Zelenski danışığı “uzun və mənalı” adlandırıb
Çin Xalq Respublikasının Prezidenti Si Tsinpin Ukrayna Prezidenti Volodomir Zelenskiyə zəng edib.
Bu, Rusiya-Ukrayna müharibəsi başlayandan Çin liderinin Zelenskiyə ilk zəngidir.
Çinin dövlət xəbər agentliyi “Sinxua” yazır ki, Pekin Kiyevə danışıqlar aparmaq üçün xüsusi nümayəndə göndərə bilər.
Zelenski “Twitter” hesabında Çin liderinin zəngini təsdiqləyib.
O, bunu “uzun və mənalı telefon danışığı” adlandırıb.
“Prezident Si Tsinpin ilə uzun və mənalı telefon danışığım oldu. İnanıram ki, bu çağırış, eləcə də Ukraynanın Çinə səfirinin təyin edilməsi ikitərəfli münasibətlərimizin inkişafına güclü təkan verəcək”, – Zelenski Si Tsinpinlə müzakirəsini belə şərh edib.
Ukrayna Prezidentinin ofisi bildirib ki, telefon söhbətinin detalları barədə ətraflı məlumat yayılacaq.
Pekinin tərəflərlə danışıqlar aparmasına gəlincə, Qərb dövlətləri Çinin Ukrayna-Rusiya münaqişəsində vasitəçiliyinə şübhəli yanaşırlar.
Onlar hesab edirlər ki, Çin indiyə qədər Rusiyanın Ukraynaya işğalçı hücumunu hər hansı bir rəsmi səviyyədə pisləməyib, əksinə Rusiyaya diplomatik və maliyyə dəstəyi verib.
Pekinin bu məsələdə vasitəçi ola biləcəyini düşünənlər də var.
Çinin vasitəçiliyinə gəlincə, son günlər Pekin Səudiyyə Ərəbistanı və İranın münasibətlərinin yumşalmasındakı təşəbbüsü ilə də gündəmə gəlib. Hətta aprelin 6-da Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud və iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan Pekində görüşüblər.
Tehranla Ər-Riyad arasında diplomatik əlaqələr 7 il idi ki, dayandırılmışdı.
2016-cı ildə şiə ilahiyyatçısı Nimr əl-Nimrin edam edilməsi İranda Səudiyyə Ərəbistanının diplomatik nümayəndəliklərinə hücumla yadda qalmış, bununla da iki dövlətin əlaqələri tamamilə kəsilmişdi.
Rusiya-Ukrayna münaqişəsinə gəlincə, bu, 2022-ci ilin fevralında Donbasdakı qondarma “DXR” (Donetsk Xalq Respublikası) və “LXR”-in (Luqansk Xalq Respublikası) müstəqilliyinin Rusiya Prezidenti Vladimir Putin tərəfindən tanınmasından sonra başlayıb.
Dünyanın əksər ölkələri Rusiyanın hücumunu pisləyib.
Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.
Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.
2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.
2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.
Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.
Ukrayna və Qərb ölkələri referendumun nəticələrini tanımayıb, saxta adlandırıblar.