D günü

Əməliyyat qarşısına qoyduğu bütün məqsədlərə çata bilmədi

Foto: Meydan Tv


Əməliyyat qarşısına qoyduğu bütün məqsədlərə çata bilmədi

İkinci dünya müharibəsi illərində Qərb müttəfiqlərinin Fransaya qoşun çıxarması ilə nəticələnən "Overlord" əməliyyatının 75 illiyi münasibətilə yazdığım üçüncü məqaləni təqdim edirəm.

***

Müttəfiq desantının Pa-de-Kale sahillərinə çıxacağını daha çox ehtimal edən almanların bunun üçün xeyli əsasları vardı. Hesab edirdilər ki, minlərlə texnikanı, milyon tonlarla müxtəlif yükü quruya çıxarmaq üçün müttəfiqlər mütləq hansısa limanı ələ keçirməlidirlər. Lakin 1942-ci ilin avqustunda keçirdikləri uğursuz Dyep əməliyyatı müttəfiqlərə yaxşı müdafiə olunan liman şəhərini ələ keçirməyin nə qədər çətin olduğunu göstərmişdi.

Dyepin acı təcrübəsini nəzərə alan müttəfiqlər Normandiyanın limanlar olmayan ərazisində qoşun çıxarmağı planlaşdırırdılar . Onlar yaranan dilemmanı həll etmək üzərində düşünməyə başladılar və parlaq fikrə gəldilər: Mulberry Harbour deyilən süni limanlar yaratmağı qərara aldılar. İki belə süni limanlar yaradılmışdı və desant əməliyyatı baş tutandan sonrakı aylarda onlar vasitəsilə 2,5 milyon canlı qüvvə, 500 min ədəd texnika, 4 milyon ton material çıxarıldı.

Dyep təcrübəsinin daha bir dərsi xüsusi mühəndis texnikalarına duyulan ehtiyac idi. Hərbi mühəndis, general Hobartın yaratdığı və buna görə də "Hobartın oyuncaqları" adını alan xüsusi təyinatlı tanklar bunun nəticəsində yarandı. Hobart bunkerləri zərərsizləşdirmək üçün odsaçan tank yaratmışdı. "Krab" ləqəbli digər tanklardakı xüsusi qurğu tankların önündə minaları partladırdı.

Asfaltçəkən maşınlardakı kimi barabanı olan tanklar isə dəniz sahilindəki torpağı sıxaraq bərkitməli, hərbi texnikanın, yük avtomobillərinin rahat hərəkətini təmin etməli idi. Buldozer tank hərbçilərin yolunu maneələrdən və tikanlı məftillərdən təmizləyəcəkdi. Yol üzərindəki irili-xırdalı çökəklikləri, səngərləri, yoxuşları qət etmək üçün də xüsusi texnikalar yaradılmışdı. Amfibiya tanklar isə su hövzələrini adlamaq üçün idi.

Müttəfiq mühəndislərinin daha bir orijinal tapıntısı isə Normandiyada çıxacaq qoşunların yanacaqla təmin olunması üçün La-Manş boğazının dibi ilə hər biri 160 km uzunluğunda rezin boruların çəkilməsi idi. Yanacağı borulara ötürəcək stansiya İngiltərənin cənubundakı Uayt adasında qurulmuşdu və düşmənin duyuq düşməməsi üçün dondurma köşkü kimi tərtib olunmuşdu.

***

Müttəfiqlər əməliyyatın başlanması gününü (D günü) ayın bədirləndiyi vaxtlara təyin etməyi planlaşdırırdılar. Bədirlənmiş ay bir tərəfdən alman istehkamlarının aviasiya tərəfindən bombardmanını və hava desantını asanlaşdırardı. Digər tərəfdən, suyun qabarması nəticəsində qayıqlar sahilə doğru daha çox irəli gedə bilərdilər. Bu isə desantla alman istehkamları arasındakı məsafəni və deməli, itkiləri azaldardı.

İyun ayında "D günü" ola biləcək üç gün vardı – 5, 6 və 7 tarixləri. Eyzenhauer əməliyyatı iyunun 5-nə təyin etdi. Lakin bir gün qalmış fırtına başladı. Güclü külək əsirdi, dəniz çalxalanırdı, üstəlik buludların aşağıda olması aviasiyanın fəaliyyətini xeyli məhdudlaşdıracaqdı.

