COVİD 19 bitdikdən sonra dünya iqtisadiyyatı necə bərpa olunacaq?

Rövşən Ağayev əlavə edir ki, indiyə qədər olan böhranlardan görünən 2 hal var

Source: google


İqtisadçı: “Virusun tam dayanması ilə bağlı rəsmi xəbərlər belə asanlıqla güvən qazanmayacaq”

Bütün dünyada koronavirusa yoluxanların sayı

800 min

nəfəri keçib.

38 mindən artıq adam həyatını itirib. Virusa yoluxmaya görə birinci yerdə ABŞ, ikinci yerdə İtaliya, üçüncü yerdə isə İspaniyadır. Virusun yarandığı Çin Xalq Respublikası isə yayılma sayına görə dördüncü yerdə qərarlaşıb.

Pandemiyanın bütün dünyaya sürətlə yayılması həm dünya bazarında neftin qiymətinə, həm də iqtisadiyyata zərbə vurub.

Bu günlərdə əsas müzakirə edilən məsələ də elə virus bitdikdən sonra dünya iqtisadiyyatının nə dərəcədə sürətli bərpa ediləcəyi ilə bağlıdır.

İqtisadçı Rövşən Ağayev deyib ki, dünya iqtisadiyyatının özünü nə qədər müddətə toparlayacağını bilmək üçün son 50 ildə baş verən böhranlardan sonrakı dinamikanı izləmək olar:

“Məsələn, 1973-75-ci illərin böhranında qlobal iqtisadi artım tepmi 6.3 faizdən 0.6 faizə düşdü. 1976-cı ildə iqtisadi artım eyni sürətlə bərpa oldu – 5.7 faiz. Amma 1977-ci ildə sürətlə eniş başladı və 1982-ci ildə ən aşağı həddə – 0.4 faizə düşdü”.

İqtisadçı deyir ki, bu müddət baş verən böhran neft bazarlarından qaynaqlanan böhranlar olub. Ərəb ölkələrinin ABŞ-a neft satışına qoyduğu embarqolarla başlayan neft savaşı qısa müddətə neftin qiymətini 10 dəfəyədək artırıb. 8 ildə 3 dollardan 32 dollara qədər. Nəticədə real sektor yüksək neft qiymətlərinə dözməyib və ciddi böhrana girib:

“Yüksək neft qiymətləri qlobal miqyasda yüksək inflyasiya ilə müşayiət olunmağa başladı. Məsələn, ABŞ-da həmin illərdə 15-18 faiz interavalında inflyasiya olub. Sonra neftin ucuzlaşması ilə iqtisadi artım dərhal bərpa edilməyə başladı. 1983-87-ci illərdə artıq 3.5-4.5 faizlik artım bərpa edilmişdi”.

Rövşən Ağayev deyib ki, 1987-ci ildə ABŞ-ın fond bazarının tarixinə "qara çərşənbə" kimi düşən hadisəni də unutmaq olmaz. Ancaq həmin maliyyə böhranı çox genişlənmədən qısa müddətdə aradan qalxdı. Nəticədə, Körfəz müharibəsi başlayana qədər qlobal iqtisadi artım tempində ciddi zəifləmə olmadı:

“1990-91-ci illərdə Çinin də daxil olduğu nəhəng sosializm iqtisadi ukladının çökməsi, Körfəz müharibəsi, yüksək neft qiymətləri iqtisadi artımı yenidən kəskin şəkildə aşağı çəkdi: 1998-89-cu ildəki 3.5-4 faizlik artımdan 1.5 faizə düşdü. 97-ci ildən başlayan maliyyə böhranına qədər yenidən 3-3.5 faizlik artım 1998-ci ildə neft bazarının çöküşü və maliyyə böhranın təsirilə 2 faiz səviyyəsinə qədər zəiflədi”.

rovsen.jpg
Rövşən Ağayev

Rövşən Ağayev deyib ki, 2000-ci illərdə də yaddaqalan proseslər davam edib. Məsələn, 2000-ci illərin əvvəlində ABŞ-da texnoloji nəhənginin çökməsi, "Əkizlərə" hücum yenidən 3-4 faizlik qlobal artımı 1.9 faizin altına salıb:

