Qəsəbənin ən məsum qızlarından hesab olunan Angela Vikario toy gecəsi bakirə çıxmır. Əri onu ata evinə gətirib, anasına təhvil verir. Qəzəblənmiş qardaşları Pablo və Pedro Vikariolar qızdan onun namusunu ləkələyənin adını soruşurlar. Angela Vikario bu adamın Santyaqo Nasar olduğunu deyir. Qardaşlar varlı və nüfuzlu ailənin oğlu Santyaqo Nasarı öldürmək istəmirlər. Amma məsələdən xəbardar olan qəsəbə onlardan namuslarını təmizləmələrini gözləyir. Pablo və Pedro Vikariolar qarşılarına çıxan hər kəsi xəbardar edirlər ki, Santyaqo Nasarı öldürəcəklər. Qardaşlar bunu etməklə Santyaqo Nasarı xəbardar etmək istəyirlər ki, o qaçıb gizlənsin və özünü ölümdən, onları isə qatil olmaqdan qorusun. Amma heç kim bu xəbəri Santyaqo Nasara demir və məcbur qalan qardaşlar Santyaqo Nasarı öldürməli olurlar.
Qabriel Qarsia Markesin “Gözlənilən bir qətlin tarixçəsi” adlı bu əsəri, cəmiyyətlədə mövcud olan “kişi” və “qadın” obrazını, sterotipini ən gözəl sərgiləyən əsərlərdən biridir. Əsəri oxuduqda anlayırsan ki, bu ölümdə əsas günahkar elə cəmiyyətin özüdür.
Bu əsərini ana fikirini əsas tutaraq, hazırda Azərbaycan cəmiyyətinə qızğın mübahisəsi gedən ailə-məişət zorakılığına (bu sözü dar anlamda istifadə edərək uşaqları ondan kənarda tuturam), maskulin kişi baxışının cəmiyyətdə oynadığı neqativ rola, qadınların hüquqlarının tapdalandığı və onların zorakılıq nəticəsində öldürülməsinə, qadın və kişinin boynuna biçilmiş rolların – balansı qoruyaraq -onların əslində ikisini də çətin duruma salmasına, cəmiyyətin özünü geri atmasına göstərməyə çalışacam.
Bir neçə ay bundan öncə polşalı bir qadın professorun təlimində oldum. Fasilə zamanı onunla Polşada qadın və kişinin, həm qanun qarşısında və həm də reallıqda bərabərliyi üçün Polşada nələrin edildiyi ilə maraqlandım. Polşalı professorun dediklərinin bir qismini və müzakirəmizdən çıxan nəticəni sizinlə bölüşmək istəyirəm.
Onun dediyinə görə, problemin digər bir tərəfi ondadır ki, cəmiyyətin özünün qadın və kişi ayrımı və onların hər ikisinin boynuna biçdiyi rollar əslində bəzən insan anlayışını inkar edir. O, konkret misal kimi dedi ki, məsələn aparılmış araşdırmaya görə, qadınlar kişilərdən daha çox intihar etməyə cəhd edir, amma intihardan ən çox ölən kişilərdir. Belə ki, qadınlar intihar etmək istədikdə, hər hanısa formada “işarə” verir ki, onu gəlib intihar etməkdən qurtarsınlar.
Qadın bunu edərkən, heç bir çəkingənlik duymur. Cəmiyyət onun bu yardım çağırışını çox normal qarşılayır və onun qətiyyən qınamır. Çünki, cəmiyyətin baxışına görə, qadın zəif varlıq olduğundan, onun intihardan öncə kimisə köməyə çağırması təbiidir. Amma kişilərdə durum başqa cürdür. Məsələn, kişinin daima cəsarətli, qorxmaz, dözümlü, ağrı qarşısında ağlayıb-sızlamayan, qürurlu olmalı olduğunu əgər cəmiyyət təlqin edirsə, o zaman kişi də, onun boynuna biçilmiş rolu oynamağa məcbur olur. İntihar cəhdində kişi cəmiyyət tərəfindən onun boyunan biçilmiş bu ağır yükü daşımalıdır, əks halda, o gülüş hədəfi olacaq və cəmiyyət tərəfindən qınanacaq.
Kişi, əsla hisslərini büruzə verməməli və özünü tox tutmalıdır. Təsadüfi deyil ki, kişilərin qadınlara nisbətən ürək çatışmazlığından daha çox sayda ölməsinin əsas səbəbləri qismində, kişinin özü emosiyalarını basdırması və cəmiyyətin təlqin etdiyi “kişi ağlamaz” sterotipinin böyük rolu olması ilə bağlı çoxsaylı elmi araşdırmalar var. Hətta bu ölümə ad da fikirləşiblər: “kişi ölümü”.
Cinsə görə rolların bu tipli bölgüsü artıq muasir dünyada getdikcə öz əhəmiyyətini itirməkdədir. Amma bizim kimi inkişaf etməkdə (bu çox pozitiv sözdür, əslində “yerində sayan” demək lazmıdır) olan cəmiyyətlərdə, cinslər arası rol bölgüsü, hələ də öz aktuallığını qorumaqdadır. Yuxarıdaki misalda dediyim kimi, bu rol bölgüsü, cəmiyyətdə olan kişi və qadın sterotipi, fərdiyyətin, hər bir insanın fərdi psixikasının inkarı, yumşaq desək onun “ignor” –a qoyulmasıdır.
