”Cümhuriyyətin 100 illiyi ilə bağlı ilk medal prezident İlham Əliyevə verilməlidir”

İstiqlalçı deputatlara medal verilməsi təklifi parlamentdə mübahisəyə səbəb oldu

Source:


İstiqlalçı deputatlara medal verilməsi təklifi parlamentdə mübahisəyə səbəb oldu

“İstiqlalçı deputatlara da Cümhuriyyətin yüz illik yubileyi ilə bağlı təsis edilən medal verilməlidir. 1991-ci ildə müstəqillik aktına səs verən bu şəxslərin pensiya təminatını da həll etmədik, heç olmasa, Azərbaycan müstəqilliyinə səs verənlərə də medal verilməsi məsələsinə baxa bilərik”.

Bunu Milli Məclisin iclasında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı yubiley medalı təsis edilməsi” haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib. O bildirib ki, sözügedən medalla təltif edilən şəxslər siyahısına təkcə Cümhuriyyət liderlərinin varisləri salınmamalı, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında fədakarlıq etmiş şəxslərin də adları əlavə edilməlidi.

Siyavuş Novruzov
Siyavuş Novruzov

Deputat Siyavuş Novruzov isə həmkarının təklifinə etiraz edib. O bildirib ki, tez-tez mətbuatda “istiqlalçı deputatlar” ifadəsi işlədilir:

“Azərbaycan parlamentinin 350 nəfər üzvü olub, onlar da Azərbaycanın müstəqilliyinə səs verib. Referendumun əleyhinə çıxanlar özlərini istiqlalçı elan edirlər, qalan deputatlar qalır kənarda. O vaxt parlamenti iki yerə bölmüşdülər: “Demblok”, “Komblok”. Hardan bilinir? Bunun alnında yazılmışdı, sənədində yazılmışdı ki, bu, “Demblok”du, digəri “Komblok”? Burada Azərbayacnın müstəqiliyinin elan olunmasında iştirak edən 350 deputatdan bəzisi var. O deputatlardan xahiş edirəm, onlar da münasibət bildirsin. Məgər kommunist olanlar istəmirdi Azərbaycan müstəqil olsun? Xahiş edirəm, Oqtay müəllim, tapşırıq verin, o siyahını çıxarıb Milli Məclisdə assınlar, bununla da mübahisələrə son qoyulsun”.

Deputat Fərəc Quliyev isə Siyavuş Novruzovun fikrinə etirazını bildirib. Deyib ki, Müstəqillik Aktı qəbul olunarkən 350 deputatın hamısı səs versə də, SSRİ-nin saxlanması əleyhinə 43 nəfər çıxmışdı və “İstiqlalçı deputatlar” dedikdə həmin şəxslər nəzərdə tutulur. “Mən də “Demblok”un üzvü olmuşam və bu zalda həmin məsələ ilə bağlı aclıq aksiyası keçirilmişdi. Onda rəhmətlik Heydər Əliyev də bizə dəstək verirdi. O, hətta Naxçıvanda referendumun keçirilməsinə imkan vermədi. Onda Heydər Əliyev bu zala girəndə ayaqlarını yerə döyənlər var idi, “Demblok” isə əksinə, onu dəstəkləyirdi”.

Fərəc Quliyev deyib ki, istiqlalçı deputatlarla bağlı müəyyən qərarların verilməsini təklif edib.

Spiker Oqtay Əsədov isə mübahisələrə cavab olaraq deyib ki, təftişçilikdən qurtarmaq lazımdır.

Araz Əlizadə
Araz Əlizadə

Deputat Araz Əlizadə isə M.Ə.Rəsulızadəyə heykəl qoyulmasını təklif edib:

“Radikal müxalifət Məhəmməd Əmin Rəsulzadənin heykəli məsələsini ortaya atır. Təklif edirəm ki, 100 illiklə əlaqədar şəhərin yaxşı bir yerində Cümhuriyyət memarları ilə bağlı bir yer ayrılsın və orada hər birisinin xatirəsi əbədiləşdirilsin”.

Deputat Aydın Mirzəzadə isə deyib ki, Cümhuriyyətin 100 illiyi ilə bağlı ilk medal prezident İlham Əliyevə verilməlidir:

“Prezident İlham Əliyev Azərbaycan üçün böyük işlər görüb, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi ilə bağlı zəruri tapşırıqlar verib. Hesab edirəm ki, ilk növbədə, bu medal Azərbaycan Prezidentinə təqdim edilməlidir”.

Ana səhifəXəbərlər”Cümhuriyyətin 100 illiyi ilə bağlı ilk medal prezident İlham Əliyevə verilməlidir”