“Bundan sonrakı illər 2003-2007 aralığında neft bazarlarında başlayan yüksəlişlə müşahidə olunan qlobal artım 3-4.3 faiz intervalında dəyişdi. 2009-cu ildə qlobal maliyyə böhranı 1.7%-lik iqtisadi daralmaya gətirib çıxardı. Bura qədər sadaladığım 40 ilik böhranların heç birində qlobal iqtisadi azalma olmamışdı. Bunun səbəbi 2008-2009-cu il böhranın daha dərin olması və bütün ölkələri əhatə etməsi idi. Məsələn, 1997-1998-ci ilə maliyyə böhranı əsasən, Asiya ölkələrini və Rusiyanı vurdu”.

İqtisadçının sözlərinə görə, 2010-cu ildə qlobal iqtisadi artım həddən artıq sıçrayışla bərpa olunub. Nə az, nə çox 4.3 faizlə:

“Ancaq ondan sonrakı 8 ildə – yəni 2011-2019-cu illərdə qlobal iqtisadi artım daha sabit oldu. 2.6-3.3 faiz aralığında dəyişdi. İndi 2009-cu ildən sonra axır 50 ildə ilk dəfə qlobal artımda azalma qeydə alınacaq. Bu, artıq realdır. Ən müxtəlif ssenarilərlə 2 faizdən 4 faizədək ola bilər”.

Rövşən Ağayev əlavə edir ki, indiyə qədər olan böhranlardan görünən 2 hal var:


1)

Düşüş daha sürətli olur, əvvəlki səviyyəyə artımın bərpası daha gec baş verir;


2)

Kəskin enişdən sonra artımın bərpa sürəti böhranın xarakterindən asılı olur. Məsələn, maliyyə böhranları real sektora keçmədiyi halda, artım böhrandan sonrakı ildə dərhal bərpa oluna bilir.

İqtisadçı bildirib ki, neft birjalarındakı təlatüm və yüksək inflyasiya ilə real sektor böhranı yaşandıqda, bərpa üçün ən azından 2-3 il lazım olur:

“Son 50 ildə virus mənşəli, bütün iqtisadi sistemin dayanmasından dolayı böhran olmadığı üçün analogiya aparmaq olmur. Lakin gözləntimi deyim: indiyə qədərki ənənəvi böhranlardan fərqli olaraq, bu qeyri-adi böhrandan sonra bərpanın eyni sürətlə olacağı real görünmür. Çünki bu böhranda əhalinin və biznesin davranışına əsaslı təsir göstərən sosial-psixoloji məqamlar da var. Onlar davranışlara uzun müddət təsir edəcək”.

İqtisadçı Çindən misal gətirib. Deyib ki, bu ölkədə iqtisadi əlaqələrin bərpası zaman aparacaq. Virusun tam dayanması ilə bağlı rəsmi xəbərlər belə asanlıqla güvən qazanmayacaq:

“Odur ki, iqtisadi əlaqələrin tam bərpası insanlar psixoloji olaraq virusa qalib gələndən sonra mümkün olacaq. Hələ onu demirəm ki, tam bərpa üçün başqa şərtlər də var. Məsələn, Çin dünyada ən nəhəng işçi qüvvəsi ixrac edən ölkədir. Onun iqtisadi sabitliyi böhrana qədər xaricdə işləyən milyonlarla insanın da əvvəlki kimi öz işlərinə qayıtmasından asılı olacaq. Çünki ölkə daxilində onları işlə təmin etmək gərginlik yarada bilər”.

Maliyyə-bank sektoruna gəlincə, Rövşən Ağayev vurğulayıb ki, bu bölüm həddən artıq yüklənib. Belə vəziyyətdə bərpa dövründə real sektorun sürətli dirçəlişi üçün resurslarda axsama ola bilər:

“Ən nəhayət, böhranın çökmə həddinə gətirdiyi inkişaf etməkdə olan ölkələrin, eləcə də bir çox şirkətin borc böhranı maiyyə böhranını tətikləməyəcək ki?”

Ana səhifəİqtisadiyyatCOVİD 19 bitdikdən sonra dünya iqtisadiyyatı necə bərpa olunacaq?