Vəkil cinayət materialları ilə tanış olmaq üçün vaxt istədir
Bakıda həbsdə olan daha iki nəfər Ermənistan vətəndaşının – İşxan Aşoti Sarqsyan və Vladimir Otari Rafaelyanın məhkəməsi başlayıb. Onların işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri – Elmin Rüstəmov, Dadaş İmanov və Nural Əliyevdən ibarət kollegiya baxır. Amma məhkəmə prosesi Bakıda Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilir.
Dekabrın 17-də məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. İşxan Sarqsyan bildirib ki, Yerevanda anadan olub, ali hərbi təhsil alıb, mühəndis-istehkamçı kimi hərbi hissədə çalışıb. Vladimir Rafaelyan də hərbi qulluqçu olduğunu, mühəndis-istehkam üzrə ixtisaslaşmış hərbi hissədə işlədiyini söyləyib.
Təqsirləndirilən şəxslərə dövlət hesabına vəkil verilib. Vəkillərdən biri deyib ki, o, cinayət işinin materiallarıyla tanış olmaq, hüquqlarını müdafiə etdiyi şəxslə konfidensial şəkildə söhbət etmək istəyir.
Vəkillərin daha bir vəsatəti isə məhkəmə qarşısında Ermənistan vətəndaşlarının əllərindəki qandalların açılması, onların şüşə kabinədən çıxarılaraq, müdafiəçilərinin yanında əyləşməsinə icazə verilməsi haqda olub.
Məhkəmə vəsatəti təmin edib – əllərindəki qandallar açılıb, özlərinin də gələn məhkəmə iclasından etibarən məhkəmə zalındakı şüşə kabinədən çıxarılmasına qərar verilib. Vəkilə də vaxt verilib ki, o, cinayət işinin materiallarıyla tanış olsun.
Ermənistan vətəndaşlarının məhkəməsi dekabrın 24-də davam edəcək.
Cinayət işinin materiallarında yazılıb ki, İşxan Sarqsyan və Vladimir Rafaelyan 2021-ci il mayın 27-nə keçən gecə Azərbaycan sərhədini Kəlbəcər rayonu istiqamətində qanunsuz keçib. Onlar Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarını minalayıb. Adları çəkilən şəxslərin iş başında yaxalandığı və onlardan ümumilikdə 23 ədəd mina götürüldüyü bildirilir.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214.2.3 (silahdan istifadə etməklə terrorçuluq), 228 (qanunsuz silah əldə etmə, saxlama), 318 (Azərbaycan sərhədlərini qanunsuz keçmə) və 282-ci (təxribat törətmə) maddələri ilə ittiham irəli sürülüb.
Bu şəxslər saxlandıqdan sonra Ermənistan bəyanat yayaraq, onların Azərbaycanla sərhəddə, öz nəzarətlərində olan ərazidə mühəndis işləri apararkən girov götürüldüyünü açıqlayıb.