Parisdəki alman meteoroloji xidməti əlverişsiz hava şəraitinin hələ iki həftə davam edəcəyini xəbər verdi. Bu vermaxt generallarının sayıqlıqlarının zəifləməsinə səbəb oldu. Normandiyadakı "B" ordular qrupunun komandanı Rommel isə Almaniyaya gedərək iyunun 6-da arvadının doğum gününü qeyd etmək üçün fürsət bildi.

Amma Atlantik okeanı üzərindəki hava axınlarına daha yaxşı nəzarət edən müttəfiq meteoroloqlar iyunun 6-da havanın tam sakitləşməsə də, müdaxilə üçün əlverişli ola biləcəyini xəbər verdilər. Baş komandanlığın mənzil-qərargahında qızğın müzakirələrdən sonra Duayt Eyzenhauer son sözünü dedi: başlayaq!

Eyzenhauerin desantda iştirak edəcək ordulara müraciətində deyilirdi: "Siz bizim bir neçə ay ərzində can atdığımız Böyük yürüşə yola düşməyə hazırlaşırsınız. Bütün dünyanın gözü sizdədir. Bütün azadlıqsevər insanların ümid və duaları hər yerdə sizinlədir. Siz digər cəbhələrdəki qəhrəman müttəfiqlərimiz və silahdaşlarımızla birlikdə alman hərbi maşınının məhvinə, əsarət altındakı Avropa xalqlarının üzərindəki alman tiraniyasının ləğvinə və özünüz üçün azad dünyada təhlükəsizliyə nail olacaqsınız".

Eyzenhauerin daha bir müraciət yazması sonralar məlum olacaqdı. Bu müraciət əməliyyatın uğursuz nəticələnəyi halda açıqlanmaq üçün nəzərdə tutulurdu: "Bizim Şerbur-Havr rayonuna çıxışımız platsdarmın saxlanılması ilə nəticələnmədi və mən qoşunları geri çəkdim. Bu vaxtda və bu ərazidə hücum etmək barədə əmrim malik olduğum informasiyaya əsaslanırdı. Qoşunlar, aviasiya, donanma cəsarət və vəzifə borcunun tələb etdiyi hər şeyi etdilər. Əgər bu uğursuz cəhddə kimsə günahkardırsa, həmin adam yalnız mənəm".

***

İyunun 5-dən 6-na keçən gecə "Overlord" əməliyyatı başlandı. Müdaxiləyə birinci başlayan hava desantı oldu. Yüzlərlə təyyarə Britaniyanın 6-cı desant diviziyasını Kan ətrafına buraxdı. Onlar Orn çayı üzərindəki körpünü tutmalı və almanlara kömək gəlməsini əngəlləməli idilər. Amerikalıların 82 və 101-ci diviziyalarının desantı isə Kotanten yarımadasına çıxaraq Sent-Mer-Eqliz şəhərini azad etdilər. Ümumən bu əməliyyatda 1200-ə qədər təyyarə və 24 min paraşütçü iştirak etdi.

Dəniz desantında isə 7 minə qədər döyüş və nəqliyyat gəmiləri, 132 min nəfər canlı qüvvə iştirak edirdi. Onların quruya çıxmasına az qalmış müttəfiq aviasiyası Atlantik səddinin Normandiya sahillərindəki istehkamlarını güclü bombardmana tutdu. Səhər saatlarında isə tarixin ən böyük desantçıxarma əməliyyatı başladı.

Dəniz desantının çıxacağı ərazilər beş yerə bölünmüşdü və onlara şərti adlar verilmişdi. Qərbdə yerləşən Utah və Omaha şərti adlı ərazilərə ABŞ hərbçiləri çıxacaqdılar. Mərkəzdəki Gold və ən şərqdəki Sword adlı əraziləri Böyük Britaniya hərbçiləri ələ keçirməli idilər. Onların arasındakı Juno adlı ərazi isə kanadalıların öhdəsinə düşürdü.

Plana görə, canlı qüvvələrdən bir qədər əvvəl "Hobartın oyuncaqları" sahilə çıxmalı idilər. Amfibiya tanklar bundan sonra düşmən istehkamlarını atəşə tutacaq, digərləri isə öz funksiyalarına uyğun işləri yerinə yetirəcəkdilər: ərazini minalardan təmizləyəcək, torpağı bərkidəcək, maneələri təmizləyərək dəhliz açacaqdılar.

