”Daxili siyasətdə problemlər mövcuddur”

Fazil Mustafa: Ölkədən maliyyə axını iqtisadiyyata mənfi təsir edə bilər

Source:
Milli Məclis
Milli Məclis


Fazil Mustafa: Ölkədən maliyyə axını iqtisadiyyata mənfi təsir edə bilər

“Maliyyə axını digər ölkələrin iqtisadiyyatının inkişafına xidmət edir. Bu məsələlərə ciddi nəzarət olunmalıdır. Ölkədən maliyyə axını iqtisadiyyata mənfi təsir edə bilər və bu məsələ üzərində düşünmək lazımdır. Sabah insanları həbsə atmaqla problemləri həll etmək olmaz. Odur ki, bu məsələyə ciddi diqqət yetirilməlidir”. Bunu deputat Fazil Mustafa parlamentdəki çıxışında deyib. O bildirib ki, 2017-ci ildə dünyada qlobal iqtisadi-maliyyə böhranı davam etdiyi bir zamanda Azərbaycan bu kataklizmlərdən özünü qoruya bilsə də, daxili siyasətdə problemlər mövcuddur. F.Mustafa vurğulayıb ki, daha çox iqtisadi sahədə baş verən proseslərdə narahatlıq var.

Deputat Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı aparılan hazırlıq işlərindən narazı olduğunu, bu sahədə işlərin çox ləng, hətta hiss olunmayacaq səviyyədə getdiyini deyib: “Ciddi bir film çəkilmədi, kitab çap olunmadı. Heç olmasa 2018-ci ildə bu işlərə diqqət yetirilsin. Xüsusən də film çəkilişi məsələsinə diqqət yetirilsin. Çünki nəticədə 100 illik yubileylə bağlı məsələdə Ermənistan və Gürcüstandan geri qala bilərik”.

Fazil Mustafa

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar müvafiq sərəncam verib və müvafiq qurumlar bu tədbirlərin üzərində işlər aparırlar. O qeyd edirb ki, qarşıdan parlamentin 100 illiyi gəlir.

“Biz təxminən gələn ilin iyun ayının 10-a qədər parlamentin 100 illiyini keçirəcəyik. Bu yöndə də müyyən tapşırıqlar verilib”- deyə spiker bildirib.

Bir neçə gün öncə Milli Məclisin deputatlarından ibarət futbol komandası ilə jurnalistlərin komandası arasında futbol yarışı keçirildiyini toxunan O.Əsədov yarışda qalib gələn deputatları təbrik edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş həmin oyun 3:2 hesabı ilə deputatların xeyrinə nəticələnmişdi.

Qənirə Paşayeva
Qənirə Paşayeva

Əlilliyi olan şəxslərin təhsil ödənişindən azad edilməsi təklif edilir

Deputat Qənirə Paşayeva əlilliyi olan şəxslərin ödənişli ali təhsildən azad edilməsi məsələsini qaldırıb:

“Bu adamların sayı azdır. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqının ödənişi dövlət vəsaiti hesabına həyata keçirilsin. Çünki onlara üçün bu vəsaiti ödəmək çox çətindir. Ona görə də əlillərin ödənişli ali təhsildən azad edilməsi sağlamlıq imkanları məhdud insanlarımızın təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım olardı. Onlar yaxın zamanlarda bu məsələyə baxılmasını və öz həllini tapmasını gözləyirlər”.

Senzura olmamasından sui-istifadə etmək lazım deyil

Deputat Musa Qasımlı Azərbaycan telekanallarını tənqid edib. O, telekanal rəhbərlərini Azərbaycanın milli qəhrəmanlarını, dahilərini və tarixi abidələrini şühbə altına alan verilişlər verməkdə ittiham edib. Telekanal və media rəhbərlərini bu məsələdə məsuliyyətli olmağa və onları Azərbaycanın milli maraqlarına zərbə vurmamağa çağıran deputat deyib ki, senzura olmamasından sui-istifadə etmək lazım deyil. “Bu gün telekanallarda milli və tarixi şəxsiyyətlərimizin milli kimliyini şübhə altına alan verilişlərin şahidi oluruq. Hesab edirəm ki, belə verilişlər bəzi xarici mərkəzlər tərəfindən hazırlanır və onların maliyyə dəstəyi ilə həyata keçirilir. Bunun da hədəfi bəllidir. Bu yolla xaricilər Azərbaycana qarşı məkrli planlarını həyata keçirməyə çalışırlar. Guya azərbaycanlılar hər hansı dünya səviyyəli tarixi şəxsiyyət yetirə bilməz, onlar aborigen deyil, yüksək mədəniyyətə malik deyillər.Bucür verilişlər hazırlamaq və ya yazılar yazmaqla cəmiyyətdə belə şübhələrə yol açmaq düz deyil. Hesab edirəm ki, media rəhbərləri məsuliyyətini dərk etməli və fəaliyyətlərini milli maraqlar və onun müdafiəsi istiqamətində qurmalıdırlar”.

