1 mayda Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Pərviz Həşimlinin işində sənədlər araşdırılıb. Vəkil Elçin Sadıqovun prosesə əlavə şahidlərin çağırılması ilə bağlı vəsatəti rədd edilib.
Jurnalist çıxışında bildirib ki, onu həbs edən gün MTN-nin sabiq birinci müavini Əli Nağıyevin əleyhinə ifadə verməsi üçün 1 milyon manat təklif olunub: “Mənə dedilər ki, Əli Nağıyevin “üzünə dur”, onun evində axtarış aparacaqlar və tapacaqları 1 milyon manatı sənə verəcəyik. Ondan sonra azad olunacaqsan. Əgər bu addımı atsaydım, Əli Nağıyev həbs olunacaqdı. Daha sonra “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun əleyhinə ifadə alınması ilə bağlı təzyiqlərə məruz qaldım. Eyni zamanda, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Maliyyə İdarəsinin rəisi də mən həbs olunan gün saxlanılmalıydı. Cavab verdim ki, əgər mən dediklərinizə boyun əysəm, Təvəkkül Qurbanov (jurnalistlə birgə təqsirləndirilən şəxs S.V.) kimi şərəfsiz olmalıyam”.
Jurnalist deyib ki, onun qarşısında bu tələbləri MTN-nin Antiterror İdarəsinin rəhbəri Elçin Quliyev qoyub.
Pərviz Həşimli bildirib ki, Təvəkkül Qurbanov MTN-də ona deyib ki, “üzə duranda” düşünüb ki, 1-2 aya azadlığa çıxacaq. Bu sözdən sonra
Pərviz Həşimli ilə Təvəkkül Qurbanov arasında mübahisə yaranıb, tərəflər bir-birini qarşılıqlı təhqir ediblər.
Növbəti məhkəmə prosesi 5 mayda keçiriləcək.
Pərviz Həşimli Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı və sair əldə etmə, saxlama, satma kimi əməllər təkrar törədildikdə ) 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.