Hava bombardmanı və döyüş gəmilərindən açılan artilleriya atəşi müdafiə istehkamlarında ciddi dağıntılar yaşatdı. Buna görə də almanların müqaviməti gözlənildiyindən zəif oldu. Xüsusən Yuta sektorunda desant çıxışı rahat oldu. Saat 06.30-da başlayan əməliyyatdan iki saat sonra sahil amerikalıların nəzarətində idi və onlar ölü olaraq cəmi 197 itki vermişdilər. Burada 21 min nəfər quruya çıxdı.

Ancaq Omaha sektorunda duman olduğundan aviasiya və gəmi artilleriyasının bombardmanı əsasən hədəflərdən kənara düşdü. Burada "Hobartın oyuncaqları" da effektli olmadılar və dənizin çalxalanması üzündən batdılar. Üstəlik, Omahanın relyefi də müdafiə üçün daha əlverişli idi: atəş nöqtələri sıldırım yüksəklikdə yerləşmişdilər. Buna görə də almanlar ən çox burada müqavimət göstərdilər. Atəşin sıxlığı və texnikanın yoxluğu sahildəki maneələr arasında dəhliz açmağa imkan vermirdi.

ABŞ generalı Omar Bredli bir müddət hətta desantı geri çəkmək barədə düşündü, bu isə bütün əməliyyatı uğursuzluğa düçar edə bilərdi. Hər şeyi reyncerlərin ümidsiz həmləsi həll etdi. Onlar ləpədöyəndə tank əleyhinə istehkamların arxasında gizlənməklə xilas ola bilməyəcəklərini anlayaraq hücuma keçdilər və yüksəkliklərə qalxa bildilər. Burada isə alman istehkamlarını qumbara, odsaçan silahlarla zərərsizləşdirdilər. Müttəfiqlər ən çox məhz Omahada itki verdilər – 1700 ölü və 3000-ə yaxın yaralı.

Suyun qabarmasındakı fərqlərə görə digər üç sektorlarda desant çıxışı təxminən bir saat sonra, 07.25-də başladı. Hava və dəniz bombardmanı buradakı müdafiə istehkamlarına və qurğularına ciddi zərər vurduğundan desant Omaha ilə müqayisədə daha asan keçdi. Üç sektorda həlak olan hərbçilərin ümumi sayı min nəfərdən çox deyildi.

D günündə hava və dəniz desantı zamanı ölənlərin ümumi sayı 4414 nəfər oldu. Bu da əməliyyatın miqyasına görə və sovet cəbhəsindəki əməliyyatlar zamanı həlak olanlarla müqayisədə xeyli az idi.

Əməliyyat qarşısına qoyduğu bütün məqsədlərə çata bilmədi. Plana görə D gününün sonuna qədər çıxış sektorları birləşdirilməli, Fransa ərazisinin içərilərinə doğru 15-16 km irəliləməli, Karantan, Kan, Bayö, Sen-Lo şəhərləri tutulmalı idi. Halbuki yalnız Gold və Juno sektorları birləşdirildi. Bütün beş sektorun vahid zolaqda birləşdirilməsi yalnız iyunun 12-də baş tutdu. D günü ərazinin içərilərinə doğru da yetərincə irəliləmək mümkün olmadı və şəhərlərdən heç biri azad edilmədi.

Bu isə desantın vəziyyətini təhlükəli edirdi. Ensiz sahil zolağında mövqe tutan, hələ bir çox cəhətlərdən, xüsusən də zirehli texnika baxımından ciddi çatışmazlıqları olan desant almanların ciddi həmləsi sayəsində dənizə atıla bilərdi.

***

Almaniyanın ali siyasi və hərbi rəhbərliyinin müdaxiləyə reaksiyası yetərincə zəif oldu. Müharibədən sonra məlum oldu ki, Hitler səhərə yaxın yatdığı üçün onu oyadıb məlumat verməyə cəsarət etməyiblər. Digər tərəfdən, almanlar hesab edirdilər ki, Normandiyaya çıxarılan qüvvələr aldadıcı rol oynayırlar və əsas desant Kale ətrafına çıxarılacaq. Maraqlıdır ki, Qərb cəbhəsinin Baş komandanı Rundştedt müdaxilə xəbərini eşitdikdə Kale ətrafındakı 15-ci ordunu həyəcanla qaldırmış, Normandiyadakı 7-ci orduya isə eyni əmri verməmişdi.

