”Cinayət Məcəlləsinin xüsusi hissəsinin tamamilə dəyişməsi təklif edilib”

Ə.Mustafeyv təkliflərlə bağlı İşçi Qrupunun yarandığını bildirdi:

Source: google.az


Ənnağı Hacıbəyli: ''Məhkəmə-hüquq sistemində heç bir ciddi islahat aparılmır''

Azərbaycanda cinayət işləri üzrə 2018-ci ildə cəmi 89 bəraət hökmü verilib və bu da ümumi cinayət işlərinin 1 faizindən aşağı rəqəmdir.

“Report” saytı xəbər verir ki, bunu Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov mayın 31-də “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” mövzusunda konfransda səsləndirib.

Gündüz Kərimov bu mənzərənin dövlət ittihamının çox təkmil işləməsindən, vəkillərin müqavimətindən, məhkəmənin passivliyindən və məlum olmayan səbəblərdən irəli gəldiyini güman edir:

“Hesab edirik ki, bütöv ittihamla müdafiə tərəfinin balanslı nəticə əldə etməsi üçün vəkillik öz səylərini artırmalıdır. Məlum olduğu kimi, Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatlarla bağlı imzaladığı Fərmanda ədalət mühakiməsinin əlçatanlığı məsələsi xüsusilə vurğulanır”.

Gündüz Kərimov 2017-ci ilin sonunda ləğv olunan nümayəndəlik instuitutu haqda danışıb:

ae849f1d-92b2-45cb-890f-1095c02fc867.jpg
Gündüz Kərimov

“Azərbaycanda vəkillərin sayı elə də çox deyil. Son il yarım ərzində bu say 800-dən 1500 nəfərə qədər artıb. Lakin qanunvericilikdə olan məhdudiyyətlər, xüsusilə də nümayəndəlik institutu ilə bağlı məhdudiyyətlər bəzi kateqoriyalı şəxslərin, xüsusilə Bakıdan kənarda yaşayan şəxslərin məhkəməyə müraciət etmək imkanlarına maneələr yaradıb. Elə rayon var ki, orada 1 vəkil fəaliyyət göstərir. Ona görə də vəkilliyə qəbul qaydalarının və ixtisas suallarının yüngülləşdirilməsinə ehtiyac var”.

Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş sektorunun müdiri Vüsal İsayev isə ölkə başçısının 3 aprel tarixli sərəncamını xatırladaraq deyib ki, cəza siyasətinin humanistləşdirilməsi üzrə növbəti tapşırıqlar verilib və bu istiqamətdə layihələr hazırlanacaq:

“Bu ilk belə tapşırıq deyil. Bütövlükdə həyata keçirilən humanist siyasətin növbəti təzahürüdür. 2017-ilin fevralında Prezidentin humanistləşmə ilə bağlı sərəncamı olmuşdu. Bu bir növ islahatların dalğasına səbəb oldu. Cinayət qanunvericiliyində 300-dək dəyişiklik edildi. Azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri tətbiq olundu. Bütövlükdə kompleks şəkildə dəyərləndirilmə aparıldı və islahatlar həyata keçirildi. Belə ki, həmin islahatlar 14 minə yaxın şəxsə tətbiq olunmuşdu. 9 minə yaxın şəxs istintaq və məhkəmə dövründə məsuliyyətdən azad olunmuşdu. 1800 şəxs cəzadan azad olunmuşdu ki, onlardan 800 nəfəri azadlıqdan məhrumetmə cəzasından azad edilmişdi. Hesab edirəm ki, bu islahatlar daha böyük güclə davam etdirilməlidir”.

Onun sözlərinə görə, cəza siyasətinə yeni baxış nəticəsində Azərbaycanda azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin sayı ən aşağı səviyyədədir:

“Mülki məhkəmə icraatı ilə bağlı fərmanda bir sıra tapşırıq və tövsiyələr mövcuddur. Bura həm ixtisaslaşmış vəkilliyin yaradılması, həm bütövlükdə mülki-prosessual qanunvericiliyin yenidən işlənməsidir. Mülki-prosessual məcəllə 20 il bundan öncə qəbul olunub və onun təkmilləşməsinə ehtiyac var. Gündəlik fəaliyyətində Məcəllədən istifadə edənlərin orada müəyyən boşluqlara və təkmilləşmələrə ehtiyacın olduğu sahələrlə rastlaşırlar”.

