COP29 Azərbaycanda: Başağrısı, yoxsa, “yüksək liqaya” doğru addım?

Birləşmiş Millətlər Təşkilatının sayca 29-cu tərəflər konfransına az sayılı günlər qalır. Tədbirin keçirilməsi Azərbaycan hökuməti üçün olduqca əhəmiyyətli hesab edilir. Ancaq müxalifət və hökumət tənqidçiləri bu tədbirin hökumətin öz başına yaratdığı problem kimi görür.

Azərbaycan hökuməti ölkədə keçirilən beynəlxalq statuslu mədəni və idman tədbirlərindən sonra indi BMT-nin iqlim siyasətini tənzimlədiyi COP29-un keçirilməsinə qərar verəndə beynəlxalq insan haqları təşkilatlarının, qərb institutlarının və medianın hədəfinə tuş gələcəyini bilirdi. Bu ilin iyulunda 2-ci Şuşa Qlobal Media Forumunda müxtəlif ölkələrdən olan jurnalistlərin suallarını cavablandıran Prezident İlham Əliyev COP29 ilə bağlı qərardan dərhal sonra həmkarlarının ona xəbərdarlıq etdiyini bildirmişdi:

“Həmkarlarım, dövlət və hökumət başçıları məni xəbərdar edirdilər ki, bu, böyük, çox böyük bir başağrısı olacaq. Amma biz açıq şəkildə başa düşürdük ki, bu hücumun hədəfi olacaq. Biz ittihamların nə haqqında olacağını, necə deyərlər, əvvəlcədən təxmin edə bilmirdik, amma onların kifayət qədər olacağına əmin idik”.

Tədbirin keçiriləcəyi zaman yaxınlaşdıqca Prezident Əliyevə və Azərbaycan hökumətinə siyasi məhbusların, jurnalistlərin həbsdən azad edilməsi üçün çağırışlar artır. Müxtəlif formatlarda Avropa Birliyi, Avropa Komissiyası, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası, eyni zamanda ABŞ konqresi və ABŞ dövlət katibi səviyyəsində Azərbaycan hökumətinə çağırışlar edilir. Nüfuzlu beynəlxalq insan haqları təşkilatları hesabatlar yayaraq COP29 ərəfəsində tədbirdə iştirak edəcək insanlardan Azərbaycan rəsmiləri ilə danışıqlarda siyasi məhbus mövzularını qabartmasını tələb edirlər. İnsan hüquqları üzrə ixtisaslaşmış “Human Rights Watch” təşkilatı Azərbaycanda siyasi durum və siyasi məhbus problemini qabardan geniş hesabatla çıxış edib.

“Azərbaycanda COP29-da iştirak edən hökumətlər iqlim dəyişikliyilə mübarizə tədbirlərinin müstəqil səslərin mühüm iştirakını tələb etdiyini açıq şəkildə bildirməlidirlər”,- deyə bəyanatda bildirilir.

“Hökumət məqsədinə çata bilmədi”

İlham Əliyev: “Təşkilati nöqteyi nəzərdən mən sözün düzü hər hansı bir çətinlik görmürəm. Çünki bizim təcrübəmiz kifayət qədər böyükdür. Nəticə etibarı ilə nə hasil ediləcək bunu bəri başdan demək çətindir”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin fikrincə, hökumət COP29-u planlaşdırarkən hədəflədiyi məqsədinə çata bilmədi. Müxalifət lideri dünyanın tərəqqipərvər qüvvələri, hüquq müdafiəçiləri və azad media təmsilçilərinin birgə səyi ilə siyasi məhbus mövzusunun daha çox dilə gətirilməsinə nail olduqlarını bildirir:

