”Çingiz Baxşıyev Akif Çovdarova pul verib”

Keçmiş nazir müşaviri qohumunu qızıllarını oğurlamaqda günahlandırır

Source:


Keçmiş nazir müşaviri qohumunu qızıllarını oğurlamaqda günahlandırır

Martın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində nəqliyyat nazirinin müşaviri olmuş Çingiz Baxşıyevin yaxın qohumu Rövşən Əhmədovun növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

İlk şahid sabiq nazir müşavirinin kürəkəni Mübariz Ələkbərov olub. O, yoxa çıxdığı deyilən qızılların bir hissəsinin də ona məxsus olduğunu deyib:

“Mənim 50 ədəd onluq, 10 ədəd isə beşliyim həmin qızılların içində olub. Xaricə tez-tez getdiyimiz üçün qızılları qayınatamgilə vermişdik. Qızılların harda olması, nəyin kimə verməsini bilmirəm. Qayınatam Rövşənə çox etibar edirdi. Sonra dedilər ki, qızıllar yoxdur”.

Məhkəmədə Rövşən Əhmədovun həyat yoldaşı Xanım Əhmədova da ifadə verib. O, ifadəsində bildirib ki, qohumları olan Çingiz Baxşıyevin külli miqdarda pulu və qızıl-zinət əşyaları daim onların evində olub:

“Sonuncu dəfə Rövşənə dedim ki, evdə olan qızılları aparıb qaytarsın. Qızımıza toy edəcəkdik. Rövşən də aparıb verdi. Toy günü də Çingiz Rövşənə zəng edib demişdi ki, yoldayıq, gəlirik. Restorana Çingizin kürəkəni Mübariz gəldi. Dedi ki, Çingiz müəllimin vəziyyəti ağırlaşıb, mədəsindən qan açılıb. Rövşən elə ordan çıxıb getmək istədi. Mən də dedim ki, toydan sonra gedərsən. Bu hadisədən sonra bir neçə dəfə Rövşən Çingizin yanına getdi. Amma Çingizi görə bilməmişdi. “Yaxşıdır” deyib yoldan qaytarıblar. Sonra görüşdülər. Rövşən mənə dedi ki, Çingizin vəziyyəti yaxşıdır. Sonra Çingiz xaricə gedib gəldi. Gələndən sonra aqressiv şəkildə Rövşəni yanına çağırdı”.

X.Əhmədova, söyləyib ki, Çingiz Baxşıyev ərinə deyib ki, qızılları yoxdur: “Rövşən evə qayıdanda qanı qara idi. Mənə dedi ki, Çingiz Baxşıyev qızılların olmadığını deyir. Çingiz Rövşənə deyib ki, qızılları mən götürmüşəm. Mən də onların evinə zəng elədim, soruşum ki, nə olub. Çingizin arvadı mənə dedi: “Sən yaxşı bilirsən nə olub. Rövşəni itirmək istəmirsənsə, qızılları gətirib qaytarın”. Rövşən demişdi ki, “arvadım belə etməz, ziyarət adamıdır”. Çingiz də “bunlar boş şeydir”- deyib”.

X.Əhmədova bu hadisədən sonra Çingiz Baxşıyev tərəfindən hədələndiklərini, təhdid edildiklərini söyləyib. O bildirib ki, Ç.Baxşıyevin şikayəti əsasında həyat yoldaşını həbs ediblər:

“Çingiz bizi oğlumuzla da hədələyirdi. Deyirdi ki, oğlumu ön cəbhəyə göndərib öldürdtürəcək. Rövşən də dedi ki, şikayət edəcəm. Elə Rövşənin həbs edilmə səbəbi də bu şikayət etmək istəməsi oldu”.

X.Əhmədova bildirib ki, heç vaxt ərinin evə gətirdiyi pul və qızılların miqdarından xəbəri olmayıb: “Çingiz Rövşənə deyirdi ki, Qırğızıstandan satmaq üçün ət gətirəcək. “Buna görə milyonlar qazanacağıq”- deyirdi. Bu qədər pulu ət sagmaqla qazanmaq olardı? Bu qədər pulu ancaq narkotikdən qazanmaq olar”.

X.Əhmədova Çingiz Baxşıyevin hazırda həbsdə olan MTN generalı Akif Çovdarova külli miqdarda pul verdiyini də deyib. O, bu haqda həyat yoldaşı Rövşən Əhmədovdan eşitdiyini deyib.

Rövşən Əhmədov da Akif Çovdarova pul verilməsi epizodu üzrə danışıb:

“Çingiz gecə vaxtı zəng elədi. Dedi ki, pul gətir. Mən də bir qara çamadana yığdım. Soruşdum ki, gecədir. necə gətirim. Çingiz dedi: “Elə bil ki, yanıram. Tez elə gətir”. Pul Çovdarova çatmalı idi. Mən də pulu Çingizin kürəkəni Mübarizə verdim. Çingiz həmişə Akif Çovdarovdan bezdiyini deyirdi. Həmin gün ona çamadanda 2 milyona yaxın pul apardım”.

Növbəti məhkəmə prosesi martın 15-nə təyin edilib.

R. Əhmədov uzun illər yanında işlədiyi qohumu Ç.Baxşıyevin 800 min manatdan artıq dəyəri olan qızıl-zinət əşyalarını oğurlamaqda təqsirli bilinir.

R.Əhmədov isə məhkəmə prosesləri zamanı ona qarşı irəli sürülən ittihamla razılaşmadığını deyib. O, Çingiz Baxşıyevin həbs edilənə qədər milyonlarla manatını, dollarını, avrosunu, qızıllarını saxlasa da, heç vaxt onlara əl vurmadığını söyləyib.

Ana səhifəXəbərlər”Çingiz Baxşıyev Akif Çovdarova pul verib”