Vüsal İsayev əlavə edib ki, vəkillər bununla bağlı təkliflər irəli sürsə, çox yaxşı olar.

Ənnağı Hacıbəyli
Ənnağı Hacıbəyli

Hüquqşünas Ənnağı Hacıbəyli konfransda səsləndirilən fikirlərdən ciddi nəticə gözləmədiyi qənaətindədir.

O, Meydan TV-yə deyib ki, Azərbaycanda məhkəmə-hüquq və ümumiyyətlə, heç bir sahədə ciddi islahat aparılmır. Bu gün keçirilən konfrans da kampaniya xarakteri daşıyır və səslənən fikirlər də beynəlxalq təşkilatların diqqətinə hesablanıb.

Ənnağı Hacıbəylinin sözlərinə görə, nümayəndəlik institutu ləğv ediləndə əvvəlcədən bəlli idi ki, hüquq-müdafiə işinə çox böyük ziyan vuracaq.

“Amma müxtəlif şəxslər və təşkilatların bu yöndə xəbərdarlıqlarına baxmayaraq nümayəndəlik institutunun ləğvi ilə bağlı qanunvericiliyə dəyişikliklər edildi. Məqsəd də hakimiyyət üçün ağrılı olan adamları nəzarətdə saxlamaq idi. Əslində, Vəkillər Kollegiyasının və Ədliyyə Nazirliyinin rəhbərliyi də dolayısı ilə etiraf etdi ki, nümayəndəlik institutu ilə məşğul olan şəxslərin fəaliyyətinə nəzarət etmək üçün qurum, yaxud rıçaq yoxdur. Məqsəd siyasi və mülkiyyət problemləri ilə bağlı işlərə çıxan nümayəndələri hüquq-müdafiə fəaliyyətindən kənarlaşdırmaq və məhkəmə sisteminə istənilən qərarları qəbul etdirmək idi. Bu isə ədalət mühakiməsinə və vəkillik fəaliyyətinə çox ciddi zərbə vurdu. Əslində, nümayəndəlik institutu inkişaf etdirilməliydi, ən azı onların yüngül cinayət işlərində müdafiə missiyasının yerinə yetirilməsinə icazə verilməliydi”.

Ənnağı Hacıbəyli Azərbaycan üçün 1500 vəkilin olmasını normal hesab etmir:

“Elə nümayəndəlik institutu ləğv ediləndə çoxlu sayda rayonlarda 1-2 vəkilin fəaliyyət göstərdiyi, ümumiyyətlə, bəzi rayonlarda vəkilin olmadığı bəlli idi. Bu, o deməkdir ki, 2-3 nəfər həbs olunmuş adamın mənafeyi bir-birinə ziddirsə, artıq həmin vəkil onlardan birini müdafiə edə bilər. Digərləri üçün başqa yerdən vəkil təyin olunmalıdır. Rayonda yaşayanlara vəkil tutmaq böyük xərc tələb etdiyindən vəkildən imtina edir, nəticədə müdafiəsiz qalırlar. Hələ vəkli olan işlərdə vəkillər istintaqa müdaxilə edib hüquq pozuntularının qarşısını ala bilmir. Təsəvvür edin ki, şəxs müdafiəsiz qalır və müstəntiq istədiyi ifadəni yazır. Bax, bunu bildikləri üçün nümayəndəlik institutunu ləğv etdilər, heç olmasa onlar zərərçəkənləri müdafiə edə bilirdilər”.

O, təəssüflənir ki, kollegiya bir tərəfdən prinsipial vəkilləri qurumdan çıxarır, digər tərəfdən də ildə bir neçə dəfə imtahanlar keçirir, xüsusilə şifahi müsahibə mərhələsində obyektiv qiymətləndirmə yox, siyasi yanaşmalar olur. Onun sözlərinə görə, nəticədə hətta testdən kifayət qədər balla keçmişlər vəkillikdən kənarda qalır.

“Bütün bunlar vəkillik təsisatının müstəqil olmaması, Ədliyyə Nazirliyinin əvvəlki kimi şəbəsi statusunda işləməsi, nəhayət, dövlətin vəkilliyin inkişafında maraqlı görünməməsinin nəticəsidir”.