Əli Kərimli. Foto: Meydan TV

“İndi nəinki ayrı-ayrı beynəlxalq təşkilatlar, hətta iqlim fəallarının özləri belə deyirlər ki, Azərbaycan hakimiyyəti insan hüquqları ilə bağlı öhdəliklərini yerinə yetirməlidir. İlham Əliyev elə bir siyasət aparıb ki, çox təəssüf ki, Azərbaycan adı ilə siyasi məhbus ifadəsi paralel işlədilir. Azərbaycanın, COP29-un adı harada çəkilirsə, mütləq həmin açıqlamada, bəyanatda, müsahibədə siyasi məhbus mövzusu da var. Ölkədəki işgəncələr, repressiyalar da var. Azərbaycan hakimiyyəti Bakının tez-tez təmir olunan küçələrinin, fasadlarının parıltısı ilə həmin o korrupsiyanı da, işgəncəni də, siyasi məhbusları da görünməz edə bilmədi. Üstəlik, əksinə, bütün dünya Azərbaycandakı repressiyalardan heç zaman olmadığı qədər məhz indi xəbər tutdu”. 

Əvvəlki iki COP konfransı ardıcıl olaraq Misir və BƏƏ-də keçirilmişdi. HRW “artıq 3-cü ildir ki, COP konfransları insan haqlarının sıxışdırıldığı, söz azadlığının və toplaşma azadlığının məhdudlaşdırıldığı ölkələrdə keçirilir”, – deyə bəyanatında bildirir.

İqtisadçı Toğrul Vəliyevin fikrinə görə, COP konfranslarının nəticəsində Azərbaycanda ekoloji mühitin yaxşılaşdırılmasını diqqət yetirilməsini gözləmək olar:

“Biz görürük ki ekologiya tərəfdən Azərbaycanda ciddi problemlər var və bəlkə də belə bir tədbirlərin Azərbaycanda keçirilməsi müəyyən qədər təsir göstərə bilər ki, Azərbaycan ekoloji siyasətində hansısa addımlar atsın. Çünki biz görürük ki, misal üçün, həm Abşeron yarımadası, elə COP29-un keçiriləcəyi məkanlar və digərləri də ekoloji cəhətdən çox da yaxşı vəziyyətdə deyil. Eyni zamanda tullantıların emalı, tullantılardan təmizlənmə, ümumiyyətlə, bu sistem Azərbaycanda qurulmayıb. Və ekoloji cəhətdən biz ciddi problemlərlə üzləşirik”.

Azərbaycanın ümumi ekoloji durumuna nəzər salanda hava, su və torpaq çirklənməsinin geniş yayılmasını müşahidə etmək olar. Sənaye fəaliyyətləri nəticəsində yaranan çirklənmə isə bioloji müxtəlifliyin azalması və ekosistemin pozulması, təbii mühitin təhlükə altına salınmasına gətirib çıxarır.

“Biz ölmək istəmirik”

 2023-cü ilin iyununda Gədəbəy rayonunun Söyüdlü kəndində insanların etiraz aksiyası keçirməsi ilə bağlı xəbər ölkə gündəmini zəbt etmişdi. Qızıl emalı zavodunun yanındakı sianid turşusu ilə doldurulmuş gölün yanına ikinci gölün inşasına start verilməsi kənd əhalisini qəzəbləndirmişdi. Onlar, sianid gölünün əhaliyə xəstəlik və ölüm gətirdiyini bildirərək yeni gölün inşasının dayandırılmasını tələb edirdilər.

“Gölə ən yaxın olan mənim evimdir. 4 uşağım var. Kredit götürüb mən o uşağı müalicə edirəm. Gəlsinlər heç nə yox, elə o ərazidə fırlansınlar, çıxıb getsinlər. 10 dəqiqəyə adamın başı fırlanır. Gör mənim körpə uşağım orada nə olur?”

“1 ayda 18 ölüm çıxıb bax bu ərazidə, 18 ölüm vermişik. Hamısı xərçəng xəstəliyindən”, – deyə Söyüdlü sakinləri problemlərinin həll edilməsini tələb edirdi.

