FTX Daria Duqinanın qətlində “Ukrayna izi” tapdığını açıqlayıb

Aleksandr Duqin və Daria Duqina Foto: Twitter

“Qətli həyata keçirən Natalya Vovk Ukrayna vətəndaşıdır”

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) politoloq Aleksandr Duqinin qızı Daria Duqinanın qətlində Ukrayna xüsusi xidmət orqanlarını günahlandırıb.

Bu barədə FTX avqustun 22-də yaydığı açıqlamada bildirib.

Federal Təhlükəsizlik Xidmətinin məlumatında vurğulanıb ki, qətli həyata keçirən Natalya Vovk Ukrayna vətəndaşıdır: “1979-cu il təvəllüdlü Natalya Vovk iyulun 23-də qızı ilə birgə Rusiyaya gəlib və Duqinanın yaşadığı binada mənzil kirayələyiblər”.

“Avqustun 20-də Natalya Vovk Daria Duqinanın iştirak etdiyi festivala qatılıb. Qətli törədən günün səhəri, avqustun 21-də qızı ilə Pskov vilayətindən Estoniyaya keçib”, – deyə FTX bildirib.

Məlumatda qeyd edilib ki, Natalya Vovkun Rusiyaya daxil olarkən “Donetsk Xalq Respublikası”nın E982ХН DPR qeydiyyat nömrəli avtomobili olub:

“Moskvada isə Qazaxıstanın nömrələri istifadə olunub – 172AJD02. Qətldən sonra ifaçı “AH7771IP” Ukrayna nömrəsi ilə ölkəni tərk edib”.

Avqustun 20-də rusiyalı politoloq Aleksandr Duqinin qızı Daria Duqina avtomobilinin partlaması zamanı həlak olub.

Hadisənin Daria Duqinanın “Tradition” festivalından qayıdarkən baş verdiyi bildirilir.

Avqustun 21-də isə Daria Duqinanın qətlini “Milli Respublika Ordusu” öz üzərinə götürdüyü barədə açıqlama yayıb.

Ana səhifəDünyaFTX Daria Duqinanın qətlində “Ukrayna izi” tapdığını açıqlayıb