Günün ikinci yarısında Hitler ehtiyatda saxladığı 12-ci tank diviziyasını Rommelin ixtiyarına göndərdi və hücum edərək müttəfiq qüvvələrini sahildən dənizə tökmək göstərişi verdi. Lakin müttəfiqlərin havadakı nəhəng üstünlüyü səbəbindən tank diviziyası yalnız qaranlıq düşəndən sonra hərəkətə keçdi. Bu zaman isə desant artıq öz yerini möhkəmlətmişdi. Digər tərəfdən, yanacaq çatışmazlığı səbəbindən 12-ci tank diviziyası sahilə qədər irəliləyə bilmədi və yalnız Kan şəhərinin müdafiəsinə qoşuldu.

Sonrakı günlər isə artıq gec idi. Sahilə çıxan müttəfiq qoşunlarının və hərbi texnikanın sayı durmadan artırdı. Biri Omaha, digəri isə Gold sektorlarında olmaqla iki Mulberry Harbour süni limanlarının quraşdırılmasından sonra işlər daha sürətlə getməyə başladı. Tezliklə müttəfiqlərin aviasiya üstünlüyünə canlı qüvvə və texnikadakı üstünlük də əlavə olundu. İyunun 11-də quruya çıxan hərbçilərin sayı artıq 326 min idi. Üstəlik, 54286 hərbi texnika və 104 min ton müxtəlif təyinatlı ləvazimatlar çıxarıldı.

İngilis kəşfiyyatının mükəmməl həyata keçirdiyi dezinformasiya əməliyyatı nəticəsində almanlar yeddi həftə ərzində Normandiyadakı desantı hələ də diversiya hesab edir, əsas qüvvələrin Kaledə quruya çıxacaqlarını gözləyirdi. Halbuki Kaledəki qüvvələrin bir qismini Normandiyaya göndərməklə vəziyyyəti dəyişməyə cəhd etmək olardı.

İyunun 23-də sovet ordusu "Baqration" əməliyyatına başlayaraq Belarusiyada geniş miqyaslı hücuma keçdi. Artıq ilk günlərdən alman müdafiəsi sarsıldı və bir neçə yerdə vermaxt qüvvələri mühasirəyə düşdülər. Sovet ordusunun bu uğurları da almanlara bəzi diviziyalarını Qərbə ataraq müttəfiqlərə qarşı istifadə etməyə mane oldu.

Bununla belə, vermaxtın ciddi müqaviməti nəticəsində müttəfiq qüvvələri D günündən sonrakı əlli gün ərzində Normandiyadan çıxa bilmədilər. Yalnız iyulun 25-də başlayan Kobra əməliyyatından sonra almanların müdafiəsi yarıldı və müttəfiqlər sürətlə Fransanın içərilərinə doğru irəliləməyə başladılar. Daha 1 ay sonra onlar artıq Parisdə idilər.

***

Fransaya desantçıxarma əməliyyatının uğurla nəticələnməsi İkinci dünya müharibəsinin gedişində olduqca əhəmiyyətli hadisə oldu. Əgər bu vaxta qədər müharibənin nəticəsilə bağlı hələ də müəyyən tərəddüdlər vardısa, indi onlar tamamilə yox oldu. Bunu alman generalitetində də çoxları dərk edirdi.

İyunun sonlarında Hitlerdən növbəti hücum əmrini alan Rundştedt vermaxtın Baş komandanlığının rəisi Keytellə əlaqə saxlayır və əmrin yerinə yetirilməsinin mümkünsüz olduğunu söyləyir. Keytelin "Bəs nə edək?" sualına əsəbləşən Rundştedt "Nə edəcəksiniz? Sülh bağlayın, əbləhlər" cavabını verdi. Ertəsi gün Hitler onun yerinə feldmarşal Klüqeni təyin etdi.

Almaniya hərbçiləri arasında mövcud olan müxalifət də artıq vəziyyətin çıxılmaz olduğunu qəbul edərək qəti addımlar atmağa qərar verdi. İyulun 20-də Hitlerə qarşı edilən sui-qəsd də məhz İkinci cəbhənin və Belarusiyadakı sovet hücumunun əks-sədası idi. Lakin Hitler sağ qaldı və müharibəni erkən bitirmək mümkün olmadı.

Almaniyanın geosiyasi vəziyyəti də kəskin pisləşdi. Əvvəl bitərəf qalan və hətta almanlar tərəfdə olan dövlətlər nasistlərdən üz döndərməyə başladılar. Bitərəf Türkiyə avqustun 2-də Almaniya ilə diplomatik və iqtisadi əlaqələri kəsdi. Bir qədər sonra isə Rumıniya və Bolqarıstan silahı keçmiş müttəfiqlərinə qarşı çevirdilər. Nasiszm sürətlə çökməyə başladı.

Ana səhifəXəbərlərD günü