Daha toylara getmirəm…

Teatr izləmək mənim də haqqımdır!

Source:

Bir dəfə dostumun toyunda iştirak etdim. Toy restoranın ikinci mərtəbəsində idi. Uşaqlar arabamla məni ora sanki İran şəhzadəsi 3-cü Dara kimi çətinliklə, burulğan pilləkanlarla aparan kimi qaldırdılar. Qan-tər içində, nəfəsləri kəsilə-kəsilə hərəsi arabanın bir tərəfindən tutub, aramla məni ikici mərtəbəyə çıxardılar. Açığı, həm qorxurdum, həm də utanırdım. Ona görə qorxurdum ki, yıxılaram birdən. Həmin ərəfələrdə əsəblərim pozulmuşdu. Yaşadığım qəzanın şoku hələ keçməmişdi. Pilləkanlar Drakulanın qəsrindəki pilləkan üslubunda tikilmişdi. Utanırdım. Ona görə ki, tanış uşaqlara belə əziyyət verirdim. Geri dönəndə də eyni əziyyət. Sonra eşitdim ki,mənə kömək edən bir neçə uşağın beli tutub. Hələ nə yaxşı ağır çəkidə deyiləm. Yoxsa nəticə lap ağır olardı. İndi kimsə toyuna və ya harasa dəvət edəndə, giriş aşağı mərtəbədən olmayanda, ya lift olmayanda, getmirəm. Dostum və ya qohumum olsa belə.

Çox istəyirdim

Oda Teatrı

nın son tamaşına gedib, baxım. Öyrəndim ki, oranın infrastrukturu mənim əlil arabamla girib-çıxmağıma uyğun deyil. Düzdür, oranın aktyor heyətindən dəvət gəldi ki, gəl, biz kömək edəciyik sənə. Sağ olsunlar. Amma nə onlara, nə də öz dost-tanışlarıma əziyyət vermək istəmirəm. Deyəsən indi yeni məkana köçüblər. Oranın da əvvəlkidən fərqi yoxdur yəqin.

Yenə deyəcəklər, eyni mövzuda yazırsan. Təbii ki, bu sizin üçün böyük əhəmiyyət kəsb etmir. Sizə nə var? Axı siz belə əngəllərlə qarşılaşmırsınız. Bir zaman mən də bu əngəllərlə qarşılaşmırdım. Çünki öz ayaqlarımla gəzirdim. İndi gəzə bilmirəm. Əlil arabasından istifadə edirəm. Siz sadəcə heç kimin yerinə özünüzü qoymağa çalışmırsınız. Unutmayın, heç kimin zəmanəti yoxdur ki, bir dəqiqədən sonra əlillik və ya xəstəlik qazana bilər. Bu sözlərimi mənim kimi düşünməyənlərə qarşı düşmənçilik kimi yozmayın. Heç kimə bu hallarla qarşılaşmağı diləmirəm. İstədiyim və tələb etdiyim diqqət və anlayışdır.

Sosial şəbəkələrə, əsas da müzakirələrin ən azad və qızğın getdiyi facebook-a diqqətlə baxın. Ən son orda nə zaman əlilliyi olan insanların probleminin müzakirəsini görmüsünüz? Söhbət bir-iki nəfərin və ya hansısa nüfuzlu səhifənin bir paylaşımının altındakı müzakirədən getmire. İctimai rəyi nəzərdə tuturam mən. O ictimai rəy ki, facebook-u açırsan, 90 faiz ancaq bir mövzunu müzakirə edir. Təəssüf ki, həmin insanlar çox rahat Elza Seyidcahanın şerlərini, ələmin uçmağını, bir amerkanlının saz çalmağını, yağışın-qarın yağmağını və s. lazımsız şeyləri müzakirə edirlər. Amma əlilliyi olan insanların gündəlik diskriminasiya ilə qarşılaşmaqlarını, onların məhz cəmiyyət tərəfindən axmaq-yazıq baxışlarla kompleksə saldıqlarını, dilənçi zənn edildiklərini, infrastrukturun bərbadlığından və ictimai nəqliyyatdan istifadə edə bilmədiklərindən ev dustaqlığına məruz qaldıqlarını heç kim müzakirə etmir. Hanı bəs vətəndaş həssaslığı? Yarım milyon əlilliyi olan ölkədə bizim məsələlər aktuallığını itirməməlidir!

Fiziki məhdudiyyəti olan insanlar cəmiyyətdə qarşılaşdıqları əngəllərlə əlil olurlar. Əgər əlilliyi olan insan normal şəkildə evdən bayıra çıxıb, bir yerə gedə bilmirsə, hansı sosial inkişafdan danışır hökümət? Heç sosial binalarda əlilliyi olan insanlarımız üçün normal şərait yoxdur. Kosmosa peyk yollayan hökümət üçün bu ayıb bir şeydir.

Mən Sovet vaxtı inşa edilmiş 9 mərtəbəli binanın 6-cı mərtəbəsində yaşayıram. Lift isə 6-cı mərtəbə ilə, 7-ci mərtəbə arasındadır. Mən liftə  çatmaq üçün 9 pilləkan adlamalı oluram. Bu isə asan və mənim təkbaşına bacaracağım iş deyil. 9 pilləkanı qalxmaq üçün kənar adam, özü də  fiziki cəhətdən güclü adam lazımdır. Bu işi adətən atam, bəzən də qohumlardan,  və dostlardan kimsə etməli olur. Soveti arzulayanlara burdan ”atəşli” salamlarımı çatdırıram. “Fəxr” duysunlar qəlblərində əlilliyi olan vətəndaşlarını nəzərə almayan despotik rejimləri ilə. Bu rejimin digər neo-analoqları da tarixə gömüləcək. Heç şübhəniz olmasın.

Hökümətimiz necə qayğımıza qalır. Təhlil elədim və anladım nəhayət. İndi anladım ki, yaşadığım Əhmədli qəsəbəsində yollar niyə belə çala-çuxur, çınqıllı daşlıdır və hökümət bu yolları niyə düzəltmir?!  Əslində burda bir müqəddəs hikmət var. Deməli mən hər dəfə öz ƏLİL ARABAMLA məhəllədə gəzəndə tramplinlərin, səkilərin, daşların üstündən düşməkdən bezmişdim. Çözdüm bu əngəl fəlsəfəsini. Əslində bu xeyrimədir! Bəli, xeyrimə! Həmin analoqsuz infrastruktur mənə anatomik cəhətdən xeyir imiş, əziz oxucular. O əngəllərin üstündən atılıb-düşməkdən böyrək daşlarım tökülür, bədənimdə ölmüş sinirlər oyanır. Siz də, utanmadan yollardan gileylənirsiniz.

Cəmiyyətlə təmasımız azdır. Çünki təcrid edilmişik cəmiyyətdən.Kimsə bir obyekt açarkən, tikərkən, əlil arabası istifadəçilərini nəzərə ala bilər əvvəlcədən. Hökümət zatən bizi unudub, heç olmaya, sizlər unutmayın. Qeyri-hökümət binalarlı da elə olmasın.

Teatr izləmək mənim də haqqımdır!

Ana səhifəMənim FikrimcəDaha toylara getmirəm…