Cinayət yolu ilə əldə edilən əmlaka yeni cəza

Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanmasına görə də cəza artırılır

Source:


Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanmasına görə də cəza artırılır

Təbii qazın, suyun, elektrik və istilik enerjisinin xüsusilə külli miqdarda talamaya görə, cəza sərtləşdirilir. Bununla bağlı Cinayət Məcəlləsinin 189-1 (təbii qazın, suyun, elektrik və istilik enerjisinin talanması) maddəsinə yeni bənd əlavə edilir. Qanunvericilik təşəbbüsü Azərbaycan Prezidentinə aid olan layihəyə görə, bu əməl 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Hazırda bu maddədə minimum cəza cərimə, maksimum cəza  isə 4 ildən 6 ilədək həbsdir. Xeyli miqdarda ziyan vurmağa görə iki ilədək müddətə şərti həbs, külli miqdarda ziyana görə isə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Təbii qaz, su, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin səlahiyyətli nümayəndəsinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi səbəbindən bu  əməllərin qarşısının alınmamasına görə maksimum cəza iki ildən dörd ilədək müddətədir.

Təbii qaz, su, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin səlahiyyətli nümayəndəsinin xidməti mövqedən sui-istifadə etməklə tamah və ya sair şəxsi marağı üzündən bu əməllərin qarşısını almaması dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddədə qeyd edilir ki, bu əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.

Layihədə nəzərdə tutulan digər bir maddə cinayət yolu ilə əldə edilən pul və əmlaka sərəncam verənlərlə bağlıdır. Cinayət Məcəlləsinin 194-cü maddəsinə təklif edilən bəndə əsasən, qabaqcadan vəd etmədən, cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam vermə əməlinə 3 ilədək azadlığın məhdudlaşdırılması cəzası da tətbiq olunacaq.

Mövcud sanksiyaya görə isə bu əmələ görə yalnız 3 min manata qədər miqdarda cərimə tətbiq edilir. Yeni cəzada mövcud cərimə cəzası qüvvədə qalır.

Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Ana səhifəXəbərlərCinayət yolu ilə əldə edilən əmlaka yeni cəza