Olay “28 May” Neft Qaz Çıxarma İdarəsinin 14 nömrəli dərin dəniz özülündə olub
Noyabrın 4-ü “28 May” Neft Qaz Çıxarma İdarəsinin ((NQÇİ) 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi dənizə düşüb.
Bu barədə BBC
yazıb
.
Bildirilir ki, “28 May” NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi işləyən 59 yaşlı Rasim Əliyev 262 saylı quyuda işləyən zaman dənizə düşərək boğulub.
Onun cənazəsi dənizdən çıxarılıb.
Bu, son dönəmlərdə Azərbaycanda neftçilərin üzləşdiyi ilk qəza deyil.
Noyabrın 2-də SOCAR-ın Kompleks Qazma İşləri Trestinin Qaradağ-Qalmaz İstehsalat bölümündə qazma işləri aparan iki neftçi də xəsarət almışdı. Onlardan birinin vəziyyəti ağır olduğundan 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
2016-cı il dekbarın 15-də isə Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsində güclü külək nəticəsində 10 nəfər neftçi dənizə düşmüşdü. Onlardan həmin gün birinin, sonra isə 9-nun meyiti sudan çıxarılıb.
2015-ci il dekabrın 4-dən 5-nə keçən gecə isə “Günəşli” yatağındakı 10 saylı platformada yanğın baş vermişdi. Onda 63 fəhlədən yalnız 32-nin həyatını xilas etmək mümkün olmuşdu. Qalan 31 nəfərdən bəzilərinin meyiti, hələ də tapılmayıb.
Neftçilərin hüquqlarını müdafiə komitəsinin sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə bildirmişdi ki, belə qəzaların olma səbəbi SOCAR-da mütəxəssis azlığıdır:
“SOCAR-da işə mütəxəssisdən çox qohum götürürlər. Bundan əlavə, sağlam iş şəraiti yaradılmayıb. Deyirlər, qurğular köhnədir, amma araşdırılsa görünər ki, həmin qurğuların təmiri üçün dəfələrlə vəsait ayrılıb”.
Onun sözlərinə görə, neft daşlarında, dərin dəniz özüllərində, estakadalardakı iş şəraiti həddindən artıq təhlükəlidir.
“Üstəlik, təhlükə baş verən sahələrdə kimsə cəzalandırılmır. Ona görə ki, nə qohumdan, nə tanışdan keçə bilirlər. Odur ki, hamısı çox rahatçılıqla yerlərində oturublar və vəziyyəti düzəltmək haqqında düşünmürlər”.