O zaman Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı kənddəki narazılığı sakitləşdirmək üçün əraziyə cəlb edilmişdi. Lakin polisin etirazçılara qarşı sərt qabaqlayıcı tədbir görməsi insanları daha çox qəzəbləndirdi. Əsasən paytaxt Bakıda fəaliyyət göstərən azsaylı müstəqil media və vətəndaş cəmiyyəti təmsilçiləri bir gün sonra kəndə gələrək insanların narazılıqlarını dinləməyə və onların səsini geniş auditoriyaya çatdırmağa çalışırdılar. Həmin vaxt olayları işıqlandıran müstəqil jurnalist Elməddin Şamilzadə o günü belə xatırlayır:

Foto: Elməddin Şamilzadənin şəxsi arxivindən

 “Bu, 10 illik bir prosesin pik nöqtəsi idi. Amma bu prosesə gətirən nöqtə isə 1 ay idi davam edirdi. Kəndin bir hissəsində qızıl mədəni var, digər bir hissəsində isə sianid gölü var və bu gölü genişləndirməyə çalışırdılar. Göl tikilərkən onun təhlükəsizliyi nəzərə alınmayıb deyə sadəcə mişar daşları ilə hörüb içinə suyu tökmüşdülər. Oradan sızıntılar var, çaya axır, insanların içməli suyuna qarışır… İnsanların etirazı zəhərlənməmək üçün idi. İnsanlar ölmək istəmirdilər, sadəcə olaraq. Etirazları bu idi ki, bizi öldürməyin”.

“Bir polis soyunub dedi ki, səni zorlayacam”

Söyüdlüdəki hadisələri işıqlandıran müstəqil media nümayəndələri qısa müddətdə polisin müqaviməti ilə üzləşib. Onların bir çoxu zorla kənddən uzaqlaşdırılıb. Hazırda həbsdə olan “AbzasMedia” saytının əməkdaşı Nərgiz Absalamova da həmin vaxt polisin təzyiqinə məruz qalmışdı. 

Nərgiz Absalamova. Foto: Meydan TV

Polis onları kənddən çıxarana qədər artıq jurnalist Elməddin Şamilzadə həyatına böyük təsiri olacaq videonu çəkməyə nail olmuşdu:

“Bir gün əvvəl baş verən hadisə zamanı orada olan polis tağımı var idi, onlar həmin gün yenidən gəldilər kəndə və mən fürsət tapıb həmin polislərin üzlərini çəkə bildim. Onlar maskalarını geyinməyə fürsət tapmadan mən onların bəzilərinin üzlərini çəkə bildim və internetdə paylaşdım. Çox adam izləmişdi. Mən evə qayıdanda artıq məhəllədən polislər məni götürdülər. Orada onlar məndən polislərlə bağlı olan postlarımı silməyimi istədilər. Mən silməyəcəyimi deyəndə məni çox layiqsiz şeylərlə təhdid elədilər və söyüşlər söydülər, döyməyə başladılar. Mən yenə də onları bir cürə aldadıb sadəcə şifrəmi verməməklə, postlarımı gizlətməklə, telefonumu geri almağa fürsət tapa bildim. Onlar buna qane olmadılar. Məni apardılar bölmənin saxlama yerinə, sonra yenidən qaldırdılar və bir polis soyunub dedi ki, səni zorlayacam. Mən həmin vaxt şifrəmi ona verdim”.

Bundan sonra bir neçə dəfə polisə çağırılan jurnalist həbs olunacağını düşünərək ölkəni tərk etmək məcburiyyətində qalıb.

Hüquq müdafiəçisi Samir Kazımlı Azərbaycanda təkəmseyrək qalmış müstəqil media və VC nümayəndələrinin höküməti narahat etdiyini, buna görə onları cəzalandırmaq üçün bir sıra məhdudlaşdırıcı addımlar atıldığını düşünür:

“Ümumiyyətlə Azərbaycan hakimiyyətinin müstəqil mediaya, vətəndaş cəmiyyətinə qarşı basqılarının əsas səbəblərindən biri də odur ki, problemləri heç kim dilə gətirməsin, heç kim işıqlandırmasın. 

