”Ermənistan hakimiyyəti Qarabağ separatçılarını qabağa verib, özü isə susur”
Azərbaycan ərazisindəki tanınmamış “Dağlıq Qarabağ Respublikası” İraqın Kürdüstan əyalətində keçirilən müstəqillik referendumunu dəstəklədiyini bildirib.
“Kurdistan24.net” saytının məlumatına görə, referendumla bağlı açıqlama verən tanınmamış respublikanın xarici işlər naziri Karen Mirzoyan deyib: “Kürdüstan bölgəsinin müstəqilliyinə aid keçirilən referendumu məmnunluqla qarşılayırıq. Referendum Beynəlxalq insan haqları sözləşməsi və BMT maddələrinə uyğun olaraq həyata keçirilib”.
Kürdüstan xalqını təbrik edən Mirzoyan “Bütün xalqların müstəqil olmaq haqqı var və onların istəklərini yasaqlamaqla uğur əldə edilə bilməz. Xalqlar öz istədikləri uğrunda qərar verib gələcəklərini qurmalıdır”- deyib.
Sentyabrın 25-də İraqın şimalında referendum keçirilib və Kürdüstan özünün müstəqilliyini elan edib.
Multietnik region olan Kərkük 2014-cü ildən, İraq ordusu «İslam Dövləti» (İŞİD) yaraqlılarından qaçandan kürd peşmərgələrinin nəzarəti altındadır. Kürdlərin regionda olması neft yataqlarının yaraqlıların əlinə keçməsini əngəlləyib.
Kürd regional hökumətinə (KRG) Kərkük də daxildir. Türkman və ərəblərin yaşadığı, ancaq tarixən kürdlərin iddia etdiyi bu ərazidə də referendum keçirilib.
Kürdüstan regionunun hakimiyyət orqanları bildiriblər ki, referendumda səs verənlərin 92 faizi müstəqilliyi dəstəkləyib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Ermənistan hakimiyyəti Qarabağ separatçılarını qabağa verib, özü isə susur:
“Dağlıq Qarabağ separatçılarının ”Xarici İşlər Nazirliyi” bəyanat yayaraq Kürdüstanın müstəqilliyi ilə əlaqədar keçirilən referendumu dəstəklədiyini bəyan etdi. Bəyanatda bu cümlə yer aldı: “Kürdüstanın müstəqilliyini qazanması onun müstəsna hüququdur”. Ermənistan hakimiyyəti Qarabağ separatçılarını qabağa verib, özü isə susur. Çünki Ermənistan XİN də oxşar bəyanat yaysa, İraqdakı və İrandakı hakimiyyətlərlə münasibətləri gərginləşdirəcək. İraq yenə də Yerevan üçün dözümlüdür, Kürdüstana görə İranla münasibətləri gərginləşdirmək isə Ermənistanın başını ağrıda bilər. Buna görə də İrəvan Qarabağdakı tərəfdarlarını irəli verib”.
Siyasi icmalçı hesab edir ki, Azərbaycan bu amildən istifadə etməlidir:
“Əslində biz bu amildən istifadə edərək Tehrandan soruşa bilərik ki, budurmu sıx təmasda olduğun ermənilərin sənə töhfəsi, Yerevanın Kürdüstana dəstəyi İranın parçalanmasına dəstək deməkdir. Bu vəziyyətdə Azərbaycan XİN-in bu mövzuda kiçicik bir açıqlama verməməsi də təəssüf doğurur. Cənablar, İraqın ərazi bütövlüyünü birmənalı dəstəklədiyinizi və Şimali İraqdakı referendumun yanlış olduğunu açıqlayın, ermənilərin ikili oyun oynadığını faş edin. Belə bir açıqlama həm ona görə lazımdır ki, yerli milli azlıqların azsaylı radikalları Şimali İraqdakı referendumdan həvəslənməsinlər”.