”Çox vaxt quru çörəyi isladıb uşaqlara verirəm”

Tərlan Əliyeva: ”Dəfələrlə Mehriban Əliyevaya məktub yazıb dərdimi anlatmışam”

Source:


Tərlan Əliyeva: ”Dəfələrlə Mehriban Əliyevaya məktub yazıb dərdimi anlatmışam”

“Qonşum verəndə yeyirəm, verməyəndə onun-bunun qapısında hamballıq edib qazanıram. 1981-ci il təvəllüdlüyəm, amma 71 yaşındakı kimi görünürəm”.

Bu sözləri deyən Tərlan Əliyeva Tərtər rayonunda doğulub. Hazırda 2 övladı və həyat yoldaşı ilə birlikdə Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayır.

Tərlan Əliyeva aylıq gəlirlərinin olmamasından narazıdır. Deyir ki, dəfələrlə Mehriban Əliyevaya məktub yazıb, dərdini anladıb:

“Onlar da məktubu yollayırlar işsizlik idarəsinə. Bizə də ancaq cavab gəlir ki, məktub fonda çatıb, amma həlli ilə bağlı heç nə yoxdur. Dəfələrlə yazmışam, bir deyil, beş deyil”.

Tərlan Əliyevanın həyat yoldaşı Rauf Əliyev 1966-cı ildə Bakıda anadan olub, Qarabağ müharibəsinin iştirakçısıdır:

“Bədənimin bir neçə yerində qəlpə var. Başımda, üzümdə… Mənə deyirlər ki, bakılının nə işi var idi Qarabağda”.

Tərlan Əliyeva
Tərlan Əliyeva

Tərlan xanım deyir, havalar isinən kimi həyat yoldaşının burnundan qan açılır, amma gəlir yerləri olmadığından müalicə də oluna bilmir.

“Müharibədə iştiraka görə 55 manat pensiya kəsirlər hamıya, mənə onu da vermirlər” – Rauf Əliyev deyir.

Söhbətinə davam edir:

“Tərtərin hərbi hissəsindən kağız da gəlib. Hərbi biletim olduğu halda yazıblar ki, güyə müharibədə olmamışam. “Semaşko”ya da getdik, təsdiqləndi ki, bədənimdə qəlpələr var, amma “Forma 88” deyilən kağızı vermədilər ki, sizə düşmür. Sonradan məlum oldu ki, 100-200 manat vermək lazım imiş. Suraxanı rayonunda yerləşən 23 saylı poliklinikanın cərrahı qanunsuz hərəkətlər edir. Adı Sədi Qurbanovdur. Deyir: “Forma istəyirsinizsə, əliniz cibinizdə olsun”. Neçə yerdə özəl poliklinikası var, iflic olan adamlara belə sənəd vermək üçün nə qədər pul tələb edir. Mənə deyirlər ki, müharibə üçün xərc bahadır, istəyirsən vərəm adına yazaq səni, o, 50 manatdır, pensiyaya o yolla çıx”.

Tərlan Əliyeva deyir ki, ailənin problem bununla bitmir, birinci sinifə gedən oğlu da epilepsiya (Nevroloji xəstəlik – beyində patoloji oyanıq sahənin yaranması və bunun nəticəsində tutmalar, qıcolma zamanı sinir impulslarının üzə çıxması) xəstəliyindən əziyyət çəkir:

“Üç ildir ki, dərmanla yaşayır. Dərmanlarını güclə ala bilirik. Birinci sinifə gedir bu il. Bütün xərclərini qonşumuz üzərinə götürüb. Uşağı xəstəxanaya aparanda ürəyim ağrıyır. Mənim də uşağım gördüyü nəyisə yemək istəyir, amma ala bilmirəm. Sudurğası tutur. Ürəyim parçalanır ki, mən necə anayam”.

“Günlük çörək üçün də, orda-burda iş olanda uşaqlar ya mənim yanımda qalır, yoldaşım gedir, ya da yoldaşımın yanında qalır, mən gedirəm.

Uşağı bağçaya qoysam, işləyə bilərəm bəlkə, amma bağça da uşağı qrupa salmaq üçün pul istəyir. Üst-baş, yemək içmək, hər dəfə bir qonşu bir şey verir. Çox vaxt quru çörəyi isladıb uşaqlara verirəm. İşığı da borca görə kəsmişdilər. Qonşunun yazığı gəldi gətirib ödədi ki, kəsməsinlər”- doluxsunub danışır.

Tərlan Əliyeva deyir, bəzən o vəziyyətə çatır ki, özüü eyvandan atıb öldürmək istəyir. Ancaq yenə də övladını düşünür, gələcəyə ümid edir.

Meydan TV 23 saylı poliklinikanın həkimi Sədi Qurbanovla əlaqə saxlayıb. Rauf Əliyevin dediklərini yalanlayan həkim bunu yoxlamaq üçün komissiyaya müraciət etməyi məsləhət görüb:

“O adamın dediyi boş sözlərdir. Şikayət edibsə, buyurun, gəlin baş həkimin yanına, Rauf Əliyevin ambulator kitabçasını versin, baxın. Onun xəsarəti yoxdur. Buna baxmayaraq, onu 2 dəfə 1 saylı Tibbi Kliniki Mərkəzə (Semaşko) komissiyaya göndərmişik. Yəqin xəbəriniz var, indi yoxlama kompüter sistemi ilədir. Hər iki yoxlamadan da cavab gəlib ki, ona əlillik dərəcəsi düşmür. İstədiyiniz vaxt gəlib komissiyanın rəyi ilə də tanış ola bilərsiz. Bu, elə bir prosesdir ki, biz ordakı həkimlərin üzünü görmürük. Kompüterə yazırıq, onlar da nə cavab verirlərsə, ona uyğun işləyirik”.

Ana səhifəReportaj”Çox vaxt quru çörəyi isladıb uşaqlara verirəm”