşımı mən oyatdım. Bayıra çıxanda gördüm yoxdur, onu çıxarmaq üçün yenə içəri qayıtdım. Gördüm ki, tüstüdən boğuluram. Tapa bilmədim. Həmin vaxt dəhşətli mənzərə idi. İçəridəkilər qışqırıb ağlayırdılar ki, “bizi buraxma”. Biz də bu tərəfdə ağlayırdıq”.

Zərərçəkmişin sözlərinə görə, yanğınsöndürənlər suyu vurmağa başlayan kimi yanğın olan korpusun dam hissəsi çökdü. Həmin vaxt məlumatlar yayılıb ki, yanğın elektrikdən qısaqapanma nəticəsində baş verib.

Məhkəmənin növbəti iclası dekabrın 4-nə təyin edilib.

Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə almış Məhəmməd Məmmədov Cinayət Məcəlləsinin 120.2.4 (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə ittiham olunur. Əvvəlcə o, həbs olunub. Daha sonra Mərkəzin sabiq direktoru Telman Məmmədhəsənov, mühəndis Mahir Abdullayev və şöbə müdiri Azad Ələkbərov həbs olunub. Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Başqa bir şöbə müdiri Afət Məmmədova isə həbs olunmasa da, onun da barəsində cinayət işi başlanıb, CM-in 311-ci (rüşvət alma) maddəsilə ittiham elan olunub.

A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun barəsindəki cinayət işi ayrılıb. O, sentyabrın 28-də vəfat edib.

Ana səhifəXəbərlər”Dəhşətli mənzərə idi, qışqırıb ağlayırdılar ki, bizi buraxma…”