CNN-in aparıcısı Dağlıq Qarabağa səfər edib

Hikmət Hacıyev: ”Bu, utancverici və mənəviyyatsız addımdır”

Source:


Hikmət Hacıyev: ”Bu, utancverici və mənəviyyatsız addımdır”

ABŞ-ın CNN telekanalının aparıcısı, baş aşpaz Antoni Burden Ermənistana və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağa səfər edib. Onun bu addımı Bakını qəzəbləndirib. Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev aparıcının adının qurumun “qara siyahısı”na salınacağını bildirib.

Müstəqil jurnalist Coşua Kucera

“Eurasianet.org”

-da Antoni Burdenin regiona ötən həftə səfər etdiyini yazıb:

“O, orada “Parts Unknown” şousu üçün epizod çəkib”.

“Parts Unknown” verilişi CNN-də yayımlanır və uzaq ölkələrin ekzotik yemək mədəniyyətlərini sərgiləyir.

Antoni Burdenin Şuşada yemək zamanı, eləcə də erməni ulduzlarla çəkdirdiyi fotoları yayılıb. O, “Twitter”-də bu səfərin təşkilinə görə “System of a Down” rok qrupunun erməni-amerikan lideri Serj Tankiana təşəkkür edib.

Teleulduzun sosial media postlarına ermənilər böyük coşquyla reaksiya versələr də, onun Azərbaycanın de-yure ərazisi olan Qarabağa səfəri Bakını qəzəbləndirib.

Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev Antoni Burdenə bir neçə tvitlə cavab verib. CNN-in Azərbaycanın Ermənistan tərəfdən etnik təmizlənməyə məruz qalmış ərazisini səyahət şousunda təqdim etməsini “utancverici və mənəviyyatsız addım” – sayıb. Teleaparıcını bunu dayandırmağa çağırıb.

Məqalədə deyilir ki, Antoni Burden Hikmət Hacıyevin yazdıqlarına cavab verməyib və onun Qarabağın statusuyla bağlı mövqeyi də bəlli deyil.

H. Hacıyev daha sonra APA-ya nazirliyin məsələni araşdırdığını, araşdırmadan sonra qərar veriləcəyini deyib.

Azərbaycan sərhədlərini qanunsuz keçməkdə, Qarabağa onun rəsmi icazəsi olmadan getməkdə suçladığı əcnəbiləri “qara siyahı”ya salır.

2011-ci ildə bir neçə dövlətin vətəndaşlığını daşıyan bloger Aleksandr Lapşin Azərbaycanın Ermənistan tərəfindən işğal edilən ərazilərinə səfər etdiyinə görə, 2016-cı ilin dekabrında  Minskdə həbs edilərək Bakıya təhvil verilmişdi. O, 3 il müddətinə həbs edilmişdi. 2017-ci il sentyabrın 11-də Azərbaycan prezidenti onu əfv etdi. Əfv olunandan sonra İsrailə gedən A.Lapşin Azərbaycan hakimiyyətini sərt tənqid etdi və həbsxanada işgəncəyə məruz qaldığını bildirdi.

Azərbaycan hakimiyyətinin rəsmiləri blogerin iddialarına reaksiya verməyib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Ana səhifəXəbərlərCNN-in aparıcısı Dağlıq Qarabağa səfər edib