COVİD-19 son sutkada neçə ölümə səbəb oldu?

Qonşu ölkələrin statistikası açıqlanıb

Source: Meydan TV


Qonşu ölkələrin statistikası açıqlanıb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 164 yeni yoluxma faktı qeydə alınıb. 330 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.

Hazırda 2 521 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 960, bu günə qədər isə ümumilikdə 2 463 610 test icra olunub.


Gürcüstanda

Qonşu Gürcüstanda isə son 24 saat ərzində 829 nəfər COVID-19 virusuna yoluxub.

Bununla da Gürcüstanda indiyədək COVID-19-a yoluxanların sayı 263 057-yə çatıb.

Gün ərzində 566 nəfər virusa qalib gəlib və evə buraxılıb. 8 nəfər isə xilas ola bilməyib, vəfat edib.

İndiyə qədər Gürcüstanda bu virusdan sağalanların sayı 254 916-ya, ölənlərin sayı isə 3 306-ya qalxıb.


Ermənistanda

Ermənistanda son sutkada 123 nəfərin COVID-19-a yoluxma faktı qeydə alınıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirir ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 168 300-ə çatıb. 3 nəfər isə ölüb və bu günədək virusdan vəfat edənlərin sayı 3 126-ya yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 784 nəfərdir. İndiyədək 160 169 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 221 aktiv koronavirus xəstəsi var.


Rusiyada

Rusiya Dövlət Statistika İdarəsinin (Rosstat) fevralın 8-də açıqladığı məlumata (https://www.azadliq.org/a/rusiyada-koronavirus-hallar%C4%B1-d%C3%BC%C5%9F%C3%BCn%C3%BCld%C3%BCy%C3%BCnd%C9%99n-iki-d%C9%99f%C9%99-%C3%A7ox-olub/31092731.html) görə, 2020-ci ildə koronavirusdan 162 min 429 rusiyalı vəfat edib. Bununla da Rusiya ötən il bu virusdan ölüm sayına görə dünyada üçüncü olub.

Rosstatın məlumatına görə ötən apreldən bəri ən yüksək ölüm rəqəmi dekabrda qeydə alınıb – 44,435.


İranda

İranda koronavirusa 1.4 milyondan çox yoluxma təsdiqlənib. 58 min 500-dən çox şəxs vəfat edib.

Ölkədə peyvəndləməyə də başlanıb. Fevralın 4-də Rusiya istehsalı olan Sputnik V vaksininin ilk partiyası Tehrana çatdırılıb. Hökumət fevralın 18-nə və 28-nə daha iki partiya gözlədiyini açıqlayıb (https://www.radiofarda.com/a/iran-vaccination-began-with-health-minister-son-sputnik/31093409.html).

“Rusiyanın Sputnik V vaksini ilk olaraq mənim övladıma vurulacaq”, – Səhiyyə naziri Səid Namaki Tehranın İmam Xomeyni xəstəxanasında deyib. Mərasim fevralın 8-də televiziya ilə canlı yayımlanıb.

Ötən həftə “The Lancet” dərgisinin dərc etdiyi sınaq nəticələrinə görə, iki dozalı Sputnik V simptomatik COVID-19-a qarşı 91.6 faiz effekt göstərib.


Virus necə yayılıb?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Sars-Cov-2 virusunun insana necə keçə biləcəyi ilə bağlı dörd fərziyyəni nəzərdən keçirib.

“RİA Novosti” yazır ki, bu barədə ÜST-nin beynəlxalq ekspertlər qrupunun rəhbəri Piter Ben Embarek Uhan şəhərində keçirilən mətbuat konfransında bildirib.

“Virusun insana necə keçə biləcəyinə dair dörd fərziyyə irəli sürdük… Birincisi, heyvandan insana birbaşa keçiddir. İkinci fərziyyə virusun potensial olaraq insanlara yaxın aralıq heyvandan keçə biləcəyi ilə bağlıdır. Bu halda virus vasitəçi qismində olan həmin o aralıq heyvanda adaptasiya prosesini keçə və insana ötürülmə səviyyəsinə qədər dövr edə bilərdi. Üçüncü versiya – qida zənciridir, xüsusən də səthi virusun insanlara ötürülmə mənbəyi ola biləcək dondurulmuş qidalardır. Sonuncu versiya isə laboratoriya ilə bağlı mümkün indisentdir”, – o deyib.

Yüksək ehtimal isə virusun ara daşıyıcıdan ötürülməsi üzərindədir.


Xatırlatma

Yanvarın 18-də Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın birinci mərhələsi başlayıb. Fevralın 8-dən yaşı 65-dən yuxarı şəxslər və vətəndaşlarla daha çox təmas halında olan polislər də vaksinasiya prosesinə cəlb olunub. İndiyə qədərsə əsasən, tibb işçiləri peyvənd edilib, hazırda isə proses 65 yaşdan yuxarı insanların peyvənd olunması ilə davam edir.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.3 milyondan çox şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda isə indiyədək ümumilikdə 231 min 362 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 3163 nəfərin vəfat etdiyi açıqlanıb.

225 678 nəfər isə müalicə olunaraq sağalıb.

Ana səhifəXəbərlərCOVİD-19 son sutkada neçə ölümə səbəb oldu?