Mülki-prosessual məcəllə barədə təkliflərə gəlincə, hüquqşünas hesab edir ki, məcəllənin təkmil olmaması ilə bağlı mübahisə etmək mənasızdır. Çünki ölkənin heç bir qanuni təkmil deyil. O deyib ki, mülki-prosesual məcəlləyə yüzlərlə dəyişikliklər edilib, amma yenə də başqa qanunlarda olduğu kimi bu sənəddə də müəyyən ziddiyyətlər və boşluqlar var:

“Ümumiyyətlə, ədalət mühakiməsinin mahiyyətcə prinsipial işlərdə mövcud olmamasının ən sonuncu səbəblərdən biri məcəllələrin və qanunların qeyri-təkmilliyidir. Əslində, ölkədə insan, mülkiyyət və siyasi hüquqların müdafiəsi ilə bağlı problemlər siyasi iradənin olmamasından irəli gəlir. Məhkəmə sistemi müstəqil deyil, bütün hakimiyyət icra hakimiyyətinin əlində cəmləşib, qanunvericiliyə son illər daha çox avtoritar dəyişikliklər edilib və nəhayət, beynəlxalq öhdəliklər icra edilmir”.

Ə.Hacıbəyli Cinayət Məcəlləsinə saysız dəyişikliklər edildiyini təsdiqləsə də, dəyişikliklərin keyfiyyət göstəriciləri barədə suala açıq qaldığını düşünür:

“Normal dövlətdə hakimiyyət cinayət hadisələrinin qarşısını alan önləyici tədbirlər görməyə çalışır. Bunun siyasi, iqtisadi, əxlaqi və çoxlu sayda aspektləri var. Cinayətlərin qarşının alınması üçün tədbir görməyən dövlət məcəlləyə nə qədər dəyişiklik etsə də, bu, heç vaxt cinayətlərin sayının azalmasına, yaxud cinayətkarların islahına səbəb olmayacaq. Əgər hökumət yenə də göstəriş əsasında cəzalar verməkdə davam edirsə, həbsxanalardan çıxanların ciddi reabilitasiyası üçün sosial proqramları yoxdursa, məhbəslərdə insan hüquqları pozulursa, istintaqda, məhkəmədə cinayət cəzasına məruz qalanların hüquqlarının etibarlı müdafiəsi həyata keçirilmirsə, məcəlləyə nə qədər dəyişiklik edilməsi real nəticəyə gətirməyəcək”.

Vəkil Əsabəli Mustafayev
Əsabəli Mustafayev

Tədbirdə iştirak edən vəkil Əsabəli Musatafayev bildirib ki, o, təkliflərini Vəkillər Kollegiyasına təqdim edəcək.

Ə.Mustafayev konfrasda cinayət qanunvericiliyi barədə təkliflərin səsləndirildiyini və əsaslandırıldığını söylədi:

“Məsələn, Cinayət Məcəlləsinin xüsusi hissəsinin tamamilə dəyişməsi təklif edildi. Konkret olaraq, Bakı Apelyasiya Məhkəməsinin sabiq sədri İkram Kərimov bu barədə danışdı. Bundan əlavə vəkillərin səlahiyyətinin, proseslərdə imkanlarının artırılması yönündə çoxlu təkliflər oldu. Bir hissəsi vəkillərin maddi təminatı haqdaydı, vəkillərdən tutulan vergilərin həddən artıq yüksək olmasından şikayət edildi. 36 faiz vergi xidmətin qiymətinin artmasına təsir edir. Gündüz Kərimov özü də etiraf etdi ki, nümayəndəlik institutu ləğv olunandan sonra əhali qiymət haqqının artdığından şikayət edir. Guya vəkillər vəziyyətdən istifadə edib qiyməti artırırlar. Amma vəkillər bildirdi ki, vergi yükü xidmət qiymətinə mənfi təsir göstərir”.

Ə.Mustafeyv təkliflərlə bağlı İşçi Qrupunun yarandığını bildirdi:

“Qərara gəlindi ki, təkliflər Vəkillər Kollegiyasına təqdim olunsun, ardınca da Prezident Administrasiyasına göndərilsin. Hətta İşçi Qrupuna da üzv olmağı təklif etdilər”.

Ana səhifəXəbərlər”Cinayət Məcəlləsinin xüsusi hissəsinin tamamilə dəyişməsi təklif edilib”