“Hörmətli Çingiz müəllim sadaladığım qərarların icra olunmaması ilə bağlı suala cavab verməkdə çətinlik çəkəcək”
“Azərbaycan Avropa Məhkəməsinin qərarlarını tam şəkildə icra edir”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov deyib.
Ç. Əsgərov qərarların icrası ilə bağlı heç bir problem olmadığını açıqlayıb.
Azərbaycanın qərarları icra etməməsi barədə iddialara münasibət bildirən nümayəndə qeyd edib ki, bu, sırf siyasi mövqedir: “Onlar siyasi təzyiq göstərirlər. Bu, hüquqdan uzaq mövqedir”.
Azərbaycanın Avropa Məhkəməsinin şikayətlərə baxmaq qaydası ilə bağlı şikayətlərinin olduğunu vurğulayan Ç. Əsgərov “Məhkəmə tərəfindən müəyyən ərizələrə prioritet verilməsi baxımından iradlarımız var. Bu iradlar onlara bildirilib. Demişik ki, bizim mövqeyimiz düzgündür”, – deyə bildirib.
“Əgər Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov mənəvi-maddi ziyana görə təyin etdiyi təzminatın ödənilməsini nəzərdə tutursa, o, haqlıdır. Hər halda apardığım işlərlə bağlı təzminatın ödənilməsi problemi olmayıb. Amma digər məsələlərdə problem var, məsələn, ADP sədri Sərdar Cəlaloğluna işgəncə tərbiq edildiyi və bununla bağlı şikayətlərin səmərəli araşdırılmaması müəyyən olunub. Yəni Konvensiyanın III maddəsinin pozuntusu müəyyənləşmişdi. İş üzrə təzminat ödənildi, hətta Ali Məhkəmənin Plenumu çıxarılan qərarları ləğv edib Nəsimi Rayon Məhkəməsinə qaytardı, məhkəmə işgəncə faktıyla bağlı mükəmməl qərar qəbul etsə də, Baş Prokurorluqda həmin məsələ ilə bağlı cinayət işi başlanmadı və araşdırma da aparılmadı. Sərdar Cəlaloğlunun bu barədə verdiyi sorğulara indiyə qədər də cavab verilməyib. Əgər cinayət işi başlansaydı, Cəlaloğlu zərərçəkmiş kimi tanınmalıydı. Başqa misal isə ReAL sədri İlqar Məmmədovun birinci ərizəsi ilə bağlıdır. Ötən il Avropa İnsan Hüquqları Məhkəməsi bununla bağlı qərar qəbul etdi. Konvensiyanın V və xüsusən XVIII maddəsinin pozulması müəyyənləşdi. Bu, İlqar Məmmədovun həbsinin onun susdurulması məqsədi daşıdığını ehtiva edir. Eyni zamanda, ötən ilin sentyabrında Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hakimiyyətinə İlqar Məmmədovun dərhal həbsdən azad olunması barədə müraciət etdi. Qərarda başqa məsələlər də qaldırılmışdı. May ayında Nazirlər Komitəsi bu məsələyə yenidən qayıdıb Aralıq Qətnaməsi qəbul edib Məmmədovun daha ciddi şəkildə azad olunmasını ortalığa qoydu. Sentyabrın 24-də də İlqar Məmmədovla bağlı qərar və Aralıq Qətnamə qəbul olundu. Düşünrəm ki, hörmətli Çingiz müəllim sadaladığım qərarların icra olunmaması ilə bağlı suala cavab verməkdə çətinlik çəkəcək. Çünki bu qərar və qətnamələr qəbul edildikdən bəri Azərbaycan hökuməti adından Avropa Məhkəməsinə heç bir məlumat göndərilməyib. Bu baxımdan İlqar Məmmədovla bağlı qərarın icra olunmadığını birmənalı deyə bilərik. Hətta Ali Məhkəmənin sonuncu qərarı da Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin pozulmasıdır. Belə ki, Ali Məhkəmə də digər məhkəmələır kimi dövlət adından çıxış edir və rəsmi Bakının üzərinə götürdüyü beynəlxalq öhdəliklərə, o cümlədən, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası öhdəliyini yerinə yetirməlidir”.
Vəkil Ağayev Çingiz Əsgərovun siyasi təzyiqlər barədə fikirlərini belə şərh etdi: “Biz hüquq müstəvisindən danışırıq, İlqar Məmmədov barəsində qərarı Avropa İnsan Hüquqları Məhkəməsi qəbul edib. Qərara icranı həyata keçirən orqan da Nazirlər Komitəsidir. Əgər Nazirlər Komitəsi bu məsələ üzrə 4 dəfə müvafiq akt qəbul edirsə, buda Azərbaycanın üzərinə götürdüyü hüquqi öhdəlikdən başqa bir şey deyil. Hüquq məsələlərini bu üsulla siyasiləşdirmək doğru deyil. İstənilən halda həm Avropa Məhkəməsinin qərarı, həm Nazirlər Komitəsinin aktları Azərbaycanın Avropa Şurasına daxil olanda, söz azadlığı protokolları Konvensiyasına qoşulanda üzərinə götürdüyü beynəlxalq hüquqi öhdəliklərə uyğun olaraq icra olunmalıdır. Bu mənada hüquqi qərarları siyasi təzyiq kimi qiymətləndirmək yanlışdır”.