Çingiz Abdullayev AFFA prezidenti olsa… – Təhlil

Qurumun bütün prezidentləri əvvəlcə “Neftçi”də işləyiblər

Source:


Qurumun bütün prezidentləri əvvəlcə “Neftçi”də işləyiblər

Azərbaycan futboluna külli miqdarda vəsait ayrılmasına baxmayaraq, bu sahədə inkişafa nail olmaq mümkün olmadı. Klub futbolunda müəyyən dirçəliş hiss olunsa da, milli komanda səviyyəsində uğur əldə edilmədi. Amma AFFA prezidenti Rövnəq Abdullayev bu posta seçilərkən ölkə prezidentinə yığma komandanın 2016-cı ildə keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcəyi ilə bağlı vəd vermişdi. Onun vədi elə vəd olaraq qaldı. Yığma komanda Avropa çempionatının seçmə mərhələsində həmişə olduğu kimi qrupda 5-ci yeri tutdu. Bu uğursuzluqdan sonra AFFA rəhbərliyində dəyişikik olacağı ilə bağlı məlumatlar yayıldı.

İdman mətbuatı iddia edir ki, ölkə başçısının gözündən düşən Rövnəq Abdullayev AFFA prezidenti postundan ayrılacaq. Onun yerinə isə tanınmış yazıçı, hazırda “Neftçi” klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin gətiriləcəyi deyilir.

Bu iddia nə qədər realdır? Situasiyanı dəyərləndirməklə bu suala müəyyən qədər cavab tapmaq mümkündür.

Necə deyərlər, iddia reallaşa bilər. Hər halda Çingiz Abdullayevin AFFA prezidenti postuna gətirilməsini futbol təsərrüfatında gedən intriqanın təzahürü kimi dəyərləndirmək olar.

Heç kimə sirr deyil ki, futbol təsərrüfatında iki olqarx – AFFA prezidenti Rövnəq Abdullayevlə qurumun vitse-prezidenti Elşad Nəsirov arasında mübarizə gedir. Hər iki şəxs bu sahəyə tam nəzarət etmək niyyətindədi. Artıq bu mübarizədə Elşad Nəsirov müəyyən üstünlük qazanıb. O, “Neftçi”ni Rövnəq Abdullayevin əlindən alıb. Belə ki, “Neftçi”nin prezidenti postunda Abdullayevin yaxın qohumu Sadıq Sadıqov əyləşmişdi. Ancaq klubda baş verən struktur dəyişikliyindən sonra Müşahidə Şurası yaradıldı və Cingiz Abdullayev bu şuraya sədr gətirildi. Çingiz Abdullayevin isə Elşad Nəsirovla yaxın dost olduğu hər kəsə bəllidi. Bunu tanınmış yazıçı mətbuata verdiyi açıqlamada özü də təsdiqləyib. Onlar orta məktəbdə də bir sinifdə oxuyublar.

Çingiz Abdullayevin “Neftçi”yə gətirilməsi AFFA prezidenti postuna trampilin rolunu da oynaya bilər. Çünki AFFA prezidenti postuna yol “Neftçi”dən keçir. Qurumun bütün prezidentləri əvvəlcə “Neftçi”də işləyiblər, sonra AFFA prezidenti postuna əyləşiblər. Rövnəq Abdullayev özü də əvvəlcə “Neftçi”də prezident olub. Rəhmətlik Ramiz Mirzəyev də AFFA-ya “Neftçi”dən gəlmişdi. Elə Fuad Musayev də bu komandaya bağlı şəxs idi. Rövnəq Abdullayev AFFA-dan uzaqlaşdırılacaqsa, onun yerini “Neftçi”də işləyən bir şəxsin tutacağı daha inandırıcıdı.

Bir müddət əvvəl mətbuatda yayılan daha bir iddiada bildirilirdi ki, Elşad Nəsirov AFFA prezidenti postuna qurumun baş katibi Elxan Məmmədovu gətirmək istəyir. Görünür, Nəsirov Məmmədov üçün yuxarıdan razılıq almağın mümkün olmayacağını anladığından, Çingiz Abdullayev varinatına “stavka” etməli olub.

Əslində indiki vaxtda Çingiz Abdullayevin bu posta layiq olması fikrini formalaşdırmaq da çox çətindi. Əvvəla, Abdullayevin bu postda uğur qazanacağına yuxarıları inandırmaq lazımdı. Bunun üçün əvvəlcə “Neftçi” Çingiz Abdullayevin rəhbərliyi altında uğur qazanmalıdı. Ancaq indiki halda bu, real görünmür. Komandada maliyyə böhranı yaşanır. Rövnəq Abdullayev SOCAR-dan komandaya ayrılan maliyyə vəsaitini tamamilə kəsib. Rəhbərlik əcnəbi baş məşqçi gətirilməsi ideyasından imtina etməli oldu. Ən acınacaqlısı odur ki, ölkənin ən köklü komandası təlim-məşq toplanışı keçirmək üçün Türkiyəyə getməyə pul tapa bilmədi. Sanki Rövnəq Abdullayev bütün mümkün vasitələrdən yararlanır ki, “Neftçi” uğursuzluqla üzləşsin. Elşad Nəsirovun komandası vəziyyəti düzəltmək üçün əlavə maliyyə mənbələri axtarır. Amma indiki vaxtda bu maliyyə mənbəyini tapmaq o qədər də asan deyil. “Neftçi” “Asan xidmət”lə sponsorluq müqaviləsi bağlayıb. Amma bu əməkdaşlıqdan əldə olunan gəlirlə yalnız gündəlik xərcləri ödəmək mümkündü. Əcnəbi məşqçi gətirmək, yeni transferlər etmək, təlim-məşq toplanışı keçirmək üçün xeyli vəsait tələb olunur.

Digər tərəfdən, aydındır ki, Çingiz Abdullayev AFFA prezidenti olsa belə, qurumu başqa şəxslər idarə edəcək. Hər halda “Neftçi”də işlədiyi müddətdə Çingiz Abdullayevin futbol sahəsində diletant olduğu aşkarlandı. O, futbolu həvəskar səviyyədə bilir. Əslində indi “Neftçi”də söz sahibi Çingiz Abdullayev yox, Elxan Məmmədovun kadrı – komandanın icraçı direktoru Elnur Məmmədovdu. İki oliqarxın mübarizəsindən Elşad Nəsirov qalib ayrılsa, Çingiz Abdullayev AFFA prezidenti ola bilər. Ancaq yazıçı o postda sadəcə fiqur kimi oturacaq. AFFA-nı və bütövlükdə futbol təsərrüfatını isə Elşad Nəsirovla Elxan Məmmədov idarə edəcəklər.

Ana səhifəXəbərlərÇingiz Abdullayev AFFA prezidenti olsa… – Təhlil