Qəbiristanlığın yerləşdiyi torpaqların xüsusi mülkiyyətə verilməsi qadağan olunur

İclasda “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlarına dəyişiklik layihələrinə baxılıb. Dəyişikliyə əsasən, bələdiyyələr qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, həmçinin dəfn xidmətlərinin təşkilinə yardım göstərəcək.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna dəyişiklik layihəsinə əsasən isə Azərbaycanda qəbiristanlıqların yerləşdiyi torpaqların xüsusi mülkiyyətə verilməsi qadağan olunur. Həmçinin qəbristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qaydalara uyğun həyata keçiriləcək.

Komitə sədri Arif Rəhimzadə layihəni şərh edərək bildirib ki, indiyə qədər qəbirlərin qorunmasına dünyasını dəyişmiş şəxslərin yaxınları nəzarət edirdisə, artıq buna müvafiq icra hakimiyyəti cavabdeh olacaq.

İnkişafımızın əleyhinə olan xarici qüvvələr də az deyil

“Turizm haqqında” qanuna elektron vizaların 3 saat ərzində verilməsi ilə bağlı edilən əlavənin müzakirəsi zamanı deputat Elmira Axundova bunun müəyyən problemlərə yol aça biləcəyini deyib:

“Biz əgər vizaları sürətləndirilmiş qaydada, ən geci 3 saat ərzində veririksə, bu zaman müvafiq orqan ölkəmizə gəlmək istəyən turisti və ya hər hansı bir insanı belə qısa zamanda necə yoxlayaraq biləcək ki, bu insan respublikamıza hansı səbəbdən və hansı niyyətlə gəlir. Nəzərə alaq ki, Azərbaycan müharibə şəraitində yaşayır, ölkəmizin xarici düşməni var və inkişafımızın əleyhinə olan xarici qüvvələr də az deyil”.

O qeyd edib ki, hazırda bir çox ölkədə terrorizm halları çoxalıb: “Şükür olsun ki, bizim güclü və çevik hüquq-mühafizə orqanlarımızın sayıqlığı nəticəsində bu kimi hadisələr ölkəmizdə baş vermir, belə bir ehtimal olarsa, onun qarşısı vaxtında və böyük ustalıqla alınır. Mən başa düşürəm ki, burada məqsəd turizmin inkişaf etdirilməsi, turistlər üçün rahatlığın təmin olunması və vaxt sərfiyyatının azaldılmasıdır. Amma 3 saatdan az vaxt ərzində biz bir insana viza veririksə, bu zaman ölkəyə hər kəs rahatlıqla daxil ola biləcək. Xahiş edirəm ki, bu məsələyə aydınlıq gətirəsiniz”.

Oktay Əsədov
Oktay Əsədov

Spiker Oqtay Əsədov deputat cavab olaraq bildirib ki, bu, nəzərə alınıb: “Bu, ümumi bir kompüter sistemidir. Problem olmayacaq. Sadəcə, indiyə kimi 3 günə kimi uzadırdılar, amma indi azaldıldı ki, gələn turistlər üçün asan olsun”.

Milli Məclis tətilə çıxdı

İclasın sonunda Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibətilə Milli Məclisin müraciəti qəbul olunub.

Müraciəti deputat Məlahət İbrahimqızı oxuyub. Müraciətdə dünya azərbaycanlıları sıx birləşməyə çağırılır.

Milli Məclisin spikeri Oqtay Əsədov payız sessiyasının başa çatdığını elan edib. Sonda Azərbaycanın dövlət himni səsləndirilib.

Ana səhifəXəbərlər”Daxili siyasətdə problemlər mövcuddur”