Daha 12 nəfər “Qarabağ məhbusu” cəzalandırıldı

Məhkəmə hökm oxudu

Foto: Meydan TV


Məhkəmə hökm oxudu

2020-ci il iyulun 14-dən 15-nə keçən gecə Bakıdakı Qarabağa və Milli Orduya dəstək yürüşündə yaşananlardan sonra həbs olunan 36 nəfərdən sonuncu 12-sinə də iyunun 22-də hökm oxunub. Səbail Rayon Məhkəməsində çıxarılan hökmə əsasən, onlar Cinayət Məcəlləsinin 127 (qəsdən sağlamlığa az ağır zərər vurma), 186 (özgə əmlakını zədələmə və ya məhvetmə), 233 (ictimai asayişin pozulması) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq) maddələrilə təqsirli bilinib. Aralarında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarının da olduğu təqsirləndirilən şəxslər yürüş zamanı Milli Məclisin binasına qanunsuz daxil olma, binaya və oradakı əşyalara ziyan vurma, ərazidə polis avtomobilinin aşırılması və s. əməllərdə ittiham edilir. Lakin məhkəmə təqsirləndirilən şəxslərə münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiqini məqsədəuyğun hesab edib.

AXCP fəallarından Ramid Nağıyev və İsmayıl Həsənovun hər birinə 4 il, Ceyhun Novruzov və Baba Süleymanova 3 il 9 ay, Telman Seyfullayevə 3 il 6 ay, Məhəbbət Nağıyev və Gündüz Mirzəyevə isə 3 il 2 ay şərti cəza verilib. Onların hər birinə 2 il 6 ay sınaq müddəti təyin olunub. Digər təqsirləndirilən şəxslərin cəzası da şərti olub.

AXCP-dən Meydan TV-yə bildirilib ki, hökmdən apelyasiya şikayəti veriləcək.

Yürüşlə bağlı cinayət məsuliyyətinə cəlb edilən və şərti olaraq, “Qarabağ məhbusları” adlandırılan daha 24 nəfərin məhkəməsi də bugünlərdə yekunlaşıb. Aralarında AXCP Rəyasət Heyətinin 5 üzvünün də olduğu 24 nəfərə də şərti cəza verilib.

Partiya sədri Əli Kərimli iyunun 22-də özünün “Facebook” səhifəsində cəbhəçilər haqqında çıxarılan hökmə belə münasibət bildirib: “Bu azadlıqdan şərti məhkum etmələrin məqsədi AXCP funksionerlərinin gələcəkdə – rejimə lazım olanda həbslərini asanlaşdırmaqdır. Bu yolla ölkədə mitinqlərin qarşısını ala biləcəklərini, öz feodal idarəetmələrini sonsuza qədər davam etdirəcəklərini düşünürlər. Bu hesablamaların səhv olduğunu əlbəttə ki, xalqımız rejimə bir gün mütləq sübut edəcək”.

Ana səhifəXəbərlərDaha 12 nəfər “Qarabağ məhbusu” cəzalandırıldı