Həmin maddə ”Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə” adlanır
Prezident İlham Əliyev Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Prezident.az saytında dərc olunmuş sənədə əsasən, Cinayət Məcəlləsinə 308-1-ci maddə əlavə edilib.
Həmin maddə “Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə” adlanır.
Maddənin 308-1.1. bəndinə əsasən, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə, bu əməllər xeyli miqdarda törədildikdə – səkkiz min manatdan on min manatadək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
CM-nin 308-1.2. maddəsi ilə isə eyni əməllər külli miqdarda törədildikdə – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sənədə əsasən, bu Məcəllənin 308-1.1-ci maddəsində “xeyli miqdar” dedikdə əlli min manatdan iki yüz əlli min manatadək olan məbləğ, 308-1.2-ci maddəsində “külli miqdar” dedikdə isə iki yüz əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.