Onda xəstəliyin yüngül əlamətləri aşkarlanıb
ABŞ-ın birinci xanımı Cill Bayden COVID-19-a yoluxub, onda xəstəliyin yüngül əlamətləri müşahidə olunur.
“Reuters” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“Bu axşam birinci xanımın COVID-19 testi müsbət çıxıb. Hazırda onda yalnız yüngül əlamətlər var. O, Delaver ştatının Rexobot-Biç şəhərindəki evində qalacaq” , – xəbərdə deyilir.
Həmçinin bildirilir ki, Prezident Co Baydendə xəstəlik aşkarlanmayıb.
Buna baxmayaraq o, bir həftə ərzində koronavirus testi və həkim müayinəsindən keçəcək.
Cill Bayden iki dəfə peyvənd olunmasına baxmayaraq, 2022-ci ilin avqustunda COVID-19-a yoluxmuşdu.
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.
2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.
Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 7 milyona yaxın şəxsin vəfat etdiyi açıqlanıb.
2023-cü il mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada COVID-19 pandemiyasının sona çatdığını elan edib.