Dağlıq Qarabağ münaqişələrinin nəticəsi: 4500-dən çox itkin var

Azərbaycan-Ermənistan, Andrii Anna photographers/Shutterstock

Hesabat: “Qış itkin düşmüş insanların ailələrinin əzabını dərinləşdirir”

İkinci Qarabağ müharibəsində həlak olan 1700-dən çox insanın yalnız qalıqları tapılıb. 300-dək insan isə 2020-ci ildən bəri itkindir.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) hesabatında belə deyilir.

Qurum indiyədək keçmiş döyüş bölgələrindən insan qalıqlarını toplayan 360-dan çox əməliyyat keçirib.

Açıqlanan rəqəmlərə görə, hələ 1990-cı illərdəki münaqişədə də 4500-dən çox insan itkin düşüb. Onlar itkinlərin tapılması istiqamətində əllərindən gələni edirlər.

Hesabatda vurğulanır ki, palçıqlı, əlçatmaz, ucqar ərazilərdə və çətin dağ yamaclarında onlarla qadın və kişi bir ildən artıqdır ki, həlak olmuş əsgərlərin qalıqlarını tapmaqla məşğuldur. Üstəlik, həmin ərazilər təkcə çətin relyefli yox, həm də təhlükəlidir: “Bir çox ərazi mina və partlamamış hərbi sursatlarla doludur. Bəzi yerlər kol-kosdan keçilməz durumdadır”.

BQXK bildirib ki, 2020-ci ilin noyabrında atəşkəs sazişi imzalanandan bəri 1700-dən çox insanın meyiti tapılıb.  Onların şəxsiyyəti müəyyənləşdirilib və ailələrinə qaytarılması prosesinə başlanılıb: “Rusiya sülhməramlıları ilə birlikdə insan qalıqlarının tapılması üçün 360-a yaxın əməliyyat keçirilib. Eyni zamanda, yerli xilasetmə qruplarına kömək edilib. Heç nə onların yaxınlarını geri qaytara bilməz, ancaq bu yüzlərlə ailəyə nə baş verdiyini bilmək şansı vermək olduqca vacibdir”.

Qurumun minalar, müharibənin partlayıcı qalıqları, ehtiyat hissələri və atıcı silahlar üzrə regional mütəxəssislərinə rəhbərlik edən Kristofer Poul deyib ki, təhlükəli şərait bir yana, qışda görmə qabiliyyətinin aşağı düşməsi də başqa problemdir: “Görmə, demək olar ki, sıfıra yaxındır. Üstəlik, bərpa qrupları bəzi hallarda qalıqları çıxarmaq üçün ölümcül təhlükə ilə üzləşir. Söhbət təkcə ölülərlə ləyaqətlə rəftar etmək deyil, həm də bunu təhlükəsiz etməkdən ibarətdir. Komandalarımız bunu edərkən yerli mütəxəssislərə dəstək olurlar”.

Qurum bildirir ki, axtarış əməliyyatları tez-tez müxtəlif səbəblərdən, o cümlədən, son vaxtlar qışın sərt keçməsinə və hava şəraitinin əl verməməsinə görə dayandırılır: “Hazırda keçirilən əməliyyatlar BQXK-nın 1992-ci ildən bəri regionda neytral vasitəçi kimi uzunmüddətli işinin bir hissəsidir. İşə məhkəmə-tibb ekspertləri, çətin tapşırıqları yerinə yetirəcək mütəxəssislər dəvət etmişik. Bölgədəki meyitxanaları soyuducu anbarlar, avadanlıqla təmin edirik. Eyni zamanda, tapşırıqları yerinə yetirən qruplara mütəxəssis məsləhətləri verilir”.

Beynəlxalq Qızıl Xaç Komitəsi, Foto: Martin Good/shutterstock

Hesabatda qeyd olunur ki, insan qalıqlarının çıxarılması, həlak olanların şəxsiyyətinin müəyyən edilməsi və onların ailələrinə qaytarılması mürəkkəb prosesdir, vaxt tələb edir.

“Mümkün qədər tez işləmək üçün səlahiyyətli orqanlar və ailələr tərəfindən məhkəmə-tibb mütəxəssislərinə hər zaman böyük təzyiqlər var”, – BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional məhkəmə ekspertizası meneceri Ceyn Teylor belə deyib.

2020-ci il Azərbaycan Ermənistan silahlı qüvvələri arasında gedən döyüşlərdə itkin düşən yüzlərlə insanla yanaşı, 1990-cı illərdən bəri davam edən münaqişə nəticəsində itkin düşənlərin sayı 4500-dən çoxdur.

“İnsanların itkin düşməsi və ailələrinin onlara nə baş verdiyini bilməməsi münaqişənin ən əzablı və tez-tez gözdən qaçan izlərindəndir. Bu gün Avropada minlərlə ailə bu ağrı ilə yaşayır. Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkənlərlə yanaşı, digərləri də var. Məsələn, təxminən səkkiz illik münaqişədən sonra Ukraynada yüzlərlə insan, Balkanlarda isə 10 mindən çox insan itkin düşüb”, – BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Martin Schüepp bildirib.

1863-cü ildə yaradılmış BQXK bütün dünyada fəaliyyət göstərir. Münaqişə və silahlı zorakılıqdan əziyyət çəkən insanlara kömək edir və müharibə qurbanlarını müdafiə edən qanunları təbliğ edir.

Qurum İsveçrənin Cenevrə şəhərində yerləşir və 100-dən çox ölkə ilə çalışır.

BQXK eyni zamanda, Dağlıq Qarabağda fəaliyyət göstərən ən böyük humanitar təşkilatdır.

Ana səhifəSiyasətDağlıq Qarabağ münaqişələrinin nəticəsi: 4500-dən çox itkin var