Söyüdlü hadisələri müəyyən müddətdən sonra ölkədə baş vermiş ciddi hadisə idi və ciddi rezonans doğurmuşdu. Vətəndaş cəmiyyəti, media bunu işıqlandırdı, baxmayaraq ki, uzun illərdir vətəndaş cəmiyyətinin də müstəqil medianın da fəaliyyəti məhdudlaşdırılmışdı, amma bu, çox ciddi bir hadisəyə çevrildi və Azərbaycan hakimiyyəti öz aləmlərində anladı ki, yox, bunları hələ də bir az sıxmaq, məhdudlaşdırmaq lazımdır. Çünki bunlar yenə də ölkədə gündəm yarada bilirlər, yenə də problemləri üzə çıxara bilirlər. Ona görə də Azərbaycan hakimiyyəti gördü hələ də azsaylı müstəqil media, azsaylı vətəndaş cəmiyyəti ölkədə olan hansısa problemi insanlara çatdıra bilir. Ona görə də yenidən bir tədbir görməyə başladılar, yəni məhdudlaşdırma istiqamətində”.

2 həbsdə fərqli ittihamlar

Söyüdlü olayından 20 gün sonra məsələ ilə bağlı susqunluğunu pozan Prezident İlham Əliyev Söyüdlüdə qızıl çıxaran zavodun fəaliyyətini pisləyib, ona nəzarət etməli olan dövlət orqanlarını tənqid edib:

“Görünür ya sövdələşiblər Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə, ya da ki onu özbaşına eləyiblər. Ona görə də ciddi araşdırılmalıdır. Bütün göstərişlər verilmişdir. Prokurorluğa verilmişdir, digər aidiyyəti qurumlara verilmişdir. Mən xəbər tutandan sonra zəng elədim baş nazirə, dedim ki, mütləq komissiya yarat və göndər yerinə getsinlər. Yaxşı, bunu mən deməliydim?”

İlham Əliyevin reaksiyasında diqqət çəkən əsas məqamlardan biri də o olub ki, prezident vətəndaşların polisə müqavimət göstərdiyini, amma polisin vəzifə səlahiyyətlərini aşmadan doğru şəkildə davrandığını dilə gətirib:

İlham Əliyev. Foto: Meydan TV

“O təxribatçıların bəziləri Azərbaycanda, bəziləri xaricdə gizlənir. Azərbaycandakılar artıq müəyyən edildi və bir neçəsi məsuliyyətə cəlb olunmuşdur. Xaricdəkiləri də biz məsuliyyətə cəlb edəcəyik. Heç kim, necə deyərlər, fikirləşməsin ki, biz bunu unutmuşuq. Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb. Əgər kimsə unudubsa, biz xatırlada bilərik. Ona görə vətəndaşlar da həm mədəniyyət göstərməlidirlər, necə deyərlər, mərifət göstərməlidirlər, qanuna tabe olmalıdırlar, polisə daş atmamalıdırlar, polisə daş atmaq heç kimə şərəf gətirən hərəkət deyil. Bu, birincisi. İkincisi, bu, cinayətdir. Əgər Azərbaycan polisi dözümlülük göstərirsə, o demək deyil ki, kim istəyir polisə daş ata bilər. Bu, qətiyyən mümkün deyil. Mən hər kəsə deyirəm, burada biz kiminsə nazı ilə oynayası deyilik, necə lazımdır, əgər lazım bilsək, kimi lazımdır, elə cəzalandırarıq ki, peşman olar”.

Prezidentin çıxışından 1 həftə öncə Gədəbəy ərazisindən seçilmiş keçmiş millət vəkili Nazim Bəydəmirli (Məmmədov) Cinayət Məcəlləsinin 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilərək həbs edilib. Eks-deputat həbsini Söyüdlü hadisələri zamanı sosial mediada aktiv çıxışları ilə əlaqələndirir və özünü ekologiya məhbusu kimi təsnifləndirir.

