Çin admiralı Zheng və təhsilimiz

Uğur hekayələri bizləri çaşdırmamalıdır.

Source:

Son zamanlar təhilimizdə baş verən dəhşətli geriləmələr, şagirdlərin günü-gündən savadsızlaşması, savadlı müəllimlərin sayının azalması, rüşvət və korrupsiyanın tuğyan etməsi, təhsil sistemin tamamilə iflic duruma düşməsi, ölkədə baş verən proseslərə laqeyd olmayan vətəndaşlarımızı  ciddi narahat etməkdədir. Ölkənin əsas strateji sahəsi olmalı təhsilə, hökümətin bu şəkildə, bilərəkdən (bu ehtimalın daha doğru olduğunu düşünürəm) və ya bilməyərəkdən laqeyd yanaşması, ölkəmizin uğurlu gələcəyinə ağır zərbə vurur.

Təhsilsiziyin, savadsızlığın özü ilə birgə gətirəcəyi daha ciddi və qorxulu fəsadları, hadisələr dyəsən çox uzaqda deyil artıq. Təhsildə geriləmə sakit və hiss olunmadan getdiyi üçün insanlar bunu gündəlik həyatlarında hiss etmirlər. Daha dəqiq bu geriləmənin şərtlərinə öyrəşdikcə, əvvəlki durumları unudurlar. Təhsilin bərbad olmasının yan təsirlərindən biri atıq tibb sahəsində özünü göstərməkdədir. Artıq Azərbaycanda hamı, hətta həkimlərin özləri belə, müalicə üçün başqa ölkələrə üz tuturlar.

Bir neçə gündür insanlar sosial şəbəkələrdə və mediada Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əvvəlki illərin məzunu olan abituriyentlərlə bağlı açıqladığı imtahan nəticələri müzakirə edib. Səbəb isə bütün qruplar üzrə imtananlara qatılan 28 mindən çox abuturiyentin 85%-dən çoxu 0-200 aralığında bal toplaması olub.

Bununla bağlı Azadlıq Radiosu insanlar arasında internet üzərindən soruğu keçirdi. Bu günki nəticələrə görə,  sorğuya qatılanların 65,7% təhsildə geriləmənin əsas səbəbi kimi “


Təhsil sisteminin pis idarə edilməsi, rüşvətxorluq


” faktını göstəriblər.

Təhsil inistitunun sistemli şəkildə tamamilə sıradan çıxarılmasının hansı fəsadlar törədəcəyini təhsillə bağlı yazı üçün bir az qəribə səslənəcək tarixi müqayisələr ilə başlamaq istəyirəm.

Farid Zakaria (Fareed Zakaria) “Amerikadan Sonrakı Dünya” əsərində yazır:

“Xristofor Kolumb 1492-ci ildə, o zamanki texnoloji şərtlər daxilində çox cəsarətli bir addım ataraq, Hindistanı tapmaq üçün Atlantik Okeanında səfərə çıxdığını uşaqlı-böyüklü hamımız bilirik. Amma bizim çoxumuzun bilmədiyi başqa bir məlumat odur ki, uzaq Çində, çinli admiral Zenq Hi (Zheng He) Kolumbdan 87 il əvvəl bu tipli səfərləri artıq gerçəkləşdirmişdi. Zenqin üzdüyü gəmi öz ölçülərinə, texniki təchizatına görə Xrsitofor Kolumbun, Vasqodo Qamanın və digər istənilən Avropa dövlətinin gəmilərindən daha yaxşı durumda idi. Məsələn, o ilk səfərində 28 min heyəti daşıya bilən 317 gəmi ilə səfərə çıxır. Kolumbu isə cəmi 4 gəmi və 150 dənizçi ilə səfərə çıxmışdı.

Zenqin ekspedisyasında iştirak edən ən böyük gəminin həcmi Kolumbun idarə etdiyi gəmidən 4 dəfə böyük olub. Zenqin başçılıq etdiyi gəmilərin hamısı həmin dövrün ən böyük və inkişaf etmiş portu olan Nanjingdə istehsal edilirdi. Cəmi üç il ərzində (1405-1408) bu portda 1,681 gəmi həm istehsal edilib və ya təmir olunmuşdu. Bu anlamda heç bir ölkə, Avropa qitəsinin özü belə, Çinlə müqayisə edilə bilməzdi. 1405-1433-cü illər aralığında Zenq Hind Okeanı və Cənubi Şərqi Asiya sahilərinə səfərlər etmiş, hərbi hücumlar gerçəkləşdirmiş, qənimətlər əldə etmişdi.

Amma Zenqin bu səfərləri qəfil bir qərar ilə dayanır. 1430-cu ildə hakimiyyətə gələn yeni imperator gəmi ilə səfərlərə çıxmağı qadağa edir. İnsanlar bu əmrdən yayınıb, səfərləri gerçkələşdirdiyi üçün 1500-cü ildə məhkəmə qərar verir ki, gəmi düzəldən hər bir kəs edam olunacaq. 1525-ci ildə dənizkənarı nəzarətçilərə əmr gəlir ki, gəmi gördükdə onu məhv etsinlər və onların sahiblərini zindanlara atsınlar. 1551-ci ildə gəmi ilə istənilən səfər cinayət sayılır. Bütün bu görülən tədbirlər arzuolunan nəticəyə gətirib çıxardır. Çinin gəmiqayırma sənayesi tamamilə çökür. Zenqin axırıncı səfərindən  sonra Qərbə məxsus minlərlə gəmi Hindistan və Çinin sahillərinə yan aldı, amma Çinin özü, hazırladığı gəmi ilə yalnız 1851-ci ildə Londona səfər edə bildi”.

İmperatorun bu qərarı, həmin dövr tarixi konketsində müxtəlif səbəblərlə bağlı əsaslandırılsa da, onun nəticələri gələcək Çin üçün çox ağır oldu.

Bu misal onu göstərir ki, sistemli şəkildə məhv edilən bir ənənə, institutun bərpası çox çətin və ağrılı bir proses olur. Hazırki təhsilimizin düşürüldüyü bərbad durumdan çıxması üçün çox uzun illər lazım olacaq. Hər il keçdikcə məktəblər və universitetlər müasir dövrün tələblərinə qətiyyən cavab verməyən onminlələrə məzun buraxırlar. Amerikansayağı fərdi uğura imza atmış insanların uğur hekayələri bizləri çaşdırmamalıdır. Cəmiyyətin özü kütləvi formada savadsızlığa yuvarlanırsa, onun gətirəcəyi fəlakətin qarşısını heç bir fərd ala bilməyəcək. Həyəcan təbili çoxdan çalınıb, amma biz bu təbilə də öyrəşmişik.

Nə edilməlidir sualını verməyin. Birinci, problemin özü dərininə dərk edilməlidir ki, daha sonra ona uyğun əlaclar fikirləşə bilək. Əgər problemi tam anlamı ilə qavrasaydıq, çoxdan hərəkətə keçmişdik. Demək ki, problemin nə(lər) olduğunu hələ tam anlamırıq.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəÇin admiralı Zheng və təhsilimiz