“Mən təmas xəttində böyük təhlükənin olduğunu və bunun nə dərəcədə qorxulu olduğunun şahidi oldum”
“Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində baş verən insidentlər qəbuledilməzdir”.
Bu fikirləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan Diplomatiya Akademiyasında oktyabrın 29-da keçirdiyi brifinqdə jurnalistlərin suallarına cavab verərkən deyib.
O, oktyabrın 27-də sərhəd xəttində monitorinq zamanı atəş səsləri eşitdiyini, amma hansı tərəfin atəşi pozduğunu ayırd edə bilmədiklərini söyləyib: “Atəşin haradan açıldığını müəyyən etmək demək olar ki, mümkünsüzdür. Mən təmas xəttində böyük təhlükənin olduğunu və bunun nə dərəcədə qorxulu olduğunun şahidi oldum. Biz təhlükəsiz yerdəydik. Lakin monitorinqi aparan səhra komandirləri güllələrin altında, açıq yerdə idilər”.
Həmsədr Azərbaycan və Ermənistan prezidentlərinin görüşmək istədiyini deyib: “Hazırda görüşün təfərrüatları üzərində işləyirik. Prezidentlər münaqişənin hərtərəfli həlli üçün ortaq yolu, eyni zamanda təmas xəttində atəşkəs rejiminin pozulmasını müzakirə etməlidirlər. Bugünkü vəziyyət iki il əvvəlki vəziyyətdən tamamilə fərqlənir. İlk dəfədir ki, biz təmas xəttində ağır artilleriyadan istifadənin şahidi oluruq. Bunun nəticəsində təəssüf ki, biz sivil vətəndaşların ölməsinin şahidi oluruq. Gərginlik gündən-günə daha da artır. Prezidentlərin görüşü zamanı gərginliyin artmasını müzakirə etməyi çox vacib hesab edirəm. Onlar həmçinin xalqlar arasında etimad tədbirlərinin gücləndirilməsi, icmalar arasında dialoqun yaradılmasını da müzakirə etməlidirlər”.
Ceym Uorlik prezidentlərlə danışıqda onlara öz xalqlarını müharibəyə deyil, sülhə hazırlamalı olduğunu dediklərini xatırladıb.
“Prezidentlәr regionda yaşayan bütün xalqlara müraciәt etmәlidirlәr ki, sülhә hazır olsunlar. Bu münaqişәnin nizamlanması yeni dövrә qәdәm qoyacaq vә regionun inkişafı üçün әhәmiyyәt kәsb edir. Cәnubi Qafqazda yaşayan xalqlar çәtin tarixә malikdir. Ümid edirәm ki, bu münaqişәnin hәlli hәr iki xalqı irәli aparacaq. Düşünürәm ki, gәlәcәk nәsillәrә burada daha stabil gәlәcәk borcluyuq. Hәr iki ölkәnin xalqları arasında әlaqә yaradılmalıdır vә onlar gәlәcәkdә birlikdә yaşamağı bacarmalıdır”, – deyə o vurğulayıb.