“Gözlənilən bir qətlin tarixçəsində” olduğu kimi, əslində insanlar böyük bir qismi- istər kişi və ya istər qadın olsun – cəmiyyət tərəfindən onlara sırınmış və edilməsi məcbur olan əməlləri etməyəməyə, ondan canını qurtarmağa çalışır. Amma cəmiyyətin basqısı qarşısında olan qorxu, onları öz istəklərinin əleyhinə getməyə səbəb olur.
Azərbaycanda qadın obrazı, müqəddəslik, analıq, ev xanımı, zərfilik, incəlik, və s. saymaqla bitməz rolların içərisinə salınıb. Azərbaycanda qadın deyərkən, heç zaman bizneslə, siyasətlə məşğul olan, pul qazanan, cəsarətli, qorxmaz, ambisyalı biri ağla gəlmir. Bunlar kişinin sifətləridir və bu tipli qadınlara da cəmiyyət öz yarlğını yapışdırıb: “kişi kimi qadın”. Çünki cəmiyyət kişiyə aid hesab etdiyi obrazı qadında görə bilmir və daha dəqiq desək, görmək istəmir.
Azərbaycan kişisi, cəmiyyətin ona biçdiyi rola görə (mən onların çox as qismini sadlayıram, çünki saymaqla bitməz) o, evin “pul qazananıdır”. Azərbaycanın indiki siyasi-iqtisadi reallığında bu rolun necə çətin olduğu, ailəsinin saxlayan kişi üçün necə alçalmalar, təhqirlər bahasına başa gəldiyini düşünmək çətin deyil. Azərbaycan cəmiyyətinin qadına biçdiyi rola görə, qadın üçün ərinin hardan və necə pul qazanması elə də önəmli deyil, əsas odur ki, ailə dolana bilsin.
Qadının kişinin namusu, qeyrəti olması haqqında yaradılmış mənəvi norma da, hər iki cinsin bioloji reallığının inkarı kimi, hər ikisinə çox ağır yükdür. Necə deyərlər, “hamıya çətindir, mərhumə üçün isə lap çətindir”.
Son hadisələrə sosial şəbəkələrdə qadınların özləri tərəfindən sərgilənən münasibət (bir çox qadın ölümlərə, döyülmələrə haqq qazandırıb və namus-qeyrət anlayışlarından bir xeyli istifadə edib), əslində problemin cinsin yox, insanın təfəkküründəki (bu təfəkkürün necə formalaşması isə ciddi elmi-sosialoji araşdırmanın predmetidir) problemlə bağlı olduğunu göstərir. Problem, geniş anlamda insanlıq problemidir. Cəmiyyətin hələ böyük çoxunluğunun qadını azad iradə və ağıl sahibi subyekt kimi görmədiyini də, qadının zorakılığa məruz qalmasını pisləyənlərin çoxusunun “sahiblik” anlamı ifadə edən sözlərdən istifadə edərək, guya qadını müdafiə etdiklərini düşünənlər sübut etdi. Yazılan yazılardan, status və “tvit”lərdən məlum oldu ki, böyük əksəriyyət, qadını sahibi olan varlıq kimi, “qorunmalı”,”əzizlənməli”, “sevilməli” obyekt kimi görür.
Elmi araşdırmanın predmeti olsa da, qısaca onu deyim ki, qadınlar uzun müddət kişinin fiziki gücünə tabe olaraq yaşadıqlarından, həmişə zorakılığa ən açıq varlıq olub. Kişinin fiziki gücü, qadınla istədiyi kimi davranmağa, onu oğurlamağa, satmağa, seksual əyləncəsinə çevirməyə, evə dustaq etməyə və müxtəlif cür istifadə etməyə imkan verib. Əsrlərlə kişi əzən, qadın isə əzilən tərəf olub. Təbii ki, bu uzun əsrlərin nəticəsini, qısa müddətdə aradan qaldırmaq asan deyil. Müasir cəmiyyətlərdə qadının zorakılığa məruz qalması ilə bağlı hərdən yaşanan olaylar, “arxetiplərin” dərinliklərimizdə yaşadığını, arada boy göstərdiyini sübut edir.
Amma indiki müasir dünyada güc anlayışı ciddi transformasiyaya məruz qalaraq şəkilini dəyişib və bu proses hələ də davam edir. Hakmiyyət artıq fiziki güclə ölçülmür. Hətta hərbi sahə belə, artıq elmin və texnalogiyanın inkişafı nəticəsində əzələli əsgər yox, beyin qırışları açılmış əsgər tələb edir. Bir zamanlar kişilərin monopolyasında olan güc, indi çatılan inkişaf nəticəsində onun əlindən alınıb. Qadın üçün yeni imkan və perespektivlər açılıb. Təsadüfi deyil ki, Qərb cəmiyyətləri bundan maksimum istifadə edir və orada gender balansı dünyada çatılmış ən yaxşı səviyyədədir.
Biz bir cəmiyyət olaraq qadının emansipasiya prosesini ya sürətləndirə, ya da onu daha da geri ata bilərik. Hazırda artan kütləvi savadsızlıq və mədəni səviyyənin aşağı düşməsi prosesini daha da pisləşməsini göstərir.
Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.