”Bir milyon hektar torpaq ayırmışıq, amma özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik?”
“Dünya bazarında buğdanın qiyməti 137 dollardan 187 dollara qalxıb. Bu o deməkdir ki, yaxın vaxtlarda Azərbaycanda da çörək buna adekvat olaraq bahalaşacaq”, – iqtisadçı Qadir İbrahimlinin sözləridir.
İqtisadçı bahalaşmanı buğdanın idxalı ilə bağlayır. Deyir, yediyimiz çörək tam idxal buğdasıdır:
“Azərbaycan 1,8 milyon ton taxıl istehsal etməsinə baxmayaraq, ildə 1,4 milyon ton buğda idxal edir. Çünki Azərbaycan taxılı aşağı keyfiyyətlidir və ərzaq buğdası standartlarına cavab vermir”.
Qadir İbrahimli deyir ki, buna baxmayaraq, hökumət ərzaq təhlükəsizliyi barədə nağıllar danışmaqda davam edir.
Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunmuş konfransda 2016-cı ilin aqrar sektorun inkişafında dönüş ili olduğunu söyləmişdi. Bildirmişdi ki, kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə dəyəri 5,6 milyard manat olub, əvvəlki illə müqayisədə 2,6 faiz artıb:
“Bu artım əksər məhsullarda müşahidə edilib. Barama üzrə 300, soya üzrə 2,8, pambıq üzrə 2,5 dəfə, yaşıl çay yarpağı üzrə 75, şəkər çuğunduru üzrə 73, düyü üzrə 72, buğda üzrə 9,8, kartof üzrə 7,5 faiz olub. İxracın həcmi əvvəlki illə müqayisədə 73 milyon və ya 20,7 faiz artaraq 426 milyon ABŞ dolları olub”.
2 ay sonra, 10 aprel müşavirəsində prezident Azərbaycanın yeganə zəif yerinin taxılçılıq olduğunu söylədi:
“Bizim yeganə zəif yerimiz taxılçılıqdır. Bunu nəzərə alaraq mən taxılçılığın inkişafı və ilk növbədə təhlilin aparılması ilə bağlı müvafiq sərəncam imzaladım. Burada çox geniş informasiya yığılmalıdır, statistika düzgün təhlil edilməlidir və bir çox suallara cavab verilməlidir. Necə olur ki, biz taxılçılığa bir milyon hektar torpaq ayırmışıq, amma özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik?”