Keçmiş baş həkimin məhkəməsi davam edir
1 saylı Şəhər Dəri-zöhrəvi Xəstəxanasının keçmiş baş həkimi Rəşad İsmayılov külli miqdarda dələduzluq və rüşvət verməyə təhrik ittihamlarını qəbul etmir. Səhiyyə naziri olub, sonra kimisə baş həkim təyin etmək vədiylə pul alıb aldatmaq ittihamıyla həbs olunan Rəşad İsmayılov məhkəmədə ifadəsində bildirib ki, o, heç kimi aldatmayıb.
Sabiq baş həkimin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə baxılır.
Məhkəmədə ifadə verən Rəşad İsmayılov deyir ki, o, Sürəyya Qasımovadan pulu borc alıb. Özü də ittihamda bəhs olunan 280 min manat ona bir dəfəyə verilməyib: "Biz onunla bir qrupda oxumuşuq. Pulu mənə saziş əsasında verib. Mənə xaricdən – "Pepsi Cola" şirkətindən 1 milyon 300 min dollar pul gəlməliydi. Mənim özümü də aldatdılar. Vüsal Əliyev vardı, o dedi ki, o pulu almaqda mənə kömək edəcək. Buna görə ona pul verməliydim. Sürəyyanın əri də iki dəfə elə birbaşa Vüsala pul verib. Pul Gürcüstana, oradan Azərbaycana gəlməliydi. Sonradan bildim ki, Sürəyyagil də altdan-altdan səsimi yazıb prokurorluğa verirmiş. Tutuldum, o iş də qaldı…"
Sürəyya Qasımova məhkəmədə şahid qismində dindirilib. O da təsdiqləyib ki, sabiq baş həkimlə qrup yoldaşı olublar: "Ünsiyyətimiz vardı, bir-birimizin yanına xəstə göndərirdik. Birinci dəfə 700 manat borc istədi, verdim. İkinci dəfə 1500 manat istədi. Yenə verdim. Sonra dedi ki, yüksək vəzifəyə gedirəm, mənə kömək elə. Mən də evdə nə vardısa, verdim. İllərlə yığdıqlarımızın hamısını – avro da vardı, dollar da, manat da. Demişdi ki, xaricdən alacağım var. İspaniyada biznesi olduğunu bildirmişdi. Ümumilikdə 280 min manat pul vermişəm. Bir avtobusumuz vardı, onu satdıq, "Pajero" maşınımızı satdıq…"
Sürəyya Qasımova bu pulları baş həkim təyin olunmaq üçün verdiyini məhkəmədə demək istəməyib. Bu zaman istintaqdakı ifadəsi ona xatırladılıb. Həmin ifadədə o bildirib ki, Rəşad İsmayılov özünün yaxın vaxtlarda səhiyyə naziri təyin ediləcəyini, onu da Koordiologiya İnstitutuna baş həkim təyin etdirəcəyini demişdi: "Mənə demişdi ki, özündə olan bütün pulları da bu məqsədlə yüksək vəzifəli adama verib. O adamın adını burada demək istəmirəm".
Sualları cavablandıran şahid bildirib ki, o, sinir xəstəlikləri üzrə ixtisaslaşmış həkimdir. Lakin o, Elmi-Tədqiqat Koordiologiya İnstitutuna baş həkim təyin olunmaq istəyirmiş.
Sürəyya Qasımova təsdiqləyib ki, həyat yoldaşı iki dəfə pulu Vüsal Əliyev adlı şəxsə verib.
Təqsirləndirilən sabiq baş həkimin Samir Şahbazov adlı şəxsdən də pul aldığı iddia olunur. Rəşad İsmayılov həmin vəsaiti də borc aldığını bildirib.
Rəşad İsmayılova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.312 (rüşvət verməyə təhrik) maddəslərilə ittiham irəli sürülüb.