Nazim Bəydəmirli. Foto: Meydan TV

Söyüdlüdəki etiraz aksiyasında şüarlar yazılmış plakatların hazırlanmasını təşkil edən kənd sakini Coşqun Musayevə 3 il müddətinə həbs edilib. 34 yaşlı Coşqun Musayev narkotik ittihamı ilə həbs edilib. O Söyüdlüdəki aksiyadan bir gün sonra saxlanılaraq əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin Gəncə şəhər şöbəsinə aparılıb, oradan isə Bakıya – DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib. AzadlıqRadiosu Coşqun Musayevin ifadəsini bu cür təqdim edir:

“Gəncədə DTX-nın binasında üstümü yoxlamışdılar, narkotik olsaydı, elə orada çıxardı. Məni “Bandotdel”də bir gecə saxlayandan sonra ertəsi gün səhər “Nərimanov” parkına apardılar. Orada əvvəlcədən öyrətdikləri kimi oturdum, kənardan çəkiliş elədilər. Sonradan bildim ki, mənim guya Bakıda parkda tutulduğumu sübut eləmək üçün ssenari qurublar”.

Prezident İlham Əliyev ölkədə bir sıra insanların məsuliyyətə cəlb edildiyini bildirmişdi, amma Söyüdlü hadisəsi ilə bağlı cəzalandırıldığını iddia edən hər iki şəxs başqa ittihamlarla həbs edilib. 

Hüquq müdafiəçisi Samir Kazımlı həbslərin real səbəbi ilə ittiham arasındakı əlaqəsizliyi bu cür izah edir:

Samir Kazımlı
Foto: Samir Kazımlının şəxsi arxivindən

“Söyüdlü hadisələri baş verəndən sonra Azərbaycanda hökumətyönlü medialarda fərqli-fərqli çaşdırıcı yazılar oldu ki, bu sifarişdir. Burada hakimiyyət bir ssenari qurmalıydı və kimisə günahkar çıxarmalı idi. Nazim Bəydəmirli də Gədəbəydən deputat olmuşdu, Gədəbəyin ziyalısı idi, zaman-zaman o rayondakı problemləri qabardırdı və onlar hesabladılar ki, Nazim Bəydəmirli bu ssenariyə uyğundur. Onu burada qurban seçdilər, Nazim Baydəmirli mən bildiyim qədər o proseslərə münasibət bildirmişdi. Təbii ki, onu sırf Söyüdlüyə görə həbs etsəydilər, aydın olacaqdı ki, bu hökumətin ssenarisidir və bu ssenari pozula bilər. Ona görə də başqa bir ssenari, onların ehtiyat şərləmə mexanizmini işə saldılar, amma hər kəs bilir – elə onu tutanlar da – Söyüdlü hadisəsi olmasaydı Nazim Baydəmirli həbs olunmayacaqdı”.

Samir Kazımlının fikrincə, ekoloji problemləri həll etmək əvəzinə onu dilə gətirənləri cəzalandıran hökumət COP29-u Azərbaycanda keçirməklə iqlim məsələlərinə marağında səmimi deyil:

“Əslində bu ekoloji problemlərin həlli üçün də vətəndaş cəmiyyəti çox işləməlidir, müstəqil media çox işləməlidir. Hakimiyyət də müəyyən işlər görməlidir, müəyyən şəraitlər yaratmalıdır. Bu, tək inzibati resurslarla görüləcək işlər ola bilməz. Mən düşünürəm ki, sən müstəqil medianı sıradan çıxart, vətəndaş cəmiyyətini sıradan çıxart və ekoloji problemi həll etmək üçün hansısa böyük bir tədbir keçir. Bu, belə deyək də, yaxşı görünmür, ağlabatan deyil…”.

Bir sıra ekspertlərin fikrincə, Azərbaycanda ekoloji vəziyyətlə bağlı fəaliyyət göstərən müstəqil qeyri- hökumət təşkilatları olduqca azdır. Müxtəlif məhdudiyyətlərlə üzləşən media təmsilçilərinin isə bu mövzuları işıqlandırması o qədər də əlverişli

deyil. Söyüdlüdə baş verən ekoloji problemi işıqlandıran iki media qurumu “AbzasMedia” və “Toplum TV” hökumətin təzyiqlərinə tuş gəlib, əməkdaşları həbs edilib, onların ofisi bağlanıb. Azərbaycanda həbs edilən Seçkilərin Monitorinqi

və Demokratiyanın Tədrisi İnstitutunun rəhbəri Anar Məmmədli də COP29 konfranslarında iştirak etməyə hazırlaşırdı, lakin o həbs edildi.

