“Biz heç vaxt təslim olmayacağıq”
Fransız satirik jurnalı “Charlie Hebdo” Məhəmməd peyğəmbərin müsəlman dünyasında qəzəb dalğasına səbəb olan karikaturalarını yenidən nəşr etdirir, – “Reuters” xəbər verir.
Əksəriyyəti əvvəl 2005-ci ildə Danimarka qəzetində və bir il sonra “Charlie Hebdo”da nəşr olunan karikaturalar arasında peyğəmbərin bomba şəkilli türban geyinmiş rəsmi də var.
“Biz heç vaxt təslim olmayacağıq”,- redaktor Lorent Ris Suriso (Laurent “ Riss” Sourisseau) çərşənbə günü yayımlanacaq ön qapağı müşayiət edən yazıda qeyd edib.
Səid və Cherif Kouaçinin “Charlie Hebdo"nun Parisdəki ofislərinə silahlı basqın etməsi nəticəsində jurnalın ən məşhur karikaturaçılarından bəziləri də daxil olmaqla 12 nəfər öldürülmüşdü.
Kouaçi qardaşları və “Charlie Hebdo” qırğınından sonra 48 saat ərzində beş nəfəri öldürən üçüncü bir islamçı silahlı polis tərəfindən öldürülmüşdü, lakin onlarla ortaq olduğu iddia edilən 14 nəfər bu çərşəmbə məhkəməyə çıxacaq.
Karikaturaların yenidən nəşr edilməsi qərarı bəziləri tərəfindən azad sözün müdafiəsi üçün dirəniş mesajı kimi qiymətləndiriləcək. Ancaq başqaları bu addımı dinə satirik hücumları ilə uzun müddət mübahisələrə yol açan bir jurnalın yeni təxribatı kimi də qəbul edə bilər, – “Reuters” bildirib.
Karikaturalar 2006-cı ildə yayınlandıqdan sonra cihadçılar həftəlik jurnalın bunun əvəzini ödəyəcəklərini bildirmişdilər. Müsəlmanlar üçün Məhəmməd peyğəmbərin hər cür təsviri küfrdür.
“Karikatura çəkmək azadlığı və onları bəyənməmək azadlığı var və heç bir şey şiddətə əsas vermir”,- Müsəlman Dini Fransız Şurası “Twitter” hesabında qeyd edib.
Müsəlmanlar türbanlı karikaturanın bütün müsəlmanları terrorçu kimi qələmə verdiyini bildirmişdilər, necə ki, “Charlie Hebdo” karikaturasında peyğəmbərin islamçı militanlara “Səfehlər tərəfindən sevilmək çətindir” – deməsi yer almışdı.
2007-ci ildə Fransa məhkəməsi İslami qrupların karikaturaların müsəlmanlara qarşı nifrət oyatması ittihamlarını rədd edib.