Anar Məmmədlinin fəaliyyətini yaxından izləyən insan haqları üzrə beynəlxalq mütəxəssis Florian İrminger hesab edir ki, hökumət COP29 ərəfəsində azad səslərin susdurulmasına nail olmaq istəyir:

Anar Məmmədli
Anar Məmmədli. İllüstrasiya: Meydan TV

“Bu, onun açıq-aşkar siyasi səbəblərlə ikinci dəfə həbs olunmasıdır və bu hadisə insan haqları müdafiəçiləri ilə birlikdə COP-a hazırlıq üçün İqlim Ədaləti Təşəbbüsünü yaratmasından bir neçə həftə sonra baş verdi. Bu, insanların COP ilə bağlı ictimai müzakirələrdə iştirak etmək istəyini göstərir, İqlim Ədaləti Təşəbbüsü yaradırlar və sonra hökumət olaraq bunu bağlayırsınız, çünki müstəqil səslərin nə ətraf mühit məsələləri, nə də iqlim ədaləti haqqında danışmasını istəmirsiniz. Çünki açıq vətəndaş cəmiyyəti məkanınız olmadan iqlim dəyişikliyi ilə mübarizə aparmaq mümkün deyil.

Biz yüksək səviyyəli iştirakçıların sayının çox olacağına ümid edirik. Biz vətəndaş cəmiyyətinin iştirak edəcəyinə ümid edirik və COP29 təşkilatçılarından ev sahibi ölkə ilə sazişin ictimaiyyətə açıqlanmasını istəyirik ki, Azərbaycanın nədən məsul olduğunu bilək, çünki bu, hələ ictimaiyyətə açıq deyil. Biz Azərbaycan hökumətinə çağırış edirik ki, COP zamanı heç bir məhdudiyyət olmadan yığıncaqların keçirilməsinə icazə versin və Azərbaycan vətəndaş cəmiyyəti öz müxtəlifliyi ilə bu tədbirdə iştirak edə bilsin”.

Florian İrminger COP ərəfəsində jurnalistlərin və siyasi məhbusların azadlığa buraxılacağına ümid edir. Bu ümidi ürəyində bəsləyən təkcə o deyil, zaman-zaman Azərbaycan cəmiyyətində bu versiyalar dolaşır. Amma Azərbaycan Qərb ilə danışıqlarda sərt ritorikaya keçir və bunun müqabilində Rusiya və Çin ilə əlaqələrini artırır. BRİCS ilə əməkdaşlığı ən yüksək səviyyəyə qaldırır. Qərb Azərbaycandan siyasi yumşalmaya getməyi, represiyaları dayandırmağı tələb edir, lakin Rusiyanın dövlət rəsmiləri Azərbaycanda demokratikləşmə istəyən qərbyönlü fəalların cəzalandırılmasına çağırış edir.

Müxalifət hökumətin BRİCS-ə üzvlük üçün müraciətini şərh edərkən onun “avtoritarlar klubuna” can atdığını ifadə edir.

Beynəlxalq ekspert Florian İrmingerin sözlərinə görə, Azərbaycan bu tədbirə sadəcə texniki baxımdan ev sahibliyi edir və bu tədbir Azərbaycanın həm ekoloji vəziyyətinin yaxşılaşdırılması, həm də siyasi mühitinin normallaşdırılması üçün müzakirələrə yol açacaq.

Rəsmi Bakı COP29-un keçirilməsini Azərbaycan üçün olduqca əhəmiyyətli hesab edir və bu tədbirə digər mövzularla kölgə salınmasını qəbul etmir.

“Mediaşəbəkə”nin dəstəyi ilə

Ana səhifəVideoCOP29 Azərbaycanda: Başağrısı, yoxsa, “yüksək liqaya” doğru addım?